Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-307/2021 06.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3580 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh çoxdandır ki, tanıyır. Həmişə yaxşı münasibətləri olmuşdur. Məlahət öz evində və həyətində müəyyən tikinti işləri aparan zaman ondan müəyyən mağazalardan tikinti materialları alıb ona verməsini xahiş etmiş və malların pulunu sonra ödəyəcəyini bildirmişdir. O, da bu məqsədlə Mingəçevir şəhərində yerləşən “MRT” İnşaat mağazasından 1080 manat məbləğində, Yevlax şəhərində yerləşən “Ruzi” İnşaat mağazasından 1230 manat məbləğində, Goran qəsəbəsində yerləşən “Goran” mağazasından 270 manat məbləğində tikinti materialları götürərək Cavabdeh vermişdir. Bundan başqa o, Məlahətə həmin vaxtı 1000 manat pulu da nəğd şəkildə vermiş, bundan sonra cavabdeh həmin mağazalara olan borcu ödəməkdən imtina etmişdir. Həmin pulları o ödəmişdi. Həmçinin cavabdehə nəğd verdiyi 1000 manatı da ona qaytarmamışdır. Cavabdeh ona ümumilikdə 3580 manat borcu vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, tikinti materiallarını 2019-cu ilin avqust-sentyabr aylarında müxtəlif mağazalardan cavabdehə mal tövləsi tikilməsi məqsədilə tikinti materialları almışdır. O, usta olduğu və həmin mağazalardan tez-tez alış- veriş etdiyi üçün ona nisyə olaraq mallar verilmişdir. O, həmin malları cavabdehə vermiş, cavabdeh isə öz növbəsində malların pullarını ona qaytarmamışdır. Həmin malların pulunu məcbur olaraq o ödəmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunanların heç bir əsası yoxdur və iddia tələbi tamamilə əsassızdır. O, iddiaçının vasitəçiliyi ilə heç bir tikinti malları almamış, həyətində heç bir tikinti işləri aparmamış və cavabdeh ona 1000 manat pul verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllənə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia ərizəsində tələb olunan 1000 manat pul vəsaitini cavabdehə verməsini, cavabdehin xahişi ilə tikinti materialları almağını və onların dəyərini sübut etmək ilk növbədə iddiaçının üzərinə düşür. İddiaçı 2580 manat dəyərində tikinti mallarını müxtəlif mağazalardan alıb iddiaçıya verdiyini bildirsə də, konkret olaraq hansı növdə və hansı dəyərdə olan tikinti materiallarını alması, həmin materialları hansı tarixlərdə alması və ya malların alınması ilə bağlı sənədləri(ödəniş qəbzlərini) və 1000 manat pulun cavabdehə verməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ustadır və iddiaçı ilə birlikdə bir neçə evlərdə usta kimi işləmişdir. 2-3 il bundan əvvəl iddiaçı ilə birlikdə işlədiyi dövrlərdə Cavabdeh Ehtibarın yanına gəldiyini görmüşdür. Ehtibarın tikinti malları mağazasında tanışları olduğu üçün Ehtibar həmin mağazalardan müxtəlif tikinti mallarını- taxta, şifer götürərək Məlahətə verdiyini demişdir. Bundan əlavə Ehtibar ona Məlahətə 1000 manat borc pul verdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ustadır və iddiaçı ilə birlikdə 2016-2017-ci illərdə usta kimi işlədiyi dövrlərdə Ehtibar zəng edərək “Ruzi” İnşaatdan Məlahətə tikinti materialları götürmüşdür. Ehtibarın Məlahətə 1000 manat pul verməsi barədə məlumatsızdır. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun qaynatasıdır. Qaynatası kimlərin ona borclu olduğu, özünün kimə borclu olduğu barədə məlumatları hər zaman onunla bölüşmüşdür ki, başına qəfil nə isə gəlsə alacaqları və verəcəkləri barədə məlumatı olsun. Bu səbəbdən Ehtibar ona Məlahətdən 3580 manat alacağının olduğunu bildirmişdir. Şahid ifadələrinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin mənasına görə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə bildirir ki, şahidlərin ifadələri detallı deyil, onların ifadələri iddianın əsaslılığını sübut etmək üçün faydalı sübut deyil. Şahidlərin ifadələrinin inandırıcılığına təsir edən amil isə iddiaçının cavabdeh üçün tikiniti materiallarını alması və 1000 manat pul verməsi barədə bildiklərini iddiaçıdan eşitmələridir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-307/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-307/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver