Məhkəmə qərarları › İş №2(039)-549/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-549/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-549/2023 14.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı «pulun qaytarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı «pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit borcu ilə bağlı ödənilmiş 8367 manat əsas borc, 4320 manat dəyərində faiz borcu, hüquqi yardıma görə vəkilə ödənilmiş 270 manat və dövlət rüsumu kimi ödənilmiş 120 manat, cəmi 13077 manat pulunun alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdeh bankdan kredit götürmüşdür. İddiaçılar isə ona zamin durmuşlar. Cavabdeh krediti ödəmədiyi üçün kreditin bir hissəsi iddiaçıların əmək haqqından tutulmuşdur. Bir hissəsi isə nağd şəkildə ödənilmişdir. Hazırda iddiaçılar cavabdehdən pullarını tələb etsələr də, cavabdeh pulu qaytarmaqdan imtina edir. İddiaçı X1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izah etdi ki, iddianı 4531 manat hissədə qəbul edir. Lakin iddianı qalan hissədə qəbul etmir. Belə ki, iddiaçılar cəmi 4531 manat pul ödəmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı1 120 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı1 Cavabdeh krediti üzrə 4531 manat ödəniş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Beynəlxalq Bankı ASC-nin sorğuya cavabından görünür ki, İddiaçı1 656 manat hesabdan silinməklə, 4531 manat nağd şəkildə hesaba mədaxil edilməklə ümumilikdə 5187 manat ödənilmişdir. İddiaçı2 tərəfindən 1134 manat hesabdan silinməklə ödənilmişdir. Cavabdeh tərəfindən 4134.70 manat hesabdan silinməklə ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı ASC-nin arasında kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda İddiaçı1 və İddiaçı2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh borcunu ödəmədiyindən İddiaçı1 656 manat hesabdan silinməklə, 4531 manat nağd şəkildə hesaba mədaxil edilməklə ümumilikdə 5187 manat ödənilmişdir. İddiaçı2 tərəfindən 1134 manat hesabdan silinməklə ödənilmişdir. Cavabdeh pulu qaytarmamışdır. İddiaçılar cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qismən qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işçlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə görə, Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.2-ci maddəsinin tələbinə görə, Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5187 manat borc və ödənilmiş 120 manat dövlət rüsumu tutularaq İddiaçı1 xeyrinə, 1134 manat borcu tutularaq İddiaçı2 xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5187 manat borc və ödənilmiş 120 manat dövlət rüsumu tutularaq İddiaçı1 xeyrinə ödənilsin. Cavabdeh 1134 manat borcu tutularaq İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar