Məhkəmə qərarları › İş №2(039)-569/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-569/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-569/2021 14.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ********* saylı, xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə yaranmış 428 manat əsas borcu, 128 manat cərimə, ümumilikdə 556 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh “xxxx” MMC-nin hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ********* müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu, aldığı “Samsung A307 Black” markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 85 manat olmaqla, cəmi 509 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq heç bir ödəniş etməyib və qalıq qalmış 428 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə hesablanmış cərimə məbləği 128 manat təşkil edir. İddiaçının nümayəndəsi İsmayıl İsmayılbəyli ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iştirakı olmadan işə baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında əsas borcun tutulması hissəsində iddianı qəbul etdiyini, maddi imkanı olmadığı üçün iddiaçının borcunu ödəyə bilmədiyini bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ona 1№li əlavədən görünür ki, Cavabdeh ilə “xxxx” MMC arasında hissəhissə ödəniş etmək şərti ilə 509 manat dəyərində “Samsung A307 Black” markalı mobil telefonun alqı-satqısı barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 428 manat əsas, 128 manat cərimə borcu olmaqla, cəmi 556 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni alqı-satqı predmeti olan əçyanı cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə nəzərdə tutulan məbləği hər ay iddiaçıya ödəməli olduğu halda ödəməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borcun tutulması hissəsində iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 128 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 10 manat müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə olan 428 manat əsas borcu, 10 manat cərimə, ümumilikdə 438 manat borcu tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 428 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 438 (dörd yüz otuz səkkiz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar