Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-545/2021 08.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1850 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdeh X1 2018-ci ilin iyun ayında qarşılıqılı razılığa əsasən pulunu bir il müddətinə qaytarmaq şərti ilə 2500 manata qızıl saat almışdı. Həmin cavabdehə borclu olduğu 2500 manat məblğində pulu o, bir il müddətində ona tam olaraq qaytarmışdır. Əlavə olaraq o, borcun təminatı olaraq və eyni zamanda cavabdehdə ona qarşı inam yaratmaq üçün əmək haqqı kartını da cavabdehə vermişdir ki, əgər borcunu qaytara bilməsə ona verdiyi həmin əmək haqqı kartından pulu çəkib götürər. O, 2019-cu ilin iyul ayında borcunu tam ödəyib qurtardıqdan sonra, 2019-cu ilin avqust ayında Lamiə ona yaxınlaşaraq aldığı qızıl saatdan ona hələ 850 manat borcu qaldığını və həmin pulu verməsə özünü yandıracağını bildirmişdir. O, qızıl saatın pulunu qohumları vasitəsilə Lamiəyə göndərdiyini və qohumlarının pulu Lamiəyə çatdırmadığını düşünərək əlavə olaraq Lamiəyə 850 manat pul ödəmişdir. Sonradan aydın olmuşdur ki, qızıl saatın dəyəri olan 2500 manat pul tam olaraq cavabdehə çatdırılmışdır. Lakin cavabdeh onun sadəlöhvflüyündən istifadə edərək ondan əlavə pul almış və ondan xəbərsiz əmək haqqı kartından 1000 manat pul çıxarmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçı qızıl saat satmamışdır. Qızıl saatı o, Rənanın tanışı olan Çinarəyə satmışdır və cavabdeh ona hər hansı məbləğdə pul ödəməmişdir. İddia tələbi tamamilə əsassızdır və heç bir sübuta söykənmir. Məhkəmədən iddia tələbini rədd edilməsini xahiş etmişdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X5, Rənanın, arvadı Çinarənin vasitəsi ilə Lamiədən 2500 manata qızıl saat aldığını və həmin pulu tam olaraq Lamiəyə qaytardığını bildirmişdir. Lakin sonradan Rəna ona, Lamiəyə əlavə olaraq 1850 manat pul verdiyini bildirmişdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Rənanı 2013-cü ildən tanıyır, Lamiəni isə qızıl satan kimi tanıyır. O, 2500 manat dəyərində qızıl saatı Çinarəyə satmaq üçün Lamiədən almış və Rənaya vermiş, Rəna isə bir il yarım müddətində həmin saatın pulunu ödəmişdir. Rənanın sonradan Lamiəyə 1850 manat ödəməsindən xəbərsiz olmuş, bunu Rənanın özündən eşitmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şahid ifadələrinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin mənasına görə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə bildirir ki, şahidlərin ifadələri detallı deyil, onların ifadələri iddianın əsaslılığını sübut etmək üçün faydalı sübut deyil. Şahidlərin ifadələrinin inandırıcılığına təsir edən amil isə iddiaçının cavabdehə 1850 manat pul verməsi barədə bildiklərini iddiaçıdan eşitmələridir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddiası təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-545/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-545/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver