Məhkəmə qərarları › İş №2(039)-448/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-448/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-448/2025 05.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikah dövründə yaranmış 35.000( otuz beş min) manat kredit borcunun yarı dəyəri olan 17.500 (on yeddi min beş yüz) manat pulun, ödənilmiş 92 manat dövlət rüsumunun və ödınilmiş 51 manat mediasiya xərcinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurublar. Birgə nikahdan iki övladları anadan olub. Cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulmuş, hər iki uşaq onun himayəsində qalmışdır. Birgə nikah dövründə Cavabdeh onun adına xx.xx.2014-cü ildə "xxxx" ASC-dən 6370 ABŞ dolları, xx.xx.2014-cü ildə “Azərbaycan Beynəlxalq Bank”-dan 9104 manat, 2014-cü ildə "xxxx" ASC-dən 4336 manat, 2014-cü ildə “Atabank”-dan 1700 manat, 2014-cü ildə yenidən “Atabank”-dasn 500 manat, “AccesBank”-dan 6000 manat kredit götürmüşdür. "xxxx" ASC-dən götürülmüş 6370 ABŞ dollar kredit borcu, 8481 manata restrukturizasiya edilmişdir. Həmin kredit borclarından Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bank götürülmüş kreditləri üzərinə cərimə və kredit faizləri əlavə edilmişdir. Ümumilikdə kredit borcları 35.000 manat məbləğindən yuxarı olmuşdur. Kredit borcları onun tərəfindən ödənilmişdir. Kredit borclarının ödənilməsi işə əlavə edilmiş hesabdan çıxarışlarda da öz əksini tapmışdır. Bundan əlavə qeyd edib ki, cavabdehlə aralarında olan nikah pozularkən ona məxsus qızıl-zinət əşyaları, 5 avtomobil cavabdehdə qalmışdır. Cavabdeh tərəfindən ona xeyli miqdarda maddi ziyan vurulmuşdir. Hazırda iki uşaq onun himayəsindədir. Onları saxlamaqda maddi çətinlik çəkir və maddi vəziyyəti xeyli ağırdır. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etməli olub. Cavabdeh birgə nikah dövründə yaranmış 35.000 manat kredit borcunun yarı dəyəri olan 17.500 manat pulun ödənilmiş 92 manat dövlət rüsumunun və 51 manat mediasiya xərcinin alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, kredit götürülən vaxt birgə təsərrüfatda olmuşlar və həmin kreditlər ailənin ehtiyacları üçün sərf edilmişdir. Cavabdeh onun pullunnan atasına belə avtomobil almışdır. Göstərdiyi halları sübut edəcək şahidi var, lakin məhkəməyə gəlmək istəmir. Cavabdeh iddia ərizəsinə etiraz etdi və göstərdi ki, o, iddiaçı tərəfindən kreditin hansı məqsədlə götürdüyündən xəbərdar deyildir. Belə ki, onların nikahları olsa da qısa müddətdə bir yerdə yaşamışlar. Belə ki, rəsmi qaydada nikah pozulmasa da sözləri tutmadığı üçün bir neçə müddət ayrı yaşamışlar. Bundan başqa o, uzun müddət Rusiya Federasiyasında olmuşdur. İddiaçının krediti hansı qaydada götürdüyünü və hara xərclədiyindən məlumatı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları 1 fevral 2022-ci il tarixli, LM022200013 saylı Zaminlik müqaviləsindən görünür ki, LPO Dəmirbank ASC ilə X9 və X4 arasında müqavilə bağlanmışdır. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yuxarı Qarxun Kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 16 avqust 2024-cü il tarixli, 5-9-5/2-317/2024 saylı arayışda göstərilmişdir ki, İddiaçı Yevlax rayonu, Aşağı Qarxun kəndində yaşayır. Yevlax 1 saylı Mediasiya Təşkilatına 51 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli, MŞY/MT034/2024-00323 saylı arayışdan görünür ki, İddiaçı ”Birgə nikah dövründə götürülmüş kreditin yarı dəyəri olan pulun ona ödənilməsi tələbinə” dair Mediasiyaya müraciət etmişdir. 1 noyabr 2024-cü il tarixli, 12-5/2-B-15xx-xx-4257/2024 saylı, Əmanətlərin Sığortalanması Fondu tərəfindən göndərilmiş məktubda bildirilir ki, ləğv prosesində olan "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli LM022200013 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən 8.413.37 manat məbləğində əsas, 230.41 manat məbləğində faiz, 42.69 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8.686.47 manat məbləğində borc öhdəliyi mövcuddur. xx.xx.2014-cü il tarixli, 1971-14 AYİB saylı kredit müqaviləsinə əsasən 6370 ABŞ dolları 24 ay müddətinə illik 28% olmaqla İddiaçı kredit verilmişdir. 1 fevral 2022-ci il tarixli, LM022200013 saylı Restrukturizasiya müqaviləsi LPO Dəmirbank ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X11 ilə X4 arasında müqavilə bağlanmışdır. 16 avqust 2024-cü il tarixli BOA-10860 saylı Maliyyə arayışına əsasən Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(039)-992/2022 saylı icra sənədinə əsasən X1 4336.97 manat məbləğində kredit borcu və 63.77 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar bankın xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixli, ABB hesabdan çıxarış vərəqindən məlum olur ki, 4122.76 manat götürülmüşdür. xx.xx.2014-cü il tarixli, 6-42928-11 saylı AtaBank hesabdan çıxarış vərəqindən məlum olur ki, 840 manat verilmişdir. xx.xx.2022-ci il tarixli, Bank Respublika hesabdan çıxarış vərəqindən məlum olur ki, X3 3000 manat verilmişdir. xx.xx.2022-ci il tarixli, Unibank hesabdan çıxarış vərəqindən məlum olur ki, X3 1065.91 manat verilmişdir. xx.xx.2017-ci il tarixli,”Artdıqca sərfəli” kredit aksiyası üzrə hesabdan çıxarış vərəqindən məlum olur ki, X3 5439.77 manat verilmişdir. xx.xx.2022-ci il tarixli, AccessBank hesabdan çıxarış vərəqindən məlum olur ki, X3 1900 manat verilmişdir. xx.xx.2022-ci il tarixli, AccessBank hesabdan çıxarış vərəqindən məlum olur ki, X3 2461.59 manat verilmişdir. xx.xx.2021-ci il tarixli, AtaBank hesabdan çıxarış vərəqindən məlum olur ki, X3 7032.87 manat verilmişdir. Yevlax Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli, 2(039)-40/2016 saylı qərardadından məlum olur ki, iddiaçı X2 Cavabdeh ilə aralarında bağlanmış, 30 mart 2006-cı il tarixli Yevlax rayon VVADQ şöbəsində qeydə alınmış nikah qeydi pozulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2(039)-1154/2019 saylı qətnaməsindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-40/2016 saylı iş üzrə çıxartdığı 27 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 18 oktyabr 2007-ci il təvəllüdlü X7 və 02 yanvar 2009-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100 (bir yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2(039)-1154/2019 saylı qətnaməsindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)- 1154/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. 27 yanvar 2016-cı il tarixdə nikahları pozulmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdehlə birgə nikah dövründə iddiaçı tərəfindən kredit götürülməsi və həmin kreditin ödənməsi müəyyən olunsa da, iddiaçı tərəfindən sözügedən kredit məbləğlərinin ailə məqsədləri üçün istifadə olunub-olunmaması müəyyən olmur. Belə olan halda isə iddia rədd edilməlidir. Belə ki, sübutetmə yükünün bölüşdürülməsi baxımından hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan kredit məbləğlərinin ailə məqsədləri üçün xərclənməsini sübut etmək məhz iddiaçının üzərinə düşür. Hazırki halda isə, iddiaçı bu barədə sübut təqdim etməmişdir. Bu barədə sübutun yer almaması izahatının sübut edilməməsi anlamına gəlir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1/2024 №-li plenum qərarının; 3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh birgə nikah dövründə yaranmış 35.000( otuz beş min) manat kredit borcunun yarı dəyəri olan 17.500 (on yeddi min beş yüz) manat pulun, ödənilmiş 92 manat dövlət rüsumunun və ödənilmiş 51 manat mediasiya xərcinin alınaraq ona verilməsinə dair mülki iş üzrə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində elektron kabinetdən Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar