Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-301/2021 23.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 26000 ABŞ dollarının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdeh onun qardaşıdır. O, özünə məxsus evi sataraq, qardaşına məxsus evi və torpaq sahəsini 2004-cü ildə qardaşına 26000 ABŞ dolları verməklə almışdır. Qardaşı 2004-cü ildə onun yanına gələrək, evini satdığını, Mingəçevir şəhərinə köçəciyini ona bildirərək həmişəlik kənddən köçmə ərəfəsində olduğunu, Mingəçevirdə ev danışdığını, bu səbəbdən də torpağını və evini almasını ona bildirəndən sonra o, evdə uşaqları ilə məsləhətləşmiş, sonra öz evini, malqarasını sataraq və borc götürərək 26.000 ABŞ dollarını düzəldərək, həyat yoldaşının, oğlu Aqilin və bacısı Mehbarənin yanında öz evindən qardaşı Rəsula vermişdir. Pulu alandan 1 həftə ərzində qardaşı Rəsul Mingəçevir şəhərində özünə fərdi yaşayış evi almışdır. Sonrada cavabdeh X6 onun torpaq sahəsindən çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, qardaşına evini və torpağını qaytarır. Ancaq cavabdehə ödəmiş olduğu 26000 ABŞ dollarının ona qaytarmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdehlə iddiaçının arasında cavabdehə məxsus evin alqı-satqısı barəda razılıq olsa da, torpaq sahəsinin alqı-satqısı barədə razılıq olmamış və iddiaçı tərəfindən cavabdehə 26000 ABŞ dolları verilməmişdir. Cavabdehə məxsus evdə hazırda iddiaçı yaşayır və cavabdeh buna etiraz etmir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X4 iddiaçının və cavabdehin qardaşı olduğunu, 2004-cü ildə qardaşı Rəsulun evini və torpaq sahəsini bacısı Gülnaza satdığını bildirsə də, bacısının qardaşı Rəsula hansı məbləğdə pul verdiyini bilmədiyini bildirmişdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid X1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən, yəni cavabdehə 26000 ABŞ dollarını verməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şahid ifadələrinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin mənasına görə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə bildirir ki, şahidlərin ifadələri detallı deyil, onların ifadələri iddianın əsaslılığını sübut etmək üçün faydalı sübut deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddiası təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-301/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-301/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver