Məhkəmə qərarları › İş №2(039)-301/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-301/2020

07.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-301/2020 07.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı, 3cü şəxs Yevlax Rayon Polis Şöbəsini qeyd etməklə cavabdehlərin evdən istifadə hüquqlarının olmamasının müəyyən edilməsinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən ümumi 93.13 kv.m-dən ibarət evi 2011-ci ildə almışdır. Daşınamaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı, ******* №-li, xx.xx.2011-ci il tarixli çıxarışına əsasən həmin yaşayış evi onun xüsusi mülkiyyətindədir. Cavabdehlər onun mülkiyyətində olan evdə pasport qeydiyyatındadırlar. Cavabdehlərin pasport qeydiyyatında olmalarına baxmayaraq onlar həmin mənzildə 2011-ci ildən yaşamayıblar. Bu hal mülkiyyətçi kimi onun mənafeyinə toxunur. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çatdırılması üçün Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi göndərilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı məktubunda cavabdehlərin qeyd olunan ünvanda yaşamadıqları və hansı ünvanda yaşamaları barədə məlumatlarının olmaması bildirilmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə nümayəndənin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, 195-28592-H-3219 saylı məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* №li, xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı Yevlax şəhəri İ.Dəmirov küçəsində yerləşən 30 saylı evəmülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. İş materiallarında olan X3 ilə (satıcı) İddiaçı (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Yevlax şəhəri İ.Dəmirov küçəsində yerləşən 30 saylı evi alıcıya satmışdır və müqavilənin 8.bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyətinin Yevlax şəhər 1 saylı inzaibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məhtubdan görünür ki, cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5n ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmasına baxmayaraq, uzun müddətdir ki, həmin ünvanda yaşamir və hal-hazırda onların harda yaşamaları barədə heç bir məlumat yoxdur. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 195-2584-1220 saylı məktubundan görünür ki, X4 xx.xx.2010-cu il, Cavabdeh2 15.05. 2004-cü il, Cavabdeh3 xx.xx.2004-cü il, Cavabdeh4 xx.xx.2006-ci il və Cavabdeh5 xx.xx.2015-ci ildən ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Qeyd olunan şəxslərin ünvan 1 ünvanında qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi verilməsinə əsas olunmuş sənədlərin arxiv-saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsdedəndən bu hərəkətlərə son qoymağı tələb edəbilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edəbilər; Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmişşəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Yevlax şəhəri İ.Dəmirov küçəsi 30 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə X3 arasında xx.xx.2011-ci il tarixdə göstərilən yaşayış evinin alqı-satqı müqaviləsi bağlanmışdır, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəsinə götürmüşdür. Cavabdehlərdən Q.Qəfərova, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd olunan yaşayış evinə xx.xx.2011-ci il tarixədək, yəni yaşayış evi iddiaçının mülkiyyətinə keçənədək, Cavabdeh4 isə 2015-ci ildən qeydiyyata düşmüşdür. Yaşayış evinə mülkiyyət hüququ iddiaçıya keçmiş və cavabdehlər həmin mənzilə daimi qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi ilə onların arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamışdır. Cavabdehlər hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Lakin cavabdehlər göstərilən qanunun tələblərini pozaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan yaşayış evində formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinin tərkib hissəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ əmələ gətirmir. Mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalıdır. Lakin hazırki mülki iş üzrə iddiaçı ilə cavabdehlər arasında belə razılaşma bağlanmamışdır, ona görə də cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququ əmələ gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evindən cavabdehlərin istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış evində formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də cavabdehlərin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məqsədi baxımından iddiaçının tələbi əsasında cavabdehin səlahiyyətli dövlət orqanları tərəfindən iddiaçının yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Yevlax şəhəri İ.Dəmirov küçəsində yerləşən 30 saylı yaşayış evində cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüququnun olmaması müəyyən edilməlidir. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Yevlax şəhəri İ.Dəmirov küçəsində yerləşən 30 saylı yaşayış evində cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı mülkiyyətində olan Yevlax şəhəri İ.Dəmirov küçəsində yerləşən 30 saylı yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar