Məhkəmə qərarları › İş №2(039)-375/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-375/2021

17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-375/2021 17.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən mobil nəzarət qurğusunun dəyəri olan 1346,03 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 1 il 10 ay 25 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş xx.xx.2020-ci il tarixində İddiaçınə daxil olmuşdur. xx xxxx 2020-ci il tarixdə şöbənin probasiya üzrə böyük icra məmuru Yelmar İsgəndərovun və özünün iştirakı ilə müvafiq protokol tərtib edilərək onun üzərinə cəza çəkdiyi müddət ərzində Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, gün ərzində 22:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzərət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Hökmün icrası ilə əlaqədar olaraq qeyd olunan tarixdə müvafiq aktla bir ədəd mobil nəzarət quruğusu, bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd ev siqnal ötürücüsü, bir ədəd adapter quraşdırılaraq məhkum, hazırki iş üzrə Cavabdeh təhvil verilmiş, nəzarət avadanlıqlarının istifadə qaydaları məhkuma izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyəti daşıması barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, məhkum üzərinə düşən vəzifələri pozaraq xx.xx.2020-ci il tarixdə mobil nəzərət qurğusunu tamamilə yararsız hala salmışdır. Nazirliyin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 1346,03 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 1 il 10 ay 25 gün müddətinə azadlığın məhdudlaşdırıllması cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Cavabdeh elektron nəzarət vasitələrinin dəyəri elan olunmaqla, həmin vasitələrin zədələnməsi və yararsız hala salınması ilə əlaqədar nəzarət vasitələrinin dəyərinin ondan tutulacağı izah edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli izahatından görünür ki, xx.xx.2020-ci il tarixdə mobil nəzarət qurğusu cibindən düşərək ekranı zədələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin xx.xx.2018-ci il tarixli, 21/3-1717 saylı məktubundan görünür ki, xüsusi proqram təminatı ilə mobil nəzarət qurğusunun 1 ədədin qiyməti 1346,03 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində onu dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 1346,03 manat alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 1346 (bir min üç yüz qırx altı) manat 03 (üç) qəpik məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar