Məhkəmə qərarları › İş №2(039)-557/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-557/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-557/2021 14.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli AL-1639 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətdə düşdüyü xx.xx.2015-ci il tarixə 3100,82 manat əsas, 174,82 manat mükafat və həmin günə hesablanmış 1,32 manat dəbbə pulu, cəmi 3276,79 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixdə AL-1639 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2014cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA595970 ban, 0390 mühərrik nömrəli, albalı rəngli avtomobil 12550 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X3 illik 17 % hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 311.79 manat, ümumilikdə isə 18707,27 manat məbləğində pulu İddiaçı ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18707,27 manatın 12550 manatı əsas məbləğ təşkil edir. xx xxxxxx 2014-cü il tarixdə X3, Cavabdeh və İddiaçı ASC arasında AL-1639 (1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx xxxxxxxx 2014-cü il tarixdə AL-1639 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh xx xxxxxx 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Lizinq obyekti tam yararsız vəziyyətə düşdüyü üçün “Daxili Lizinq” müqaviləsinin 11.4-cü bəndində əsasən lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq xx xxxxxx 2015-ci il tarixə 12316,79 manat məbləğində olmuşdur. Hadisə ilə bağlı “xxxx” ASC Sığorta Şirkəti tərəfindən avtomobilə dəymiş ziyana görə 7040 manat məbləğində sığorta ödənişi İddiaçı ASC-nin hesabına ödənilmişdir. Həmçinin “xxxx” ASC Sığorta Şirkəti tərəfindən tərtib olunmuş sığorta aktına əsasən avtomobilin qalıqlarının dəyəri 2000 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh xx xxxxxx 2015-ci il tarixə 12316,79 manat ödənilməli olduğu borcundan “xxxx” ASC Sığorta Şirkəti tərəfindən ödənilmiş 7040 manat sığorta ödənişini və 2000 manat məbləğində avtomobilin qalıqlarının dəyəri çıxıldıqdan sonra Cavabdeh lizinq şirkətinə xx xxxxxx 2015-ci il tarixə 3276,79 manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2014-cü il tarixdə 321 manat məbləğində olmuşdur. İddiaçı ASC-nin direktoru Rövşən Adıgözəlov ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iştirakı olmadan işə baxıb, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Elşən oğlu izahat verərək bildirmişdir ki, xx xxxxxx 2015-ci il tarixdə baş vermiş yol nəqliyyatı hadisəsindən sonra lizinq obyektinə vurulmuş ziyan sığorta şirkəti tərəfindən ödənilmiş və lizinq obyekti olan avtomobil xx xxxxxx 2015-ci il tarixdə onun sahibliyindən və istifadəsindən çıxmışdır. O, lizinq obyekti ilə taksi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edirmiş, hazırda fəaliyyət göstərmədiyi üçün tələb olunan pul vəsaitini ödəməyə imkanı yoxdur. Məhkəmədən iddia tələbini təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC (lizinq verən) ilə X3(lizinq alan) arasında xx xxxxxxxx 2014-cü il tarixdə bağlanmış AL-1639 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq verən Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən lizinq obyektini X3 oğlunun sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi dəyəri 12550 manatdır. İş materiallarında olan X3(öhdəlikləri ötürən), Cavabdeh Elşən oğlu(ğhdəlikləri qəbul edən) və İddiaçı ASC arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AL-1639 (1) saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, Cavabdeh Elşən oğlu xx xxxxxxxx 2014-cü il tarixdə bağlanmış AL-1639 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli sığorta aktından müəyyən olunur ki, 110766/1 saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “xxxx” ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “Daewoo Gentra” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilə(sığortalı İddiaçı ASC-yə) xx.xx.2015-ci il tarixdə baş verən sığorta hadisəsi zamanı 10270 manat məbləğində ziyan vurulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx xxxxxxxx 2014-cü il tarixli AL-1639 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyekti- “Daewoo Gentra” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2014-cü il tarixdə cavabdeh Asif Abdulayevin istifadəsinə və sahibliyinə verilmiş və lizinq obyekti xx xxxxxx 2015-ci il tarixədək sonuncunun istifadəsində olmuş, Cavabdeh lizinq obyektinin lizinqə alınması ilə bağlı ödəməli məbləğləri ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh müqavilə üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək hesablanmış 3100,82 manat əsas, 174,82 manat mükafat və 1,32 manat dəbbə pulu, cəmi 3276,79 manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3100,82 manat əsas, 174,82 manat mükafat və 1,32 manat dəbbə pulu, cəmi 3276,79 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar