Məhkəmə qərarları › İş №2(039)-503/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-503/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-503/2024 03.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «900 manat məbləğində pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «900 manat məbləğində pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehə borca 900 manat pul vermişdir. Hazırda həmin pulu tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izah etdi ki, borcu var. Himayəsində üç uşağı olduğu üçün pulu bir dəfəyə verə bilmir. Hər ay 50 manat ödəyəcək. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdam RİHBnınSarxavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 dekabr 2023-cü il tarixli 5-31-31/3-2-202 saylı arayışından görünür ki, İddiaçı Bərdə rayonu, Divanlı kəndində məcburi köçkün kimi məskunlaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 fevral 2024-cü il tarixli 3-13-117/2-3427/2024 saylı məhkəmə sorğusunun cavabından görünür ki, İddiaçı şikayəti əsasında Yevlax RPŞ-də araşdırma aparlmışdır. Araşdırma zamanı Cavabdeh izahat verərkən İddiaçı 900 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehə 900 manat borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc pul alsa da, borcunu qaytara bilməmişdir. Cavabdeh iddianı qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 900 manat borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 900 manat borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar