Məhkəmə qərarları › İş №2(039)-551/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-551/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-551/2021 06.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6780 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh uzun müddətdir ki, tanışıdır. Həmişə də yaxşı münasibətləri olmuşdur. Cavabdeh müxtəlif vaxtlarda qəbz yazıb imza etməklə ondan 6780 manat borc pul almışdır. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, cavabdeh tələbinə məhəl qoymayaraq borcunu ona qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı faizə borc verən şəxsdir, o, iddiaçıdan həmin məbləğləri borc almış və qaytarmışdır, iddiaçıya borcu qaytaran zaman ondan hər hansı qəbz almamışdır, hazırda onun iddiaçıya hər hansı borcu qalmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Cavabdeh tərəfindən 03.08.2019-cu il, 13.12.2019-cu il və 05.02.2020-ci il tarixdə verilmiş qəbzlərdən və “xxxx” ASC-nin 13.12.2019-cu il tarixli qəbzindən görünür ki, iddiaçı cavabdehə cəmi 6780 (4000+1400+1000+380) manat pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 6780 manat məbləğində borc vermiş, cavabdeh həmin pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, cavabdeh iddiaçıdan götürdüyü pulları qaytardığını bildirsə də, etirazının dəlillərinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 6780 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6780 (altı min yeddi yüz səksən) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar