Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-446/2020 08.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan paltar, ərzaq və qızıl zinət əşyalarının alınması ilə bağlı yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 15.000 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 1.237,5 manat, pulun qaytarılmaması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat, cəmi 26.267,5 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildə “Turan bank”dan anası Ziyafət Alıyevanın adına 10000 manat kredit götürüb alver etmək məqsədi ilə 2019-cu ilin yanvar ayında Türkiyə Respublikasına gedib oradan ayaqqabı və pal-paltar gətirib Yasamal rayonu, Kamal Rəhimov küçəsi 23b-də yerləşən özünə məxsus mağazada ayaqqabı, paltar və ərzaq məhsullarının satışı ilə məşğul olmağa başlamışdır. Orada alver zəif olduğundan mağazanı bağlayıb mağzada olan malları tanışı Pünhanın Bakı şəhəri, Binəqədi rayonunda işlətdiyi mağazaya aparıb vermişdir. Bakı şəhəri, Səbail rayonu, 20 saylı X3 işləyəndə onunla birlikdə Nəzakət adlı xanım işləmiş, onunla münasibəti normal olmuşdur. Nəzakət onun ticarətlə məşğul olduğunu bilirdi. 2019-cu ilin fevral ayında Nəzakət onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə öz istifadə etdiyi xatırlamadığı nömrəsindən zəng vuraraq hal-əhval tutub, tanışı X6 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi ev 112-də olduğunu və tanışı X6 ticarətlə məşğul olduğunu, ona satmaq üçün nisyə ayaqqabı verməyini və satıb pulunu tez bir müddətdə qaytaracağını demişdir. X8 ilə tanış olmaq və satdığı ayaqqabıları ona göstərmək məqsədi ilə 11 ədəd nümunə götürüb Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi ev 112-yə getmişdir. Orada Nəzakət və X8 ilə görüşub, söhbət zamanı gətirdiyi ayaqqabıları Əsbətə göstərib, qiymətlərini ona demişdir. Əsbət ayaqqabılara baxıb, onun dediyi qiymətlərlə razılaşıb, ayaqqabıları satıb qısa bir müddət ərzində pulunu verəcəyini bildirmişdir. Ona görə də ora apardığı 11 ədəd müxtəlif çeşidli, müxtəlif qiymətlərdə olan uşaq, qadın, kişi ayaqqabılarını ona satmaq üçün vermişdir. Həmin günü axşam Əsbət onun mobil nömrəsinə zəng edərək apardığı ayaqqabıları müştərilərinə göstərdiyini və müştəriləri ayaqqabıları bəyəndiyini, əlində satılası mal olduğu halda ona satmaq üçün nisyə verməyini xahiş edərək, mart ayına qədər satıb malların pulunu ona verəcəyini bildirmişdir. Bundan sonra Əsbət ona bir neçə gün zəng edərək malları gətirməyini xahiş etmişdir. Onun xahişlərini nəzərə alaraq hissə-hissə tanışı Pünhanın Bakı şəhəri, Binəqədi rayonunda işlətdiyi mağazadan, ayaqqabıları, uşaq, qadın və kişi paltarlarını gətirib qonşusu Samirin köməkliyi ilə Əsbətin evinə yığmış, sonra Hökməli qəsəbəsində olan qohumunun evində saxladığı malları və öz mağazasında olan geyim və ərzaq mallarını gətirib satmaq üçün Əsbətə vermişdir. Ümumilikdə Əsbətə satmaq üçün 11790 manat dəyərində geyim və ərzaq məhsulları vermişdir. Bu malları Əsbətə verəndən sonra Əsbət ona zəng edərək qızıl ticarətindən yaxşı başı çıxdığından ona satmaq üçün nisyə qızıl tapıb verməyini, həmçinin həkim işləyən iki xala qızlarının toy etdiklərini, həmin qızılları ona satıb xeyir götürəcəyini və həmin xeyirdən ona pul verəcəyini demişdir. Əsbətə satmaq üçün qonşusu olan X1 işlətdiyi qızıl mağazasına gedib Əsbətin ona verdiyi siyahı əsasında 12030 manat dəyərində qızıl zinyət əşyalarını götürüb Əsbətin yaşadığı evdə ona vermişdir. Qızılı verən qonşusu Nəzakət ona qızılın 6000 manatını qızılı verdiyi adamdan alıb gətirib verməyini, qalan pulu isə ayda 2000 manat ödəmək şərti ilə verməyə razı olduğunu bildirmiş və o da bu şərtləri qızılları Əsbətə verəndə ona demişdir. Əsbət də onunla razılaşmış səhəri gün ona zəng edərək qızılları satdığı adamın ona hələlik 1000 ABŞ dolları verdiyini qalan pulu da verəcəyini demişdir. Nəzakət bir müddət gözləməyə razılıq vermişdir. Bundan sonra Əsbətdən 1000 ABŞ dollarını alıb 1700 manat əvəzi olaraq aparıb Nəzakətə vermişdir. Daha 2 gün sonra Əsbət ona 700 manat pul vermişdir. Həmin pulu da aparıb Nəzakətə vermişdir. Bundan sonra Əsbətdən verdiyi malların pulunu və qızılların pulunu tələb etməyə başlamışdır. Lakin Əsbət ona müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamışdır. Hətta onu evinə dəvət edərək Anar adlı bir şəxsi təqdim edərək, bank işçisi olduğunu və onun vasitəsi ilə bankdan pul götürüb ona olan borcunu ödəyəcəyini demişdir. Onun yalan danışdığını görərək dəfələrlə onun əri Gökhana zəng edib pullarını geri istəsə də, onların hər ikisi ondan vaxt istəmişlər. Pulu ala bilməyəcəyini görüb, Yasamal rayon polis şöbəsinə müraciət etmişdir. İstintaqa izahat verən Cavabdeh izahatında olanları inkar etməmiş və ona 15000 manat borcu olduğunu, lakin hazırda ödəməyə imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X8 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən, habelə tərəflərin verdikləri şifahi və yazılı izahatlardan işin mübahisə doğurmayan halları kimi müəyyən edilir ki, iddiaçı, cavabdehə təqdim etdiyi ümumi dəyəri 11.790 manat təşkil edən geyim əşyalarının, habelə ümumi dəyəri 12.030 manat təşkil edən qızıl əşyalarının cavabdeh tərəfindən üçüncü şəxslərə satılması barədə sonuncu ilə razılığa gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 777.1 və 777.2-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinin tələblərinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan, tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Qeyd olunan maddi hüquq normasının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Vəkalət verən olan iddiaçı ümumi dəyəri 11.790 manat təşkil edən geyim əşyalarının, habelə ümumi dəyəri 12.030 manat təşkil edən qızıl əşyalarının üçüncü şəxslərə satılması barədə vəkalət alan olan cavabdehə tapşırıq vermişdir. Hazırda iddiaçı bildirir ki, cavabdeh tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Belə ki, cavabdeh, ona verilmiş əşyalara görə iddiaçıya cəmi 8.820 manat pul vermiş, digər əşyaların dəyərini təşkil edən 15.000 manat isə ödənilməmiş qalmışdır. Cavabdehin iddiaya qarşı etiraz ərizəsində ifadə olunmuş dəlili ondan ibarətdir ki, cavabdehin təhqiqat orqanına verdiyi izahat təhrif olunmuş, izahatda göstərilənlər həqiqəti əks etdirmir, izahat təzyiq altında yazılmış, daha sonra isə aldadılma yolu ilə cavabdehə imza etdirilmişdir. Əslində isə cavabdehin iddiaçıya 15.000 manat məbləğində borcu yoxdur. Belə ki, iddiaçının satılması üçün cavabdehə verdiyi geyim və qızıl əşyaları sonuncu tərəfindən satılmış, əldə olunmuş pul vəsaiti isə iddiaçıya verilmişdir. Realizə olunmamış qalan əşyalar isə natura şəklində iddiaçıya qaytarılmışdır. Cavabdehin iddiaçıya borcunun olmaması polis idarəsində aparılmış araşdırma nəticəsində fakt kimi də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, iş üzrə tərəflər arasında bağlanmış “Tapşırıq müqaviləsi” üzrə öhdəliyin tam icra edilməsini, yəni cavabdehin realizə olunmamış əşyaların iddiaçıya qaytarıliması və bununla da onun 15.000 manat borcunun qalmamasını sübuta yetirmək hazırda cavabdehin üzərinə düşür. Cavabdeh bildirir ki, cavabdeh, əşyaların satışından əldə olunmuş pul vəsaitini, realizə olunmamış qalan əşyaların isə özünü iddiaçıya qaytarmışdır. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə bildirir ki, cavabdeh tərəfindən öhdəliyin lazımınca icra edilməsi onun şifahi və yazılı bəyanatı ilə deyil, mötəbər sübutlarla təsdiq olunmalıdır. Lakin öhdəliyin tam icra edilməsini, yəni mübahisələndirilən məbləğin iddiaçıya ödənilməsini təsdiq edən sübutlar cavabdeh tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Cavabdehin özünün dəlilinin əsası kimi istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “cinayət təqibinin başlanılmasının rədd olunması” barədə xx xxxx 2019-cu il tarixli qərardan (qərarın əslinə məhkəmə baxışı zamanı məhkəmə tərəfindən baxış keçirilmişdir) görünür ki, İddiaçı (hazırki iş üzrə iddiaçı) şikayət ərizəsi ilə polis idarəsinə müraciət edərək, X8 (hazırki iş üzrə cavabdeh) tərəfindən ona olan borcun qaytarılmaması ilə bağlı qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Həmin şikayət əsasında aparılmış araşdırma zamanı cavabdeh verdiyi izahatında göstərmişdir ki, o, iddiaçıdan 11.079 manat dəyərində aldığı ərzaq məhsulları, ayaqqabı və geyiş əşyalarını, habelə 12.030 manat dəyərində qızıl-zinət əşyalarını satacağı və həmin malların pulunu hissə-hissə iddiaçıya qaytaracağı barədə sonuncu ilə razılığa gəlmişlər. Cavabdehin ona verdiyi həmin əşyalardan iddiaçıya 15.000 manat borcu qalmışdır. Geyim əşyalarının bir hissəsini satılması üçün bir neçə şəxsə vermiş, bir hissəsi isə onun evindədir. Satılan əşyaların pullarını toplayıb hissə-hissə iddiaçıya qaytaracaqdır. Cavabdeh sözügedən qərardan, izahatının təhrif olunması əsası ilə, məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmışdır. Şikayətə məhkəmə nəzarəti qaydasında baxılması zamanı, cavabdehin izahatının təhrif olunması, izahatın təzyiq altında yazılması, daha sonra isə aldadılma yolu ilə cavabdehə imza etdirilməsi faktları öz təsdiqini tapmamışdır. Belə olan halda Məhkəmə cavabdehin təhqiqat orqanına verdiyi izahatda göstərdiklərini həqiqət kimi qəbul edir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin tapşırıq müqaviləsi üzrə iddiaçıya öhdəliklərini tam icra etməsi sübuta yetirilmir və iddiaçı cavabdehə qarşı 15.000 manat pulun ödənilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. Beləliklə, müəyyən olunur ki, iş üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və o, bu öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddia tələbinin Mərkəzi Bankın uçot dərəcəsinə əsasən faiz borcunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsininin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, cavabdehlərdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçının mənəvi sarsıntı keçirməsi nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, iddia həmin hissədə də təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunaraq, 15.000 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalı, digər hissələrdə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh X5 15.000 (on beş min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-446/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-446/2020
08.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver