Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-359/2021 29.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında mülkiyyətində olan 1,0934 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2551,53 kv.m olan əmlak kompleksindən cavabdehlərin çıxarılması, istifadəyə dair yaradılmış maneələri aradan qaldırılmaqla həmin torpaq sahəsinın iddiaçıya təhvil verilməsi və cavabdehlərdən müştərək qaydada 108.000 manat məbləğində maddi ziyanın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbinin həcmi artırılmışdır) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* №-li çıxarışa əsasən Yevlax şəhəri H.Z.Tağıyev küçəsi 5 ünvanında olan 1,0934 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 2551,53 kv.m(1004,64 kv.m əsas, 1546,89 kv.m köməkçi sahə) olan əmlak kompleksi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsi və əmlak kompleksi mülkiyyətçinin icazəsi olmadan üç ilə yaxındır ki, cavabdehlər tərəfindən qanunsuz olaraq istifadə edilir və həmin torpaq sahəsi və əmlak kompleksindən cavabdehlər əsassız olaraq bəhrələnir. İddiaçıya məxsus Yevlax şəhəri H.Z.Tağıyev küçəsi 5 ünvanında olan torpaq sahəsi və orada yerləşən əmlak kompleksinin icarə haqları ümumilikdə hazırkı bazar qiymətlərinə uyğun olaraq aylıq təxminən 3000 manat təşkil edir. Onun mülkiyyətində olan torpaq sahəsi və əmlak kompleksindən razılığı olmadan cavabdehlərin qanunsuz istifadə etməsi mülkiyyətçi kimi ona son üç il ərzində 108.000 manat məbləğində maddi zərər yetirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, evlidir və 5 uşağı var. Az təminatlı ailə kimi Yevlax şəhər İcra Hakimiyyətində qeydiyyatdadır. Ailə vəziyyəti yaxşı olmadığı və yaşamağa yeri olmadığı üçün 2012-ci ildə sabiq icra başçısının göstərişi ilə o, ailəsi ilə birlikdə iddiaçıya məxsus əmlak kompleksinə yerləşdirilmişdir. Orada yaşamaq üçün şərait olmasa belə, o çətinliklə də olsa şərait yaradaraq orada yaşamağa başlamışdır. Həmin kompleksdə onun ailəsindən başqa təxminən 14 ailə yaşayır. Onlara ev veriləcəyi və başqa ailələr də həmin kompleksdən çıxarılacağı təqdirdə o da həmin kompleksdən çıxmağa razı olacaqdır. Hazırda iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat vermişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********* qeydiyyat nömrəli, 11.02.2008-ci il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri H.Z.Tağıyev küçəsi 5 ünvanında olan 1,0934 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 2551,53 kv.m(1004,64 kv.m əsas, 1546,89 kv.m köməkçi sahə) olan əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə hər üç şərtin mövcudluğu təsdiq olunur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində və onun üzərində yerləşən əmlak kompleksində qanunsuz olaraq məskunlaşmışlar. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdehlərin ona məxsus torpaq sahəsindən və əmlak kompleksindən çıxarılması hissəsində əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə dəymiş maddi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona maddi ziyanın vurulmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş və bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, İddiaçı mülkiyyətində olan və Yevlax şəhəri H.Z.Tağıyev küçəsi 5 ünvanında yerləşən 1,0934 ha torpaq sahəsindəki ümumi sahəsi 2551,53 kv.m olan əmlak kompleksindən çıxarılsın və həmin torpaq sahəsi İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-359/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-359/2021
29.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver