Məhkəmə qərarları › İş №2(039)-457/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-457/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-457/2023 19.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10300 manat məbləğində borcun və 121 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin dekabr ayından Cavabdeh ondan iş qurmaq üçün hissə-hissə 10300 manat pul almış və bu işə də onu şərik edəcəyinə söz vermişdir. Lakin, iki il keçməsinə baxmayaraq Ramin sözünə əməl etməmişdir. Bundan sonra cavabdehdən pulunu tələb etdikdə, Ramin tez bir zamanda qaytaracağını bildirsə də, buna əməl etməmiş və ona xeyli ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, sözügedən pulları 2019-cu ilin dekabr ayında cavabdehə qısa müddətə qaytarmaq şərti ilə vermişdir. Lakin, cavabdeh vədinə əməl etməyərək pulu qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. İş materiallarına əlavə olunmuş 5 ədəd qəbzlər onun tərəfindən imzalanmamışdır. Onun iddiaçıya heç bir borcu yoxdur. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq 2016-cı ildə İddiaçı sələmə pul götürdüyünü, qarşılığında iddiaçıya 1 ədəd qiyməti 700 manat olan qızıl klon və qiyməti 4200 manat olan brilliyant qaşlarla işlənmiş qızıl boyunbağı, bilərzik və üzük verdiyini, borcunu ödədiyini bildirmiş və iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmalarına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə yazılmış qəbzin əslindən görünür ki, iddiaçı cavabdehə 2000 manat borc pul vermişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə yazılmış qəbzin əslindən görünür ki, iddiaçı cavabdehə 2200 manat borc pul vermişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə yazılmış qəbzin əslindən görünür ki, iddiaçı cavabdehə 4000 manat borc pul vermişdir. Cavabdeh tərəfindən yazılmış (tarix qeyd olunmamışdır) qəbzin əslindən görünür ki, iddiaçı cavabdehə 1050 manat borc pul vermişdir. Cavabdeh tərəfindən yazılmış (tarix qeyd olunmamışdır) qəbzin əslindən görünür ki, iddiaçı cavabdehə 850 manat borc pul vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/635-5/562 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(039)-457/2023-cü il nömrəli mülki işin 8-ci vərəqəsində olan üzərində “Mən Cavabdeh Solmazdan 2000 min manat borc pul aldım İmza Gülməmmədov 20 dekabr 2019” yazıları olan xx.xx.2019-cu il tarixli qəbzdə “İmza” yazısı qarşısındakı imza, i/v 9-da olan üzərində “Mən Cavabdeh Solmazdan 1050 manat (bir min əlli manat) borc pul götürdüm İmza Gülməmmədov R” yazıları olan qəbzdə “İmza” yazısı qarşısındakı imza, i/v 10-da olan üzərində “Mən Cavabdeh Solmaz müəllimədən 2200 (iki min iki yüz) manat borc pul adım İmza Gülməmmədov R 30.Xİİ.19” yazıları olan xx.xx.2019-cu il qəbzdə “İmza” yazısı qarşısındakı imza, i/v 11-də olan üzərində “Mən Cavabdeh İddiaçı 850 manat borc pul aldım İmza Gülməmmədov R” yazıları olan qəbzdə “İmza” yazısı qarşısındakı imza, i\v 21də olan üzərində “Qəbzi...” yazısı ilə başlayıb “...İmza Cavabdeh” yazıları ilə bitən qəbzdə “İmza” yazısı qarşısındakı imza-GÜMƏMMƏDOV RAMİN MƏHƏRRƏM OĞLU tərəfindən icra olunmuşur. Ekspertizaya təqdim edilmiş 2(039)-457/2023-cü il nömrəli mülki işin 8-ci vərəqəsində olan üzərində “Mən Cavabdeh Solmazdan 2000 min manat borc pul aldım İmaz Gülməmmədov 20 dekabr 2019” yazıları olan xx.xx.2019-cu il tarixli qəbzin aşağı hissəsində olan “20 dekabr 2019” yazılarını və i/v 10-da olan üzərində “Mən Cavabdeh Solmaz müəllimədən 2200 (iki min iki yüz) manat borc pul aldım İmza Gülməmmədov R 30.Xİİ.19” yazıları olan xx.xx.2019-cu il tarixli qəbzin aşağı hissəsində olan “30.Xİİ.19” yazılarını Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 377-ci maddəsinə əssən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 107 -ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə hesab edir ki, mülki işdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəylər sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPMnin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onunla razılaşmışdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 10100 manat məbləğində pul vermiş, Cavabdeh 10100 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, cavabdeh mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi cavabdeh tərəfindən yazılmış 5 ədəd qəbzin ikisində tarix qeyd olunmamış (1050 manat və 850 manat pul verilməsi), birində xx.xx.2019-cu il tarixi (2000 manat pul verilməsi), digər 2-də isə müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixləri qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: “İddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir”. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələ həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırki işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Digər tərəfdən məhkəmə qeyd etməyi lazım bilir ki, cavabdeh tərəf işdə olan yazılı qəbzlərin onun tərəfindən yazılmadığını bildirsə də bu hal müvafiq ekspert rəyi ilə təkzib olunur. Bu da onu deməyə əsas verir ki, cavabdeh 10100 məbləğində pulu iddiaçıdan borc almış və onu qaytarmağa dair öhdəlik götürmüşdür. Eyni zamanda cavabdeh iddiaçıdan 2016-cı il tarixdə pul aldığını, əvəzində qızıl verdiyini, sonradan borcunu qaytardığını bildirsə də bunu sübut edəcək dəlilləri məhkəmə təqdim edə bilməmiş, iddiaçı isə hər beş qəbzdə göstərilmiş məbləğləri 2019-cu ildə cavabdehə verdiyini iddia etsə də, 1050 manat və 850 manat pul verməsi barədə qəbzlərdə tarix qeyd olunmamış və sonuncu həmin məbləğləri cavabdehə nə zaman verməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Məhkəmə qeyd edir ki, iddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə borc pul vermişdir. Bu halda cavabdeh tərəfindən verilmiş iddia iddia müddətinin təbiqinə dair ərizə də tərəflər arasında bağlanılmış borc müqavilələrinə ayrılıqda tətbiq edilməlidir. Belə ki, iddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış borc müqavilələrindən ikisində müddətin göstərilməməsi cavabdehin xeyrinə həll edilməlidir. Bundan başqa xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə iddiaçı qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bu halda hər 3 müqavilə üzrə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə nəzərə alır ki, cavabdehin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli borc müqavilələri üzrə iddia müddətinin tətbiq edilməsinə yol verilmir. Belə ki, sözügedən müqavilələr üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 6200 manat məbləğində pul və ödənilmiş 82 manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) tutulmalı, həmçinin iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 6200 (altı min iki yüz) manat məbləğində pul və ödənilmiş 82 (səksən iki) manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) tutulsun. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 126 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar