Məhkəmə qərarları › İş №2(039)-324/2021

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-324/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-324/2021 09.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2017-2018-ci illlərdə ona məxsus yeməkxanada mütamadi olaraq yemək yeyərək ödəmədiyi 4232 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2017-2018-ci illərdə Gəncə şəhərində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində rəis müavini işləyirdi. Həmin illərdə şəhərdə görülən işlərlə bağlı cavabdeh və dostları Gəncə şəhər Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən ona məxsus "Mozu” adlı yeməkxanada mütamadi olaraq yemək yemişlər. Cavabdeh yediyi yemeklərin pulunu ödəməmiş və ona borcunu ödəməsini deyəndə o, alacağı olduğunu, olmasa belə evini satıb borcunu ödəyəcəyini bildirmişdir. Bu səbəbdən də, bir müddət o, cavabdehi gözləmiş, lakin gözləməyi nəticə vermədiyi üçün polisə müraciət etmişdir. Polisdən isə ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesləri barədə cavabdehin məlumatı olmasına baxmayaraq, cavabdehin məhkəmə proseslərindən qərəzli olaraq yayındığını, bu halın isə məhkəmə prosesinin süni şəkildə uzadılmasına səbəb olmasını əsas gətirərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçının sahibi olduğu kafedə 2017-2018-ci illərdə inzibatçı vəzifəsində işləmişdir. Cavabdeh bu illər ərzində demək olar ki, hər gün nahar və şam yeməklərini iddiaçıya məxsus kafedə etmiş, eyni zamanda müxtəlif qanaqlarını orada qəbul edərək hesabı o, ödəyəcəyini bildirmişdir. Elgün daimi müştəriləri olduğu üçün yemek hesablarını sonra verəcəyi barədə iddiaçı razılaşmış və bu barədə kafeyə məxsus hesab kitabına qeydlər aparmışdır. Həmin qeydlərlə aparılmış hesablamaya görə cavabdehin 4232 manat borcu yaranmışdır. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin araşdırılan hallarından görünür ki, cavabdeh iddiaçıya məxsus kafedə nahar və şam yeməkləri yemiş və bunun müqabilində iddiaçıya ödəməli olacağı haqqı ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4232 (dörd min iki yüz otuz iki) manat məbləğində pul iddiaçı X1 xeyrinə tutulsun. Cavabdeh qiyabi-qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar