Məhkəmə qərarları › İş №2(039)-544/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-544/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-544/2020 02.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9500 (doquz min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1-1(093)-177/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4500 manat, 32.4, 312.2- ci maddəsi ilə təqsirli bilinib 8500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 9000 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun xx.xx.2018-ci il tarixidən xx.xx.2019-cu il tarixədək həbsdə saxlama müddəti nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilmiş və ona qəti olaraq 3500 manat cərimə cəzası təyin edilmişdir. Həmin hökmlə Cavabdeh Əli oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 manat, 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. CM-in 66.3- cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 3500 manat cərimə cəzası təyin edilmişdir. Həmin hökmlə o, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 800 manat, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 1000 manat cərimə cəzası təyin edilmişdir. Onlar ona görə məhkum olunmuşlar ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmiş, habelə təkrarən vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar etdikləri hərəkətlər müqabilində, habelə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özləri üçün birbaşa vasitəçidən istifadə etməklə maddi neməti, yəni rüşvət verməyə təhrik etmişlər. 2017-ci ildə məlum cinayət əməli törədilən vaxt Cavabdeh Azərbaycan Respublikası FHN-nin Mülki Müdafiə Alayının N №-li hərbi hissəsində radiasiya və kimya mühafizə bölüyünün baş çavuşu vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət etmiş, o özü isə N №-li hərbi hissənin maddi-təminat bölüyünün təsərrüfat tağımının hamamcamaşırxanasının operatoru vəzifəsində işləmişdir. O bu müddət ərzində müxtəlif adamlardan aldığı müxtəlif məbləğdə pulları onları işə düzəltmək adı ilə Cavabdeh vermişdir. Cavabdeh həmin adamların pullarını özlərinə qaytarmadığı üçün şikayət etdiklərinə görə məcburiyyət qarşısında qalıb öz canını onların əlindən qurtarmaq üçün necə deyərlər öz cibindən, öz vəsaiti hesabına həmin adamların pullarını özlərinə qaytarmışdır. Halbuki bu pullar cavabdehə verilmiş və cavabdeh də pulları əgər işi düzəldə bilməyibsə sahiblərinə qaytarmalı idi. Lakin o bu pulları alıb cavabdehə verdiyi üçün, onlar da ondan tələb etmişlər. Belə ki, o iş üzrə şahid kimi keçən X6 1000 manat, X1 2000 manat, X3 4000 manat X2 1500 manat və X4 1000 manat, ümumilikdə həmin şəxslərə 9500 manat pulu ordan-burdan tapıb qaytarmışdır. Cavabdeh məhkəmə iclası zamanı bu pulların onda qaldığını etiraf etmiş və həmin şəxslərə qaytarılacağına söz vermişdir. Lakin qaytarmadığı üçün cavabdehin əvəzindən o qaytarmışdır. Son vaxtlar o cavabdehdən öz pulunu istəyəndə demişdir ki, “bibi narahat olma qaytaracam”. Soruşanda ki, bu pullar haradadır, gah demişdir ki borcuna vermiş, gah demişdir ki özü xərcləmiş, gah da demişdir ki, iş düzəltməyə kömək edənlərə vermiş və s. Cavabdeh söz vermişdir ki, 2019-cu ilin dekabr ayına kimi camaatın pullarını qaytaracaq, lakin yenə də vədinə əməl etməmişdir. Onun ödəniş etdiyi pullarını özünə verməmişdir. Son vaxtlar isə telefonuna da cavab vermir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək izah etdi ki, İddiaçı 9500 manat pul verməlidir. Həmin pulu verəcəkdir, lakin hazırda maddi imkanı pisdir. İki ay ərzində hissəhissə borcundan ödəniş etməyə başlayacaqdır. Belə ki, iddiaçı və o həmin cinayət əməlini iştirakçılıqla törətmişlər və dəymiş ziyan olan 11000 manatı Rahilə zərərçəkmiş şəxsələrə ödəmişdir. Həmin puldan 1500 manat qaytarmışdır. Odur ki, iddia tələbini qəbul edir. Cavabdeh iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1-1(093)-177/2019 saylı hökmününü surətindən məlum olur ki, İddiaçı CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təsirli bininib 1000 manat, Cavabdeh CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təsirli bininib 3500 manat cərimə cəzasına məhkum edilmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Sumqayıt ŞPİ-nin QŞVŞ-si tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1956-cı il tarixdə İsmayıllı rayonu, Talıstan kəndində anadan olmaqla, Sumqayıt şəhəri, YAT-15 məh 41-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 1979-cu il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmaqla, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təsirli bininib cərimə cəzasına məhkum edilmişlər. Məhkəmə prosesi zamanı iddiaçı zərərçəkmiş şəxsələrə dəymiş 11000 manat maddi ziyanı ödəmişdir. Həmin puldan cavabdeh 1500 manatını iddiaçıya qaytarmışdır. İddiaçı 9500 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul edərək iddiaçıya 9500 manat pul verməli olduğunu və hissə-hissə ödəyəcəyini bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9500 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9500 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar