Məhkəmə qərarları › İş №2(039)-333/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-333/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-333/2021 09.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 115.LN.1609.0511115.R.00002 saylı kredit müqaviləsi üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 351 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 149 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 9 ABŞ dolları, cəmi 509 ABŞ dolları pulun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30,40 manat məbləğində pulun cavabdehlərdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, 115.LN.1609.0511115.R.00002 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 27% faizlə, 36 ay müddətinə 3000 ABŞ dolları cavabdehə şəxsi məişət ehtiyaclarının ödənilməsi məqsədi üçün kredit verilmişdir. xx.xx.2016-ci il tarixli 1 saylı əlavə razılığa əsasən kreditorla borcalan arasında bağlanmış 115.LN.1609.0511115.R.00002 №-li xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlər 2 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş xx xxxxxx 2016-cı il, sonuncu ödəniş isə xx xxxxx 2020-ci il tarixdən gec olmayaraq həyata keçirilir, eyni zamanda kreditor borcalan 2928,66 manat ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 0.03 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə edilərək kreditin ümumi məbləği 2928,69 ABŞ dolları təşkil edir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 Nurəddin qızı Bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Hazırda cavabdehlərin xx.xx.2020-ci il tarixə Banka ödənilməmiş 351 ABŞ dolları əsas borc, 149 ABŞ dolları hesablanmış faiz borcu, 9 ABŞ dolları müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcu olmaqla cəmi 509 ABŞ dolları borcu mövcuddur. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Elmar Əliyev məhkəməyə teleqram göndərərək iştirakları olmadan işə baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmədiklərindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 115.LN.1609.0511115.R.00002 №li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Yevlax filialı tərəfindən Cavabdeh1 illik 27 faiz ödəmək şərti ilə 36 ay müddətinə 3000 ABŞ dolları kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 115.CL.051115.R.00002 №li kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 115.LN.1609.0511115.R.00002 №li kredit müqaviləsinə 1№li əlavə razılıqdan görünür ki, qeyd olunan kredit müqaviləsi restrukzasiya edilmiş, kreditin məbləği 2928,69 ABŞ dolları müəyyən edilmiş və kreditin müddəti xx xxxxx 2020-ci ilədək uzadılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 351 ABŞ dolları əsas borc, 149 ABŞ dolları faiz borcu, 9 ABŞ dolları müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcu olmaqla cəmi 509 ABŞ dolları borcu var. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka olan 351 ABŞ dolları əsas borcu, 149 ABŞ dolları hesablanmış faiz borcu, 9 ABŞ dolları müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcu olmaqla, cəmi 509 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi, Bank ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borcun verilməsi barədə öhdəlik icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehlərin üzərinə düşür. Cavabdeh tərəf isə Banka olan borcunun ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdeh Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməli, Banka olan borcu tam həcmdə ödəməlidir. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borcunu ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Bank yuxarıda qeyd edilən məbləğlərin Cavabdeh1 öz xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Tələb həmin hissədə əsaslıdır və təmin edilməlidir. Digər cavabdeh-zamin Cavabdeh2 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2018-ci il tarixli Qərarında göstərmişdir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Məhkəmə qeyd edir ki, xx xxxxxx 2016-cı il tarixdə xx.xx.2015-ci il tarixli, 115.LN.1609.0511115.R.00002 №li kredit müqaviləsi restrukzasiya olunaraq kreditin müddəti uzadılması zamanı (1№li əlavə razılıq bağlanarkən), zaminin razılığı alınmamış və bu barədə razılıq zamin tərəfindən imzalanmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas kredit borcunun ödənilməsi məqsədi ilə 351 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 149 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 9 ABŞ dolları, cəmi 509 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi- 30,40 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar