Məhkəmə qərarları › İş №2(039)-431/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-431/2025

25.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-431/2025 25.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının X1, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilinə vurulmuş ziyanın əvəzi olaraq 1200 (bir min iki yüz) manat məbləğin və 32.40 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o Yevlax şəhəri Fizuli küçəsi ev 23 mənzil 38 saylı evin mülkiyyətçisidir. Evi 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. O evini orta səviyyədə təmir edərək normal yaşayış vəziyyətinə gətirmişdir. Bundan sonrakı mərhələdə hamı kimi o da evində sakit yaşamaq və evinin yüksək kommunal səviyyəsindən istifadə etmək istəmişdir. Ancaq onun illər boyu əldə etdiyi vəsaiti hesabına tikdirdiyi, təmir etdiyi mənzili onun üst mərtəbəsində yaşayan Cavabdeh tərəfindən onun məsuliyyətsizliyi və etinadsızlığına müvafiq olaraq evində saxladığı kirayəçilərin, habelə onun üçün məlum olmayan qohumlarının ona məxsus olan mülkiyyətdən istifadə edən zaman onun mənzilini axıtdığı çirkli sular hesabına bərbad vəziyyətə gətirmişlər. Nəticədə təmirli binanın dəhlizi, döşəməsi, iki qapının çərçivəsi, habelə ariston su aparatı çürüyərək sıradan çıxmışdır. Onun evi bu gün həmin çirkab suların hesabına həm sıradan çıxmış, həm də pis qoxunun təsiri altında qalmışdır. Bununla da yaşadığı mənzilə 1200 manat məbləğində zərər dəymişdir. Bu barədə akt tərtib edilmiş, vurulan ziyanın hazırki cavabdehə məxsus olan mənzildən axıdılan çirkab sular hesabına yaranması öz təsdiqini tapmışdır. O vurulan ziyanın, dəymiş zərərin, yəni 1200 manat pulun, habelə 32.40 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, mənzil təxminən 4 il əvvəl onun mülkiyyətində olmuşdur. Hal-hazırda həmn mənzi onun (cavabdehin) mülkiyyətində deyil və həmin mənzildə yaşamır. Təxminən on ildir ki, Gəncə şəhərində yaşayır. Yevlax şəhərinə yas mərasiminə gəldiyi zaman iddaçının mənzilinə ziyan dəydiyini bildirmişdir. O da iddiaçının mənzilinə təmir işləri görmək üçün usta göndərmişdir. Lakin iddiaçı evinə dəymiş ziyanın aradan qaldırılması üçün ustanın xidmətindən imtina etmiş və ona məhkəmədə görüşəcəklərini bildirmişdir. Mənzil onun mülkiyyətində olmadığından, həmn mənzildə yaşamadığından və iddiaçıya onun tərəfindən ziyan vurulmadığından iddianın təmn edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddanı etiraf etməyərək, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmn edilməməlidir. Belə ki, işdə olan xx.xx.2004-cü il tarixli, 719 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Yevlax şəhəri Füzuli küçəsi 23/38 saylı mənzil İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsədədəri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri Məhəmməd Füzuli küçəsi bina 23/41 saylı mənzil X2 mülkiyyətindədir. İşdə olan Yevlax şəhər 2 saylı MTİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Yevlax şəhəri Füzuli küçəsi 23/38 saylı mənzilin sahibi İddiaçı şikayət ərizəsinə əsasən onun mənzilinə baxış keçirilmişdir. Yevlax şəhəri Füzuli küçəsi 23/41 saylı mənzildən mənzil sahibi Cavabdeh adına olan mənzildən hamamdan su sızması nəticəsində qonşusu 38 saylı mənzilə (ariston - 1ədəd, tualetin unitazı və su qabı -1 ədəd, tualetin qapısı – 1 ədəd, evin koridorlarının döşəmələri, 1-ci mərtəbənin dəhlizinin divarları 3x1 kv.m.) ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1999 saylı ekspert rəyindən görünür ki, Yevlax şəhəri, Fizuli küçəsi 23 saylı yaşayış evinin 38 saylı mənzilinə binanın ümümi kanalizasiya xəttindən (şaxtadan keçən xəttə) su sızma hallarının baş verdiyi (ekspertiza keçirilən zamanı faktiki olaraq suyun sızdığı) müəyyən edilmiş və su sızma nəticəsində 38 saylı mənzilə ziyanın dəydiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Yevlax şəhəri Füzuli küçəsi 23/41 saylı mənzilin Cavabdeh mülkiyyətində olduğunu, həmin mənzildən su sızması nəticəsində onun (iddiaçının) mülkiyyətində olan Yevlax şəhəri Füzuli küçəsi 23/38 saylı mənzilə ziyan dəydiyini iddia edərək, vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının su sızmasını iddia etdiyi Yevlax şəhəri Füzuli küçəsi 23/41 saylı mənzil hazırkı iş üzrə Cavabdeh mülkiyyətində deyil, cavabdehin anası X2 mülkiyyətindədir və Cavabdeh həmin mənzildə yaşamır. Məhkəmə iclasında İddiaçı hazırkı iş üzrə Cavabdeh iddiaya cavab verməli olmayan şəxs olduğundan onun əsl cavabdeh, yəni mənzilin mülkiyyətçisi X3 ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı cavabdehin əsl cavabdeh X3 ilə əvəz edilməsinə razı olmamışdır. Buna görə də, məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi iddaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasına görə İddiaçı 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu iddaçı İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasına görə İddiaçı 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar