Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-347/2021 01.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş ziyana görə ödənilməmiş 18.459 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.08.2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “tam maddi məsuliyyət" haqqında müqavilə imzalamışdır. 15.12.2017-ci il tarixdə 556-K əmri ilə administrator vəzifəsinə keçirilmişdir. 28.06.2019-cu il tarixli 269-K saylı əmrlə Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. 16.11.2018-ci il tarixdə Oba-Yevlax 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 24.12.2018-ci il tarixli “inventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 22.299 manat müəyyən olmuşdur. Vurulmuş ziyandan 3840 manat cavabdehə güzəşt edilmişmiş, qalıq məbləğ 18.459 manat təşkil edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Sevda Bəkirova iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, aparılmış inventarizasiyanın nəticələri tamamilə əsassızdır, inventarizasiya siyahısında cavabdehin imzası yoxdur, inventarizasiyanın hansı sənədlər əsasında aparılması və vurulmuş ziyanın hesablanması qaydası aydın deyil. İşlədiyi dövrdə cavabdehin məzuniyyətdə olduğu müddətlər nəzərə alınmadan əmək müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində vurulmuş ziyanın cavabdehdən tələb edilməsi də qanunsuzdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 16.08.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh “X5” MMC-də satıcı-kassir vəzifəsində işə qəbul olunmuşdur; 15.12.2017-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, 16.08.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək Cavabdeh “X5” MMC-nin satış əməliyyatları şöbəsinə administrator vəzifəsinə işə keçirilmişdir; işçi Cavabdeh ilə işəgötürən “X5” MMC arasında bağlanmış “tam maddi məsuliyyət haqqında” 15.12.2017-ci il tarixli müqavilədən görünür ki, maddi məsul şəxs (işçi) işəgötürən tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi öz üzərinə götürmüşdür; 28.06.2019-cu il tarixli əmrdan çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir; 16.11.2018-ci il tarixdə keçirilmiş inventarizasiyanın nəticələrinə dair yekun aktdan görünür ki, 17.11.2017-ci il tarixdən 16.11.2018-ci il tarixədək olan müddət üçün 20.473,59 manat məbləğində çatışmazlıq müəyyən olunmuşdur; 24.12.2018-ci il tarixdə keçirilmiş inventarizasiyanın nəticələrinə dair yekun aktdan görünür ki, 16.11.2018-ci il tarixdən 24.12.2018-ci il tarixədək olan müddət üçün 1825,51 manat məbləğində çatışmazlıq müəyyən olunmuşdur; İddiaçı MMC-nin 20 avqust 2020-ci il tarixli arayışından görünür ki, 16.11.2018-ci il və 24.12.2018-ci il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 22.299 manat çatışmazlıq müəyyən edilmiş, 3840 manat güzəşt edilmiş və 18.459 (22.299-3840) manat borcu qalmışdır; məhkəmə mühasibatlıq ekspertizasının 01.10.2021-ci il tarixli rəyindən görünür ki, “X5” MMC tərəfindən təqdim olunmuş maliyyə arayışı məlumatlarının, 16.11.2018-ci il və 24.12.2018-ci il Oba Yevlax 2 filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktların düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh hesabında olan çatışmazlıq 18.458,77 manat məbləğində müəyyən olunur. Həmin ekspert rəyindən həm də müəyyən olunur ki, 16.11.2018-ci il tarixli və 24.12.2018-ci il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”lar Malların inventarizasiya Qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir. Həmçinin iş materiallarında Malların inventarizasiya Qaydalarının tələblərinə uyğun tərtib edilmiş akt mövcud deyildir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçı Cavabdeh İddiaçı MMC-də 16.08.2017-ci il tarixdən 28.09.2019-cu il tarixədək satıcı-kassir və administrator vəzifələrində işləmiş və 15.12.2017-ci il tarixdən maddi məsul şəxs olmuşdur. Maddi məsul şəxs olduğu dövrdə işlədiyi OBA Yevlax 2 mağazasıda iki dəfə- 16.11.2018 və 24.12.2018-ci il tarixlərdə inventarizasiya yoxlaması aparılmış və 22.299 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Həmin məbləğdən 3840 manat güzəşt edilərək vurulmuş ziyan 18.459 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin tələblərinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İddiaçı iddia tələbinin əsaslılığını və qanuniliyini təsdiq edən sübut növü kimi məhkəməyə 16.11.2018-ci il və 24.12.2018-ci il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”ları təqdim etmişdir. Halbuki iş üzrə təyin edilən mühasibatlıq ekspertizasının rəyində qeyd olunan aktların “Malların inventarizasiya Qaydalarının” tələblərinə uyğun tərtib edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, inventarizasiya nəticələrinə dair yekun aktlar Qaydalara uyğun tərtib edilmədiyi üçün mötəbər sübut hesab edilə bilməz və zərərin mövcud olması başqa sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri-150 (yüz əlli) manat pul İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-347/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-347/2021
01.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver