Məhkəmə qərarları › İş №2(039)-48/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-48/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-48/2021 16.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh4 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzr borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 015R********** saylı kredit razılaşması üzrə 8,303.98 manat məbləğində kredit borcunun və iddia qaldırmaq üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 015L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20,000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10,000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 1,696.02 manat ödəmiş, onun 8,303.98 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin erasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4lə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı QSC-nin nümayəndəsi Emin Əliyev teleqramla məhkəməyə müraciət edərək üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alıb iştirakı olmadan işə baxıb etirazı üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 iddianı qismən qəbul edərək bildirmişdir ki, qeyd edilən müqavilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının təsiri altına düşmüş və onun borcundan kompensasiya olaraq müəyyən məbləğ silinmişdir. Lakin, Bank tərəfindən hesablama düzgün aparılmamışdır. Bankın əməkdaşı ilə görüşdə ona bildirilmişdir ki, 4,300 manat məbləğində borcu var. Hazırdan həmin məbləğdən 1,000 manat ödəməyə, qalan məbləğə görə isə uzunmüddətli kredit müqaviləsi bağlanmasına razıdır. Digər cavabdehlərə məhkəmənin vaxtı və yeri barədə məlumat vermişdir. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 015L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncu üçün 120 ay müddətinə 20,000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Eyni tarixli 015R********** nömrəli Kredit razılaşması ilə müəyyən olunur ki, kredit xətti daxilində Cavabdeh4 36 ay müddətinə, aylı 2.25 % ödəmək şərti ilə 10,000 manat kredit verilmişdir. Kredit xətti üzrə öhdəliklərin təmin edilməsi məqsədi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmış və sonuncular kredit müqaviləsi üzrə yaranacaq borc üzrə birgə məsuliyyət daşımaqları barədə üzərilərinə öhdəlik götürmüşlər. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, razılaşmanın müddəti xx xxxxxxxx 2018ci il tarixədək uzadılmışdır. Maliyyə arayışlarına əsasən, xx.xx.2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması üzrə xx xxxx 2020-ci il tarixə 8,303.98 manat əsas məbləğ üzrə borc yaranmışdır.. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/3792 nömrəli rəyində qeyd edilir ki, xx.xx.2015-ci il tarixli 015L**********15 saylı kredit razılaşması üzrə xx xxxxxx 2018-ci il tarixı əsas borc 8,303.98 manat müəyyən edilmişdir. Hesabdan çıxarışdan müəyyən olunur ki, xx xxxxxx 2015-ci il tarixdən sonra Cavabdeh4 tərəfindən ödəniş edilməmişdir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə görə, Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Həmin Qərarda daha sonra bildirilir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Həmin Qərara görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Mövcud sübutlarla əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış kredit xətti əsasında xx.xx.2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması ilə sonuncuya aylıq faiz dərəcəsi 2.25 % olmaqla, 36 ay müddətinə 10,000 manat kredit verilmişdir. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələri ilə Cavabdeh4 öhdəlikləri üzrə birgə məsuliyyət daşımaq barədə üzərilərinə öhdəlik götürmüşlər. Kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri Cavabdeh4 lazımınca icra etməmiş və bunun nəticəsində borcu yaranmışdır. Bu səbəbdən iddiaçı yaranmış borcu Cavabdeh4 tələb etməkdə haqlıdır. Mövcud sübutlar, habelə ekspert rəyi ilə müəyyən olunur ki, Cavabdeh4 xx.xx.2020ci il tarixə xx.xx.2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması üzrə 8,303.98 manat əsas borc yaranmışdır. Həmin borcun düzgün hesablanmadığına dair Cavabdeh4 tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən qeyd edilən borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. Lakin, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış kredit xətti müqaviləsində kredit xəttinin məbləği və ümumi müddəti göstərilsə də, kredit razılaşması üzrə veriləcək məbləğin qaytarılması üçün konkret müddət və faiz dərəcəsi müəyyən edilməmişdir və hazırkı iş üzrə zaminlər həmin kredit xətti üzrə üzərilərinə öhdəlik götürmüşlər. Kredit xəttinin şərtlərinə görə, veriləcək məbləğ, onun qaytarılması üçün müddət və faiz dərəcəsi ayrıca bağlanacaq kredit razılaşması üzrə olmalıdır. Bu səbəbdən İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması imzalanmış, bu razılaşma əsasında ona 36 ay müddətinə, aylıq 2.25 % ödənilmək şərti ilə 10,000 manat məbləğində kredit verilmişdir. Həmin kredit razılaşması ilə və ona əlavə edilmiş ödəniş planı ilə cavabdehlər ümumiyyətlə tanış edilməmiş, onlar tərəfindən həmin razılaşma imzalanmamışdır. Bununla da razılaşmanın şərtlərinin onlar tərəfindən qəbul edilməsi təsdiqini tapmır. Sonradan həmin razılaşmaya əlavə olaraq xx xxxxxxx 2015-ci il tarixdə Saziş imzalanmaqla razılaşmanın şərtləri dəyişdirilmiş, müddəti artırılmış, lakin zaminlər bu sazişlə də tanış edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, zaminlərə münasibətdə iddia təmin edilə bilməz, belə ki, Mülki Məcəllənin 477.0.1 maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə hazırkı halda onların zaminliyinə xitam verilməli və onlara münasibətdə iddia təmin edilməməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun qeyd ediləndə Qərarında Mülki Məcəllənin 477.0.1 maddəsinə şərh verilərək izah olunan hallarda zaminliyə hissəvi deyil (faiz və cərimə məbləğinə münasibətdə), tam xitamı nəzərdə tutulmuşdur. Ekspertiza tədqiqatının dəyəri Cavabdeh4 aid edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh4 xx.xx.2015-ci il tarixli 015L**********15 saylı kredit razılaşması üzrə 8,303.98 manat əsas borc, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 8,333 (səkkiz min üç yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpik İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat Cavabdeh4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar