Məhkəmə qərarları › İş №2(039)-594/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-594/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-594/2020 25.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5,363 manat məbləğində pulun alınıb ona qaytarılmasına dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, o, Yevlax rayonunun Ərəbbəsrə kəndinin torpaq sahəsindən sahibkarlıq məqsədi ilə torpaq sahəsi götürüb istifadə edir, həmin torpaq sahəsində əkinçilik və heyvandarlıqla məşğul olur. 2017-ci ilin mart ayında cavabdeh X6 ilə şərikli bostan əkmişlər. Şərtləri də belə olmuşdur ki, vəsaiti o, qoyacaq, əkinə rəhbərliyi Cavabdeh edəcək, əkin qurtardıqdan sonra qazancı böləcəklər. Əkin batdı, gəlir və qoyduqları xərci götürə bilmədilər. Bundan sonra razılaşmışlar ki, qoyulan xərcin onun payına düşən hissəsini ödəsin. Yuxarıda göstərdikləri şahidlər X3, Əliyeva Nəzakət Körpə qızı və X1 da təsdiq edə bilər. Hesablama nəticəsində Cavabdeh ona 5,663 manat borcu qaldı. Sonradan Cavabdeh borcu istədikdə ona 300 manat ödədi və qalanını ödəyəcəyinə söz verdi. Həmin gün borcu verən zaman Cavabdeh yazılı surətdə göstərdi ki, qalan borcunu imzası ilə təsdiq etsin. Cavabdeh da ona 5,363 manat borcu olmasını imzası ilə təsdiqlədi. Hazırda Cavabdeh olan 5,363 manat borcunu ödəmir. Xəstəliyi ilə əlaqədar müalicə olunur, pula ehtiyacı vardır. Ona görə də məcburiyyət qarşısında qalaraq Cavabdeh ona olan 5,363 manat məbləğində borcun alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə uzun müddətdir tanışdır. Belə ki, iddiaçının təklifi ilə ona məxsus torpaq sahəsində bir neçə ildir ki, işləyərək bostan əkib qarpız yetişdirmişlər. İddiaçı bundan hər il yüksək məbləğdə qazanc əldə etmiş və ona da qazancdan pul ödəmişdir. Lakin, son ildə bostanda yaxşı məhsul olsa da satışı çox zəif olmuşdur. Bu səbəbdən də iddiaçı maddi ziyana uğramışdır. 2019-cu ildə bostanda işlədiyi zaman ona məxsus avtomobil nasaz olduğundan müəyyən ehtiyat hissələri almaq məcburiyyətində qalmışdı. İddiaçı, işləri dayanmasın deyə həmin ehtiyat hissələrini öz vəsaiti hesabına alaraq ona vermişdir. Ziyana uğradıqdan sonra iddiaçı ona bildirmişdir ki, həmin ziyana o da, şərik olmalıdır. Buna cavab olaraq həmin bostanda əziyyət çəkdiyini, yalnız avtomobilinin ehtiyat hissələrinə ödədiyi pulu ona qaytaracağını bildirmiş və bu məqsədlə ona 300 manat pul vermişdir. İddiaçının tələbi ilə boş kağız parçasında 300 yazıb ona vermişdir. İddiaçı sonradan həmin yazıya əlavələr etmişdir. Ziyana uğradığı təqdirdə birgə məsuliyyət daşımaları barədə aralarında hər hansı razılıq olmamışdır. İddiaçı ziyana uğradığından bostanda işləyən işçilərin də pulunu ona vermədiyindən o da, öz növbəsində işçilərə pularını verməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 bildirmişdir ki, Şabanla bir yerdə bostanda işləmişdir. Aralarında bununla bağlı əmək müqaviləsi bağlanmamışdır. Günəmuzd hər gün üçün 10 manat əmək haqqı almışdır. Həmin il bostandan yaxşı məhsul götürmüşlər, lakin, digər yerlərdə zəhərlənmə halları olduğundan bostandan götürdükləri qarpız məhsulunu sata bilməmişlər. Ariflə Şabanən biri-birinə pul alıb-vermələrinin şahidi belə olmamışdır. Şahid X3 bildirmişdir ki, İddiaçı tanıyır, sonuncuya məxsus bostanda cəmi bir ay işləmiş, gündəlik 7-8 manat əmək haqqını İddiaçı ona ödəmişdir. X9 Körpə qızı bildirmişdir ki, İddiaçı məxsus bostanda işləmişdir. Ona günəmuzd olaraq pulunu Cavabdeh ödəməli idi, lakin Cavabdeh onun pulunu ödəməmişdir. Şahid X5 bildirmişdir ki, Cavabdeh onun əridir. Belə ki, əri ilə bir yerdə İddiaçı məxsus bostanda işləmiş, lakin nə onun nə də ərinin əmək haqqı son il üçün ödənilməmişdir. Ərinin İddiaçılə maddi ziyanla bağlı razılaşmasına dair hər hansı məlumatı olmamışdır. Təqdim edilmiş qəbzdə qeyd olunur ki, xx.xx.2018 Şaban borcundan 300 manat verdi. Cəmi 5,363 manat borcu qalmışdır. Mülki Məcəllə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. (zərərin əvəzinin ödənilməsi) əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 1096. Mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməinin xx xxx 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psiloxoji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin əldə etdikləri razılaşmaya əsasən, sonuncu, iddiaçının təqdim etdiyi torpaq sahəsində işləmiş və gəlir əldə etdikdə gəlirin bir qismini iddiaçı cavabdehə ödəmişdir. Lakin, son ildə bostandan götürdükləri məhsul satılmadığından iddiaçı maddi ziyana uğramışdır. Bu səbəbdən iddiaçı cavabdehdən vurulmuş maddi ziyanı tələb edir. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə iddiaçı, iddiasının əsası olaraq istifadə etdiyi torpaq sahəsinin hansı hüquqla ona məxsus olmasını, cavabdehlə aralarında faktiki olaraq icra etdikləri tapşırıq müqaviləsinin şərtlərini, maddi ziyanın vurulmasını, vurulmuş maddi ziyanın hesablanması qaydasını, habelə vurulmuş maddi ziyanın məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etməli olduğu halda, buna dair hər hansı sübut təqdim etməmişdir. Təqdim edilmiş qəbzlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh həmin qəbzdə yalnız “300” sözünü icra etdiyini bildirmiş, iddiaçı isə bunu təkzib edən sübut təqdim etməmiş, cavabdehin bu mövqeyini mübahisələndirməmişdir. Həmin qəbz isə vurulmuş ziyanla bağlı olduğu təsdiq edilmir, belə ki, qəbzdə Şabanın borcundan 300 manat ödənilməsi qeyd edilmiş, qalıq məbləğ isə mətn üzrə cümlədə deyil, əlavə olaraq qeyd edilmişdir. Şahidlərin ifadələri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, bu ifadələr iddiaçı ilə cavabdeh arasında mövcud olmuş müqavilə münasibətlərinin şərtlərinin, maddi ziyanın məhz cavabdeh tərəfindən vurulmasının təsdiqi kimi qəbul edilə bilməz. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehdən 5,363 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar