Məhkəmə qərarları › İş №2(039)-590/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-590/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-590/2024 02.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 912.85 ABŞ dolları əsas, 402.92 ABŞ dolları faiz, 358.56 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1674.33 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi üzrə 200000 manat məbləğində 60 ay müddətinə kredit ayrılmış və xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 18 ay müddətinə illik 32% ödəmək şərti ilə 3750 ABŞ məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin borclu kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin xx.xx.2017-ci il tarixinə, kredit müqaviləsi üzrə 912.85 ABŞ dolları əsas, 402.92 ABŞ dolları faiz, 358.56 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1674.33 ABŞ dolları borcu yaranmışdır. Yevlax Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Cavabdeh1 həmin məhkəmə əmrinə əsas olmuş tələbə qarşı etiraz vermişdir. Yevlax Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" KB ASC-nin Cavabdeh1 və digərlərinə qarşı iddiası üzrə 2-(039)-590/2024 nömrəli mülki iş vardır. Həmin iddianın əsaslandığı tələb hüququ xx.xx.2021-ci il tarixli 02/21UB nömrəli müqavilə əsasında "xxxx" KB ASC-dən İddiaçı ASC-yə (o zaman "xxxx" MMC) (VÖEN **********) keçmişdir. Həmin tarixdən bu borc üzrə ödənişlər İddiaçı ASC-yə yönəldilir. Bu səbəbdən də, araşdırmanın düzgün aparılması və mübahisənin həll edilməsi, hüquq münasibətinin indiki iştirakçılarının qanuni marağının qorunması üçün icraatınızda olan mülki işdə iddiaçı "xxxx" KB ASC-ni İddiaçı ASC ilə əvəz edilməsinə zərurət və əsas yaranmışdır. AR MPM-in 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (tələb güzəşt edildikdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq icraatında olan 2-(039)-590/2024 nömrəli mülki iş üzrə iddiaçı "xxxx" KB ASC-ni hüquq varisi kimi İddiaçı ASC ilə (VÖEN **********) əvəz edilməsinin xahiş edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini, bank ondan tələb edilən pulu ona verdikdə manat məzənəsi ilə verdiyini bildirmiş və iddia tələbində isə dollar qeydi olunduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2014-cü il tarixli, 3314micMNG/14-EM №li kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 32 faiz dərəcəsi ilə 3750 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit alan kreditdən istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. "xxxx" KB ASC-nin tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2027-ci il tarixə borcu 912.85 ABŞ dolları əsas, 402.92 ABŞ dolları faiz, 358.56 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1674.33 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2470 saylı rəyindən müəyyən edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3314micMNG/14-EM saylı kredit müqaviləsində qeyd olunan şərtlari nəzərə alaraq Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-yə maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2017-ci il tarixə olan borcu 765.08 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 520.07 ABŞ dolları faiz borcu üzrə 245,01 ABŞ dolları təşkil edir. xx.xx.2014-cü il tarixli, 3314micMNG/14-EM saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 755,64 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Cavabdeh1n oğlu ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 3314micMNG/14-EM saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablanmışdır. Buna görə də hazırki təqdimatla Cavabdeh1 cərimə hesablanmışdır. xx.xx.2021-ci il tarixli 02/21UB nömrəli tələb hüququnun satılması haqqında müqavilədən görünür ki, tələb hüququ sözügedən müqavilə əsasında "xxxx" KB ASC-dən İddiaçı ASC-yə (o zaman "xxxx" MMC) (VÖEN **********) keçmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-590/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.2) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehlərdən 912.85 ABŞ dolları məbləğində əsas borc, 402.92 ABŞ dolları faiz borcunun tutulması hissəsində əsaslıdır, lakin 358,56 ABŞ dolları dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 358.56 ABŞ dolları məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 9.56 ABŞ dolları müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 520.07 ABŞ dolları əsas, 245.01 ABŞ dolları faiz, 9.56 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 774.64 ABŞ dolları pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 520.07 ABŞ dolları əsas, 245.01 ABŞ dolları faiz, 9.56 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 774.64 ABŞ dolları məbləğində borcu ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla, habelə iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri-100 (yüz) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 SFİFT Bik: CTREAZ 22 hesaba keçirilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar