Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-450/2020 16.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili Məmmədov Fərhad Möhübbət oğlunun Cavabdeh Fətulla oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Fətulla oğluna qarşı «pul» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Fətulla oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fətulla oğlundan ondan olmış olduğu 10000 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun və vəkil xidməti olarq Beynəlxalq bank vasitəsilə ödədiyi 168 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh 2015-ci ildə 10000 manat, həmçinin 2016-cı və 2017-ci illərdə 10000 manat pul vermişdir. Həmin puldan Nazimin oğlu Ramil 2018-ci ildə 10000 manat pul qaytarmışdır. Hazırda qalan 10000 manat borcun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, o cavabdehlə qohum münasibətlərində olmaqla bərabər, yaxın yoldaş və dostluq münasibətində olmuşlar. Onlar bu səbəbdən də münasibətlərini yüksək səviyyədə olduğundan bir-birinə inamları və etibarları olmuşdur. Bu səbəbdən də tərəfindən cavabdehə 2015-ci ildən başlayaraq 2017ci ilin sonunadək hissə-hissə Xuraman adlı qadından 20000 manat pul götürərək cavabdehə vermişdir. Cavabdeh tərəfindən həmin pulların ondan götürməsi təkzibedilməz sübutlarla ortadadır. Əsil həqiqət odur ki, verdiyi 20000 manat pulu Xuraman adlı qadından alaraq onun təsirləri altında qaldığından, o hazırkı cavabdehə öz dostuna onun borcuna görə məhkəməyə düşdüyünü, olum-ölüm məsələsinin yarandığını onun nəzərinə çatdıraraq Xuramanın əlindən evdə də yata bilmədiyini bildirərək yerdə qalan 10000 manat pulun qaytarmasını istəmişdir. Həmin ərəfədə yüzlərlə telefon zəngləri edərək borcun qaytarılması üçün konkret addım atmasını xahiş etmişdir. Cavabdeh 2018-ci ilədək götürmüş olduğu 20000 manat pulun 10000 manatını birdəfəyə qaytarmış, o da həmin pulu Xuraman adlı qadına qaytararaq, götürülən borcun bir qismini ödəyəndən sonra Xuramana qalan borcunu cavabdeh ödəyə bilmədiyindən, o çıxarılmış məhkəmə qətnaməsinə müvafiq olaraq borc götürərək Xuramanın pulunu qaytarmalı olmuşdur. Çünki bunlara o məcbur idi. Bundan sonra cavabdehə etdiyi zənglərin heç bir səmərəsi olmamışdır. Əksinə cavabdeh yerdə qalan 10000 manat pulu ödəmədiyindən, onu çətin vəziyyətə saldığından, üzərində xeyli borcu yaratdığından, evində ciddi ailə münaqişəsi yarandığından, hazırkı iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Çünki bu məbləğ onun üzərində qalmaqla cavabdehin borcları səbəbindən o ciddi mənəvi əziyyət çəkir. O borcla bağlı məhkəməyə çıxarkən mənəvi əziyyət çəkir. Ancaq bütün bunları mövcud reallıq və çətin vəziyyət onu vadar edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlu izah etdi ki, iş materiallarında olan səs yazısından da məlum olur ki, tərəflər arasında pul mübahisəsi var. Cavabdeh özü də 20000 manat pulun alınmasını etiraf edir. Lakin həmin pulun qaytarılmasına dair sübutu yoxdur. İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlu məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Fətulla oğlu iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı 2015-ci ildə 10000 manat borc almışdır və həmin ildə ona borcunu qaytarmışdır. Həmçinin 2016-cı ildə də 10000 manat borc almışdır və həmin ildə ona borcunu qaytarmışdır. Həmin pulu oğlanları Famil və Pünhan vasitəsi ilə qaytarmışdır. Həmçinin Xəqaninin vasitəsi ilə də Rafiqə pul göndərmişdir. Borcundan da əlavə Rafikə ona borcla əlaqədar kömək etdiyi üçün 4000 manat pul vermişdir. Cavabdeh Fətulla oğlu məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, Nazim onun atasıdır. Atası Rafiqdən 2015-ci ildə 10000 manat borc almışdır. Həmin pulu Bərdə marketin qabağında Rafiqə o qaytarmışdır. Bundan sonra da, 2016-cı ildə atası yenə 10000 manat borc almışdır. Həmin pulu da qardaşı evini satıb, Rafiqin evinə gedərək qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, atası Rafiqdən cəmi 20000 manat borc almışdır. Həmin borcun bir hissəsini qardaşı Famil Bərdə marketin qarşısında Rafiqə qaytarmışdır. Qalan 10000 manatı isə 2016-cı ildə evini satıb Rafiqə atasının borcunu onun evinə gedərək vermişdir. Atasının Rafiqə borcu qalmayıbdır. Həmçinin borcdan əlavə atası tərəfindən Rafiqə 4000 manat hörmət olaraq pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, Nazimlə birgə işləmişlər. Nazim 2015-ci ildə ona pul vermişdir ki, apar Rafiqə ver, o da aparıb pulu Rafiqə çatdırmışdır. Borcun məbləği barədə dəqiq məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli qəbzin surətindən məlum olur ki, Alıyev X5 şəhər Vəkil Bürosuna 168 manat pul ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Səyyar-Asan tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxx 1959-cu il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri, Namiq Əlizadə küçəsi 14-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli qəbzdən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxx 2010-cu il tarixdə verilmiş seriya AZE 07869807 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh Fətulla oğlu xx xxxx 1959-cu il tarixdə Bərdə rayonu, Mehdixanlı kəndində anadan olmaqla, Yevlax şəhəri, Nizami prospekti ev 33A, mənzil 14-də qeydiyyatdadır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh 2015-ci ildə iddiaçıdan 10000 manat borc almışdır. Həmin 10000 manat pulu oğlu Familin vasitəsi ilə iddiaçıya qaytarmışdır və iddiaçı 10000 manatın geri qaytarmasını etiraf etmişdir. Bundan sonra 2016-ci ildə iddiaçı cavabdehə yazılı formaya riayət etmədən 10000 manat borc vermişdir. Cavabdeh həmin puluda övladı Pünhanın vasitəsi ilə iddiaçıya qaytarmışdır. İddiaçı cavabdehin ona 10000 manat borcu qaldığını bildirərək, pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin borcun qalmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Şahid ifadələri ilə də borcun qaytarılması sübut olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona 10000 manat borcunun qalmasını iddia edərək, buna sübut kimi cavabdehin səs yazısının olduğunu bildirsə də, cavabdeh danışıqların tam mətni olmadığını, həmin səs yazmanın 2016-cı ilə aid olunduğunu bildirərək, səs yazısının səslənməsinə və sübut kimi qəbul edilməsinə razı olmadığını bildirmişdir. Bu səbəbdən də həmin səs yazma sübut kimi məhkəmə tərəfindən qiymətləndirilmir. Həmçinin iddiaçı cavabdehə 10000 manat borcun 2016-2017-ci illərdə verildiyini bildirsə də, borc verilərkən qanunvericiliklə müəyyən edilmiş yazılı formaya riayət etməmiş və müvafiq borc müqaviləsi bağlamamışdır. Odur ki, məhkəmə hazırki iş üzrə sübut etmə yükünün iddiaçının üzərinə düşdüyünü, iddiaçı tərəfindən nə qədər məbləğin cavabdeh tərəfə verdiyinə dair başqa sübut növü təqdim edilə bilmədiyini və səsyazmanın mötəbər sübut kimi qəbul edilə bilmədiyini əsas gətirərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 95.1-ci maddəsinə əsasən Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 200-cü maddəsinə əsasən Şəxsi yazışmaların və teleqraf məlumatlarının gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar və məlumatlar ancaq ünvanlanan şəxsin razılığı ilə məhkəmə tərəfindən elan və tədqiq edilə bilər. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi 3 şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda, həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Fətulla oğluna qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ : İddiaçı Cavabdeh Fətulla oğluna qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-450/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-450/2020
16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver