Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-33/2022 03.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 9,909 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.04.2018-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X6” haqqında müqavilə imzalamışdır. 12.11.2018-ci il tarixdə 505-K əmri ilə administrator vəzifəsinə keçirilmişdir. 18.12.2019-cu il tarixində öz ərizəi əsasında 564-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, OBA mağazasında çalışdığı zaman aparılmış 22.07.2019-cu il, 03.10.2019-u il və 15.10.2019-cu il tarixdə inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 13,116 manat zərər vurması müəyyən olmuşdur. Ümumi qalıq borcdan 2,614 manat cavabdehə güzəşt edilmiş, 593 manat şirkətdən alacağı vəsait hesabına qarşılanmış, qalıq borc 9,909 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nicat Xəlilov məhkəmə iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh dəfələrlə vurmuş olduğu maddi ziyanın qalan hissəsini ödəmək təklif olunmuşdur. Ona şərait yaradılması məqsədi ilə də bu müddət ərzində məhkəməyə iddia ərizəsi ilə müraciət olunmamışdır. Lakin, Cavabdeh bu müddət ərzində də ziyanı ödəməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən iddiaçı ilə əmək müqaviləsi bağlamaqla ilk olaraq satıcı-kassir, daha sonra isə administrator vəzifəsində işləmişdir. İddiaçı Cəmiyyət tərəfindən vəzifə təlimatı ilə tanış edilib və maddi məsul şəxs olması barədə şərtləri qəbul edib. 18 dekabr 2019-cu il tarixdə öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib. Həmin ərəfədə ona bildirilib ki, ona təhvil verilmiş mallarda çatışmamazlıqlar var. Bu barədə yoxlama aparılıb və akt tərtib edilib. Yoxlamanın nəticəsi ilə razı olmadığından tərtib edilmiş aktları imzalamaqdan imtina etmişdir. Sonradan ondan ziyanın ödənilməsi tələb edilsə də bununla razılaşmadığı üçün ziyanı ödəməkdən imtina etmişdir. Həmin vaxtdan uzun müddət keçmişdir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. "xxxx" MMC üzrə 25 aprel 2018-ci il tarixli 158-K saylı əmrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh 25 aprel 2018-ci il tarixdə "xxxx" MMC-nin X4-OBA Marketlər Şəbəkəsinə 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir kimi işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış 25 aprel 2018-ci il tarixli əmək müqaviləsinin surəti ilə müəyyən edilir ki, Cavabdeh işə qəbul edilərkən əmlaka, səhhətə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən edilmiş qaydada maddi və mənəvi məsuliyyət daşıması barədə məsuliyyət daşıması barədə öhdəliyi qəbul etmişdir. "xxxx" MMC üzrə 12 noyabr 2018-ci il tarixli 505-K saylı əmrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh 12 noyabr 2018-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. "xxxx" MMC üzrə 18 dekabr 2019-cu il tarixli 564-K saylı əmrindən çıxarışda qeyd olunur ki, Cavabdeh Cəmiyyətin X2 OBA X1 əmək müqaviləsinə 21.06.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilsin. Son haqq-hesab: İstifadə edilməmiş 30.22 (otuz tam yüzdə iyirmi iki) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin 03 may 2018-ci il tarixdən 22 iyul 2019-cu il tarixədək dövrü əhatə edən aktdan müəyyən olunur ki, Cavabdeh inventarizasiya nəticəsində 11,287.44 manat borcunun yaranması müəyyən edilmişdir. Cavabdeh ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin yaranmasının səbəbləri barədə izahat verməkdən imtina etmişdir. 22 iyul 2019-cu il tarixdən 03 oktyabr 2019-cu il tarixədək dövrü əhatə edən aktdan müəyyən olunur ki, Cavabdeh inventarizasiya nəticəsində 1,525.85 manat borcunun yaranması müəyyən edilmişdir. Cavabdeh ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin yaranmasının səbəbləri barədə izahat verməkdən imtina etmişdir. 03 oktyabr 2019-cu il tarixdən 15 oktyabr 2019-cu il tarixədək dövrü əhatə edən aktdan müəyyən olunur ki, inventarizasiya nəticəsində 302.55 manat borcun yaranması müəyyən edilmişdir. Cavabdeh ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin yaranmasının səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2022-ci il tarixli 9/9134 nömrəli rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışı məlumatların, 22.07.2019-cu il tarixli, 03.10.2019-cu il tarixli və 15.10.2019-cu il tarixli “Oba-Yevlax 1” filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh çatışmamazlığının 9,908.27 manat məbləğində müəyyən olunur. Əmək Məcəlləsi: Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 296. hissə 5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 25 aprel 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsi əsasında sonuncu, maddi məsul şəxs olaraq satıcı-kassir, 12 noyabr 2018-ci il tarixdən isə administrator vəzifəsində işləmişdir. Cavabdeh 18 dekabr 2019-cu il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən Cavabdeh təhvil verilmiş malların inventarizasiyası keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh fəaliyyəti nəticəsində iddiaçıya ümumilikdə 13,116 manat ziyan vurulmuşdur. Ekspert rəyinə görə bu məbləğ 9,908.27 manat təşkil edir. Cavabdeh bu barədə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı tərəfindən vurulmuş ziyan 15 oktyabr 2019-cu il tarixdə aşkar edilmiş, Cavabdeh 18 dekabr 2019-cu il tarixdə öz xahişi əsasında vəzifəsindən azad edilmişdir. Hazırkı iddia ərizəsi məhkəməyə 29 iyul 2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə, mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, əmək qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə iddiaçı, ona cavabdeh tərəfindən maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddəti ötürmüşdür. Bunun üzrlü səbəblərdən baş verməsini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xxxx" MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 9,909 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutulması tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat iddiaçı "xxxx" MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-33/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-33/2022
03.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver