Məhkəmə qərarları › İş №2(039)-548/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-548/2023

22.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-548/2023 22.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh Rahman oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Rahman oğluna qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Rahman oğluna qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rahman oğlundan 03 may 2010-cu ildə anadan olmuş X3 və 19 oktyabr 2012-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş əvvəlki hər uşağa görə hər ay 120 manat aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh Rahman oğlu ilə ailəli olmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün cavabdehdən hər uşaq üçün 120 manat alimentin tutulması qət edilmişdir. Hazırda ödənilən aliment azdır və uşaqların saxlanılmasına kifayət etmir. Uşaqlar xəstədir və mütəmadi olaraq həkim reseptləri əsasında dərmanlar alır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Rahman oğlu məhkəmə iclasında izah etdi ki, qətnamə əsasında müəyyən edilmiş alimenti ödəyir. Hazırda ikinci dəfə ailə qurmuşdur. Uşağı da dünyaya gəlməlidir. Müəllim işləyir və 738 manat əmək haqqı alır. Mingəçevir şəhərində kirayədə yaşayır. Hər ay 130 manat aliment ödəyə bilər. Cavabdeh Rahman oğlu məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(039)-2068/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında Yevlax ŞİHB-nın Ərəbbəsrə kənd İƏD üzrə nümayəndəliyində qeydə alınmış 14 avqust 2009-cu il tarixli nikah qeydi pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş 03 may 2010-cu il təvəllüdlü X5 və 19 oktyabr 2012-ci il təvəllüdlü X6 adlı uşaqlar İddiaçı himayəsində saxlanılması; Cavabdeh 20 sentyabr 2021-ci il tarixdən başlayaraq, 03 may 2010-cu il təvəllüdlü X3 və 19 oktyabr 2012-ci il təvəllüdlü X4 18 yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 120 manat məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 dekabr 2022-ci il tarixli MŞŞ/1-02316 saylı arayışdan məlum olur ki, İddiaçı alimentin artırılması ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 yanvar 2022-ci il tarixli AZ-l 413965 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh Rahman oğlu ilə İddiaçı arasında olan nikah pozulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 14 may 2010-cu il tarixli AZ-ll 448553 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 03 may 2010-cu il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 06 noyabr 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 19 oktyabr 2012-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 09 yanvar 2023-cü il tarixli AZ-ll 547155 saylı nikah haqqında şəhadətnamədən məlum olur ki, Cavabdeh ilə X1 arasında 09 yanvar 2023-cü il tarixdə nikah bağlanmışdır. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2023-cü ildən uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olnmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyil. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh faktiki ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiklərindən ayrılmışlar. Məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat aliment Cavabdeh Rahman oğlundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qismən qəbul etmir. Cavabdeh ikinci dəfə ailə qurmuşdur. Məhkəmə uşaqların layiqli, firavan yaşayış səviyyəsini, təlim-tərbiyəsini, təhsilini, cavabdehin ikinci dəfə ailə qurmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, 03 may 2010-cu il təvəllüdlü X5 və 19 oktyabr 2012-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat aliment Cavabdeh Rahman oğlundan alınaraq İddiaçı xeyrinə verilməlidir. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(039)-2068/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. Cavabdeh Rahman oğlundan 03 may 2010-cu il təvəllüdlü X5 və 19 oktyabr 2012-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat aliment İddiaçı xeyrinə tutulsun. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar