Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-562/2023 03.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X1 Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş maddi ziyana görə pul» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş maddi ziyana görə pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4680 manat pul vəsaitin və dövlət rüsumu olaraq ödədiyi 66.80 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, İddiaçı onlara qarşı 4680 manat kirayə pulunun alınmasına dair Yevlax Rayon Məhkəməsində qaldırdığı iddiası iddianın yolverilməməzliyinə görə icraata qəbul edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ünvanlayaraq, əvvəlki iddia tələbini təmin etməklə yanaşı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4257 manat pul vəsaitin və dövlət rüsumu olaraq ödədiyi 42.57 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 4, 1 saylı mənzili ona məxsusdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə qanunsuz olaraq yaşayırlar. Cavabdehlərin onun mənzilində qanunsuz yaşamaqları ilə bağlı Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Buna baxmayaraq cavabdehlər 13 mart 2023-cü il tarixədək həmin mənzildə yaşamışlar. Həmçinin məhkəmə qətnaməsi ilə ondan təmir xərci kimi 4257 manat pul tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Qətnaməyə əsasən həmin pulu Cavabdeh2 ödəmişdir. Cavabdehlər evdən çıxan zaman həmin təmir yararsız hala salınmışdır. Ona görə də, cavabdehlərin onun evində qanunsuz yaşamaqları ilə bağlı ona vurduqları ziyanın və təmir xərcinin dəyərinin tutulmasını istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı və vəkili X3 iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 4, 1 saylı mənzili iddiaçıya məxsusdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə qanunsuz olaraq yaşayırlar. Belə ki, cavabdehlərin həmin mənzildən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa cavabdehlər yaşadıqları müddət ərzində həmin mənzildə guya ki təmir işləri gördükləri üçün ekspert rəyinə əsasən İddiaçı 4257 manat tutularaq Cavabdeh2 verilmişdir. Cavabdehlər qətnamənin icrası ilə bağlı 13 mart 2023-cü il tarixdə mənzildən çıxarılmışlar. Mənzilə çəkilmiş xərc həqiqəti əks etdirmir. Ekspert rəyində göstərilə 4257 manat dəyərində təmir mövcud deyil. İddiaçı və vəkili X3 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, 2019-cu ilin iyun ayında iddiaçıya məxsus mənzili almaq qərarına gəlmiş və danışıqdan sonra ona beh kimi 500 manat pul vermişdir. Sonradan cavabdehin təşəbbüsü ilə aralarında olan razılaşmaya əsasən həmin mənzilə köçmüşdür. Eyni zamanda alqı-satqını rəsmiləşdirmək üçün notariusa müraciət etmişdir. Lakin evin sənədləri natamam olması müəyyən edildi. Bu səbəbdən evi adına rəsmiləşdirə bilmədi. Sənədlər qaydasına salındıqdan sonra mənzil onun adına rəsmiləşməli idi. O isə evi aldığını fikirləşərək, evi təmir edərək xərc çəkmişdir. İddiaçı ilə aralarında olan razılıq pozulmuş və o məhkəməyə müraciət edərək, çəkilmiş xərcini tələb etmişdir. Bu barədə məhkəmə qətnaməsi mövcuddur. Evdən çıxarkən də, həmin təmir olduğu kimi yerində qalmışdır. O evdən çıxdıqdan sonra iddiaçı evi hansı hala saldığını bilmir. Evdə də əsassız qalmamışdır. Evdə aralarında olan alqısatqı barədə razılığa görə qalmışdır. Evdən çıxarılma haqqında qətnamə icraya yönələn zaman iddiaçı onun təmirə çəkdiyi xərci verməkdən imtina etdiyi üçün 1 ay gec çıxmışdır. İddiaçı onun pulunu ödədiyi gün o da evi təhvil vermişdir. Mənzildə iki ay əsassız olaraq yaşamışlar, həmin müddətin də icarə haqqını ödəməyə razıdır. Cavabdeh2 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, o Yevlax rayon İcra və Probasiya şöbəsində işləyir. Cavabdehlərin mənzildən çıxarılması ilə bağlı icra sənədi onun icraatında olmuşdur. Mənzil 13 mart 2023-cü il tarixdə boşaldılaraq, tələbkara təhvil verilmişdir. Əvvəllər həmin mənzildə olmadığından təmirin olub-olmaması barədə fikir bildirə bilmir. Təmirlə bağlı təhvil-təslim aktında qeyd mövcud deyil. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(039)-2516/2021 saylı qətnaməsindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1-dən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(107)-1043/2022 saylı qətnaməsindən məlum olur ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(039)-2516/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(039)-41/2022 saylı qətnaməsindən məlum olur ki, cavabdeh İddiaçı 500 manat avans, 4260 manat mənzilə çəkilmiş təmir xərci və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(107)-967/2022 saylı qətnaməsindən məlum olur ki, cavabdeh İddiaçı nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 4 may 2022-ci il tarixli 2(039)-41/2022 saylı qətnaməsi dəyişdirilmiş, cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməli olan mənzilə çəkilmiş təmir xərci 4257 manat müəyyən edilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 13 mart 2023cü il tarixli aktın surətindən məlum olur ki, ünvan 1-dən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılaraq mənzil İddiaçı təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 2(107)-1043/2022 saylı məktubunun surətindən məlum olur ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1043/2022 saylı mülki işi 11 yanvar 2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli 2(039)-2516/2021 saylı məktubunun surətindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2516/2021 saylı işi üzrə icra tədbirlərinin davam etdiriliməsi barədə məlumat Yevlax rayon İcra və Probasiya şöbəsinə 25 yanvar 2023-cü il tarixdə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirirlməsi MMC-nin 12 aprel 2023-cü il tarixli ƏQ-268/2023 saylı rəyindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən, 28.28 kv.m ümumi sahədən ibarət, dörd mərtəbəli binanın birinci mərtəbəsində yerləşən bir otaqlı mənzilin 12 aprel 2023-cü il tarixə aylı kirayə haqqı 70 manat təşkil edir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 4, 1 saylı mənzil İddiaçı təhvil verilmişdir. Cavabdeh mənzil almaq istəmiş və iddiaçı cavabdehə məxsus Yevlax şəhəri, Qamboy Quliyev küçəsi 4 saylı evin 1 saylı mənzilin alqı-satqısı barədə razılaşmışlar. Cavabdeh iddiaçıya məxsus mənzilə köçərək orada təmir işləri gördürmüşdür. Tərəflər arasında olan razılığa əsasən mənzil 2020-ci ilin may ayının sonunadək iddiaçının adına rəsmiləşdirilməsi idi. Lakin razılıqları pozulmuş və Cavabdeh2 təmirə çəkilmiş xərclə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə təmir xərci kimi 4257 manat pul İddiaçı tutularaq, Cavabdeh2 ödənilməsi qət edilmişdir. Həmçinin İddiaçı cavabdehlərin mənzildən çıxarılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(039)-2516/2021 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1-dən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şokayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 2(107)- 967/2022 saylı qətnaməsi ilə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 4 may 2022-ci il tarixli 2(039)-41/2022 saylı qətnaməsi dəyişdirilmiş, cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməli olan mənzilə çəkilmiş təmir xərci 4257 manat müəyyən edilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 2(107)- 1043/2022 saylı mülki işi 11 yanvar 2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsinə daxil olmuşdur. Yevlax Rayon Məhkəməsinin 2(039)-2516/2021 saylı işi üzrə icra tədbirlərinin davam etdiriliməsi barədə məlumat Yevlax rayon İcra və Probasiya şöbəsinə 25 yanvar 2023-cü il tarixdə daxil olmuşdur. 13 mart 2023-cü il tarixli təhvil təslim aktı əsasında mənzil iddiaçıya təhvil verilmişdir. Həmin mənzilin aylıq kirayə haqqı 70 manat təşkil edir. Məhkəmə qeyd edir ki, cavabdehlər həmin mənzilə tərəflər arasında olan alqı-satqı əsasında köçərək orada yaşamışlar. İddiaçı mənzildən çıxarılma ilə bağlı məhkəməyə müraciət etsə də, iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək cavabdehlərin həmin mənzildə yaşmaqlarının əsası həmin alqı-satqı barədə razılaşma olmuşdur. Məhkəmə hesab edir ki, qətnamə üzrə icra tədbirlərinin davam edilməsi barədə məktub Yevlax rayon İcra və Probasiya şöbəsinə 25 yanvar 2023-cü il tarixdə daxil olsa da, cavabdehlərin icra sənədinin 10 gün könüllü icrası üçün vaxtı olmuşdur. Buna baxmayaraq qətnamə 13 mart 2023-cü il tarixdə icra olunmuşdur. Yəni 05 fevral 2023-cü il tarixdən 13 mart 2023-cü il tarixədək cavabdehlər həmin mənzildə əsassız olaraq yaşamışlar. Buna görə də iki aylıq kirayə haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. 05 fevral 2023-cü il tarixdən 13 mart 2023-cü il tarixədək müddət iki təqvim ayını əhatə etməsə də, kirayə haqqının qabaqcadan ödənilməsi nəzərə alınaraq həmin müddət iki ay kimi nəzərə alınmalıdır. Məhkəmə iddianın təmirin yararsız hala salınması ilə bağlı qeyd edir ki, iddiaçı təmirin cavabdehlər tərəfindən yararsız hala salınmasını bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan təhvil-təslim aktından mənzil iddiaçıya təhvil verilən zaman yaranmış nöqsanlarla bağlı aktda qeyd aparılmış və tərəflər həmin nöqsanları öz imzaları ilə təsdiq etmişlər. Lakin həmin aktda təmirlə bağlı qeyd öz əksini tapmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 140 manat kirayə haqqı və iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 684.1-ci maddəsinə əsasən Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 691.1.3-cü maddəsinə əsasən Torpaq sahələrinin, otaqların və ya rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə kirayə haqqı aylar və ya daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildikdə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1098.2-ci maddəsinin tələbinə görə, Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 140 manat və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-562/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-562/2023
03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver