Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-43/2021 11.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sağlamlığına vurduğu maddi zərər olaraq 2160 manat, əlavə çəkdiyi xərc olaraq 2760 manat məbləğində maddi zərər və 5000 manat mənəvi zərər məbləğinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh sağlamlığına vurduğu zərərə görə çəkdiyi xərc olaraq cəmi 4180 manat məbləğində maddi zərər və 5000 manat mənəvi zərər məbləğinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin iyun ayında dişlərini müalicə etmək üçün müxtəlif həkimlərə müraciət etmiş və bu minvalla Nərimanov metro stansiyasının yaxınlığında yerləşən stomotoloji kabinetdə fərdi fəaliyyət göstərən Cavabdeh yanına getmişdir. Cavabdeh dişlərini müayinə etdikdən sonra dişlərinin yaxşı olmadığını və dişlərini müalicə edib yerlərinə “keramika" adlanan yeni dişlər qoymaq lazım olduğunu bildirmişdir. Dişlərində kəskin ağrılar olduğundan o Cavabdeh təklifini qəbul etmiş və dişlərini müalicə edib yerində yeni dişlər qoymasına razılaşmışdır. Həmin vaxt Cavabdeh ona dişlərin eyni cür olması üçün həm sağlam dişlərini, həm də ağrı olan dişlərini müalicə etmək lazım olduğunu demişdir. O Cavabdeh dediklərini qəbul etmişdir. Bundan sonra Cavabdeh ondan hər dişə görə 80 manat pul istəmiş və o həkimlə razılaşmışdır. Həmin vaxt Cavabdeh ona bildirmişdir ki, 27 dişini müalicə edəcək və buna görə 2160 manat pul verməlidir. İlkin olaraq Cavabdeh ondan 1000 manat pul almış və müalicəyə başlamışdır. Təxminən iki ay ərzində həftədə 2-3 dəfə olmaqla Cavabdeh yanına gedirdi. Onun köhnə dişlərini yonaraq bəzilərinə plomb qoymaqla müalicə edib onların yerinə “keramika” adlanan yeni dişlər hazırlamağa başladı. 2019-cu ilin iyul ayının sonunda Cavabdeh bütün dişləri yerinə qoyub işinin bitirdiyini demişdir. Onun dişləri yerinə qoyulduqdan sonra o dişlərində ağrılar hiss etdi. Dişlərində şişkinlik olmuş və o əziyyət çəkməyə başlamışdır. Bu səbəbdən də o yenidən Cavabdeh yanına gəlmiş və o, dişlərini yenidən müalicə etməyə başlamışdır. Bu minvalla Cavabdeh təxminən bir aya yaxın müddətdə dişlərini müalicə etməyinə baxmayaraq o özünü yenə də pis hiss etməyə başlamışdır. Bundan sonra o “X2” özəl xəstəxanasında işləyən Nicat Şıxəliyev adlı həkimə müraciət etmiş və Nicat Şıxəliyev onu müayinə edərək müalicənin düzgün aparılmadığını və yenidən müalicəyə ciddi ehtiyacın olunduğunu demişdir. O ağrılara dözə bilmədiyindən Nicat Şixəliyevin dediyi ilə razılaşdı. Bundan sonra Nicat Şixəliyev dişlərinin müalicəsinə başlayaraq Cavabdeh qoyduğu “keramika” adlanın dişlərini sökmüş və ağız boşluğunda olan şişkinlikləri müalicə etməyə başlamış və müalicə üçün təxminən 4000 manata yaxın ödəniş edəcəyini bildirmişdir. Bundan sonra o Cavabdeh yanına gedərək ilkin müalicənin düzgün aparılmadığını və bu səbəbdən də ödədiyi 2160 manat pulunun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh pulunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh özünü ona diş həkimi kimi təqdim edərək onun dişlərini səf müalicə etməklə yanaşı, sağlam dişlərini də yararsız hala salmışdır. Hazırda həmin yararsız hala salınmış dişlərinin yenidən bərpasına 4000 manat vəsait sərf etmişdir. Beləliklə dişlərinin bərpası üçün o ümumilikdə 2160 manat əlavə isə 4000 manat xərc çəkmişdir. Eyni zamanda bu yanlış müalicə, müayinə və dişlərinin düzgün quraşdırılmaması nəticəsində o iztirab və əzablar keçirmişdir. Cavabdehin barəsində məhkəmə nəzarəti qaydasında verdiyi şikayətə baxan Nərimanov rayon Prokurorluğu xx xxxxxx 2019-cu il tarixli və xx xxxxx 2020-ci il tarixli qərarında araşdırma zamanı Cavabdeh müvafiq təhsili olmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən qanunla müəyyən edilmiş qaydada icazə (lisenziya) almadan fərdi qaydada həkim-stomotoloq kimi tibbi xidmətləri göstərdiyi, 2019-cu ilin iyun ayında ondan şifahi razılıq əsasında heç bir qəbz vermədən 2160 manat pul alaraq dişlərini müalicə və bərpa edəcəyini vəd verərək lazımi peşə təcrübəsi olmadan dişlərini müalicə etmiş, göstərdiyi qüsurla stomotoloji xidmət nəticəsində onda “sol gicgah çənə oynağının artriti, 38-ci dişin bifurkasiyasnın perforasiyası, sol çənəaltı nahiyyəsinin limfadenti”, 16, 17-ci dişlərdə arxa kanalların işlənilmədiyi, 18, 31, 32, 41, 42, 43, 44, 45, 47-ci dişlərin kanal müalicəsinin qeyri-qənaətbəxş olduğu, 38-ci dişdə intrapulpor şiftinin düzgün yerləşdirilməməsi nəticəsində dişin bifurkiyası nahiyəsindən şiftlə perforasiyası, çənə dişləri üzərindəki körpüvari metal keramik konstruksiyasının diş boyunlarında güzgün yerləşdirilmədiyi və qapaqlarının diş ətindən aralandığı müəyyən edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh xx xxxxxx 1981-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla Yevlax şəhəri, H.Əliyev prospekti ev 44, mənzil 10-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Nərimanov RPİ-si tərəfindən xx xxxxx 2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1987-ci il tarixdə Zəngilan şəhərində anadan olmaqla Zəngilan şəhəri, S.Vurğun küçəsi ev 10-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı birliyi 85 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx xxx 2020-ci il tarixli 336 saylı arayışından məlum olur ki, İddiaçı Bakı şəhəri, Şirin Mirzəyev küçəsi 68B, mənzil 82-də yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA seriyalı 093809 saylı məcburi köçkün vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Bakı şəhəri, Nizami rayonunda məskunlaşmışdır. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2142 saylı ekspert rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsinə əsasən, ona göstərilmiş stomatoloji xidmət Cavabdeh tərəfindən qeyri-peşəkarcasına və qüsurlu şəkildə aparılmışdır ki, bu da sonradan qeyd olunan ağırlaşmalara (diş, çənə nahiyəsinin və diş ağrılarının olması) yaranmasına gətirib çıxartmışdır. Belə ki, mütəxəssis müayinələri zamanı onda “sol gicgah çənə oynağının artriti, 38-ci dişin bifurkasiyasının perforasiyası, sol çənəaltı nahiyəsinin limfadenti”, 16, 17-ci dişlərdə arxa kanalların işlənilmədiyi, 18, 31, 32, 41, 42, 43, 44, 45, 47-ci dişlərin kanal müalicəsinin qeyri-qənaətbəxş olduğu, 38-ci dişdə intrapulpor ştiftin düzdün yerləşdirilməməsi nəticəsində dişin bifurkasiya nahiyəsindən ştiftlə perforasiyası, çənə dişləri üzərindəki körpüvari metal keramik konstruksiyasının diş boyunlarında düzgün yerləşdirilmədiyi və qapaqların diş ətindən aralı qaldığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 695417 saylı qəbzdən məlum olur ki, İddiaçı Nicat Şixəliyevə xx xxxxxx 2019-cu il tarixdə 2760 manat pul ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 695429 saylı qəbzdən məlum olur ki, İddiaçı Nicat Şixəliyevə xx xxxxxx 2020-ci il tarixdə 1420 manat pul ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh Bakı şəhərində stomatoloji xidmət göstərmişdir. İddiaçı Cavabdeh müraciət edərək, onun dişlərinin müalicə etməsini xahiş etmişdir. Cavabdeh iddiaçının dişlərini müalicə etsə də, həmin müalicə qüsurlu şəkildə aparılmışdır. Bundan başqa iddiaçı həkim Nicat Şixəliyevə qüsurlu işlərin düzəldilməsi üçün müraciət etmiş və Nicat Şixəliyev həmin qüsurlu müalicənin nəticəsində iddiaçının dişlərində olan fəsadları aradan qaldırmışdır. Bundan başqa iddiaçı həmin qüsurlu müalicənin aradan qaldırılması üçün Nicat Şixəliyevə cəmi 4180 manat pul ödəmişdir. Cavabdehin iddiaçıya göstərdiyi qüsurlu müalicə nəticəsində iddiaçıya mənəvi sarsıntı, iztirab verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi və mənəvi ziyan məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4180 manat maddi ziyan və 500 manat mənəvi ziyan tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Cavabdehdən iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4180 manat maddi ziyan və 500 manat mənəvi ziyan tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-43/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-43/2021
11.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver