Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-371/2021 08.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Alahverdi qızından 10000 manat əsas və 18000 manat faiz borcu olmaqla, cəmi 28000 manat borcun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2019-cu il tarixdə kredit müqaviləsi bağlayaraq, aylıq 10 faiz dərəcəsi olmaqla 10000 manat pulu xx xxxx 2019-cu il tarixə qədər qaytarmaq şərti ilə Cavabdeh vermişdir. Lakin cavabdeh pulu və ona hesablanmış faizləri ona qaytarmamışdır. Borcunu ödəməyə müxtəlif bəhanələr gətirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, kredit müqaviləsində göstərilən 10000 manat pul cavabdehə verildikdən sonra, cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq hər ay 1000 manat olmaqla cəmi 5000 manat məbləğində faiz borcunu ona ödəmişdir. Lakin xx xxxx 2019-cu il tarixdə müqavilə müddətinin bitməsinə baxmayaraq cavabdeh əsas borcu qaytarmaqdan imtina etmişdir. Həmin tarixdən hal-hazırkı müddətədək dəfələrlə həm əsas, həm də faiz borcunun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya 16000 manat pul qaytardığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh aylıq 10 faiz dərəcəsi ilə 10000(on min) manat məbləğində borc pul vermişdir. Borcalan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsinə əsasən aylıq 10 faiz ödəmək şərti ilə iddiaçıdan 10000 manat borc pul almışdır. Kredit borcunun qaytarılması müddəti xx xxxx 2019-cu il tarixədək müəyyən olunmuşdur. Kredit müqaviləsi bağlandıqdan sonra cavabdeh tərəfindən iddiaçıya 5000 manat faiz borcu ödənilmiş, əsas borc isə ödənilməmişdir. Cavabdeh iddiaçıya 16000 manat pul qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 10000 manat əsas borcun ödənilməsi hissəsində iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin 18000 manat faiz borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia ərizəsindən görünür ki, iddiaçı faiz borcu barədə tələbini “kredit müqaviləsinin” şərtləri ilə əsaslandırmış və bu şərtlərdən irəli gələn tələbi irəli sürmüş, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbi baxımımdan cavabdehə qarşı iddia irəli sürməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 18000 manat faiz borcunun tutulması hissəsində əsassızdır və təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 10000 (on min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-371/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-371/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver