Məhkəmə qərarları › İş №2(039)-374/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-374/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-374/2021 23.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ümumilikdə 460 manat borc məbləğinin və iddia ərizəsi üçün banka ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, tanışı Aqil adlı şəxsə xx xxxxxx 2020-ci il tarixdə diri halda birinin qiyməti 4 manat olmaqla 70 ədəd beçə (çolpa), birinin dəyəri 4,5 manat olmaqla 40 ədəd kəsilib təmizlənmiş halda olan çolpa nisyə olaraq vermişdir ki, satıb əvvəlcədən danışdıqları kimi onların cəmi dəyəri olan cəmi 460 manat pulunu ona qaytarsın. Əvvəllər də, bir neçə dəfə belə hallar olduğu üçün o, Aqilə etibar edərək cəmi 460 manat dəyərində olan evində əziyyətlə baxaraq yetişdirdiyi beçələri (çolpaları) cavabdehə nisyə olaraq satmışdır. Lakin sonradan cavabdehin vədinə əməl etmədiyini gördükdə ondan verəcəyi pulunu verməsini xahiş etmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu verməkdən yayınmışdır. Dəfələrlə etdiyi xahişlərə və tələblərə baxmayaraq cavabdeh olan borcunu bu günə qədər qaytarmamışdır. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı tanıyır, ondan bir neçə dəfə toyuq almış, lakin həmişə pul nağd olaraq ödəmişdir. Yalnız bir dəfə ondan nisyə 200 manat məbləğində mal almış və bildirmişdir ki, yaxın zamanlarda pulunu ödəyəcəkdir. Həmin məbləğdə pulu bir-iki gün sonra işçisi olan qadın vasitəsi ilə ödəmişdir. Belə ki, işçisindən xahiş etmişdir ki, pulu aparıb İddiaçı versin və işçisi aparıb pulu ona vermişdir. Sonradan İddiaçı ona müraciət edərək 40 manat borcunun olduğunu ona söyləyib borcu tələb etmişdir, ona cavab olaraq bildirmişdir ki, heç bir borcu yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Mülki Məcəllə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, mülki prosessual qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçı, cavabdehin ondan ümumi 460 manat dəyərinə nisyə mal aldığını və pulunu ödəmədiyini bildirsə də, buna dair sübut təqdim etməmişdir. Onun bu iddiası yalnız cavabdehin etiraf etdiyi həddə, yəni 200 manat hissəsində təsdiqini tapır. Cavabdeh isə həmin 200 manatı işçisi vasitəsi ilə iddiaçıya ödədiyini bildirsə də, buna dair mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 200 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 200 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat, ümumi 220 (iki yüz iyirmi) manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar