Məhkəmə qərarları › İş №2(039)-368/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-368/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-368/2024 13.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «3000 manat məbləğində pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı «3000 manat məbləğində pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun və dövlət rüsumu olaraq banka ödədiyi 50 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəməyə ərizə ünvanlayaraq, Cavabdehdan 2400 manat və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Rəşad Məlikova 2400 manat borcu var. Borcu hissə-hissə ödəyəcək. İddiaçı X3 iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlə qonşudur. Cavabdehə borca pul vermişdir ki, onun adını lotareyaya yazacaq. Lakin borcunu qaytarmadı. İddiaçı X3 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, X3 50 manat vəkil rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı X3 Cavabdeh 2400 manat borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc alsa da, pulunu qaytara bilməmişdir. Cavabdeh iddianı qəbul edir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2400 manat pul və 44 manat dövlət rüsumu alınaraq iddiaçı X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2400 manat pul və 44 manat ödənilmiş dövlət rüsumu alınaraq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar