Məhkəmə qərarları › İş №2(039)-642/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-642/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-642/2024 03.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Qəhraman qızına, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Qəhraman qızına, Cavabdeh3 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə BOKT İnkişaf üçün Maliyyə MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, L-MN-0054558-F saylı kredit və zaminlik müqaviləsinin ləğv edilməsini və qalıq kredit borcu üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Qəhraman qızından, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada əsas məbləğ üzrə 1778.40 manat, faiz borcu üzrə 260.73 manat, cərimə borcu üzrə 266.85 manat və əldən çıxmış fayda 235.05 manat olmaqla, cəmi 2541.03 manat məbləğində kredit borcu və ödənilmiş 46 manat dövlət rüsumunun alınaraq BOKT İnkişaf üçün Maliyyə MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) İnkişaf üçün Maliyyə MMC-nin Mingəçevir filialına kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla tələbkar təşkilat arasında xx.xx.2021-ci il tarixli, L-MN-0054558-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu 30 ay müddətinə, illik 26% olmaqla 6000 manat məbləğində kredit götürülmüşdür. Həmin tarixdən kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh2, Cavabdeh4 Qəhraman qızı, Cavabdeh3 və Cavabdeh5 ilə xx.xx.2021-ci il tarixli MN- 00033188, MN-00019321, MN-00020446 saylı zaminlik müqavilələri və Cavabdeh4 ilə xx.xx.2021-ci il tarixli, L-MN-0054558-F birgə borcululuq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər cavabdehlər tərəfindən təşkilata əsas məbləğ üzrə 4221.60 manat, faiz borcu üzrə 2208.08 manat cərimə borcu üzrə 243.58 manat olmaqla, cəmi 6674 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 1778.40 manat, faiz borcu üzrə 260.73 manat, cərimə borcu üzrə 266.85 manat və əldən çıxmış fayda 235.05 manat olmaqla, cəmi 2541.03 manat kredit borcu var. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini, iddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC-yə olan əsas borcu yəni 1778.40 manat borcunu hər ay 100 manat olmaqla ödəyə biləyəcəyini və məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehlər Cavabdeh4 Qəhraman qızı, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, xx.xx.2021-ci il tarixli, L-MN-0054558-F №li əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, BOKT İnkişaf üçün Maliyyə MMC Cavabdeh1 30 ay müddətinə ilkin 26% olmaqla 6000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli, L-MN-0054558-F №li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT İnkişaf üçün Maliyyə MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, MN-00019321 №li zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli, L-MN-0054558-F №li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT İnkişaf üçün Maliyyə MMC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, MN-00020446 №li zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli, L-MN-0054558-F №li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT İnkişaf üçün Maliyyə MMC ilə Cavabdeh5 arasında xx.xx.2021-ci il tarixli, MN-00033188 №li zaminlik müqaviləsi bağlanmışdır. BOKT İnkişaf üçün Maliyyə MMC-nin tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə borcu 1778.40 manat, faiz borcu üzrə 260.73 manat, cərimə borcu üzrə 266.85 manat və əldən çıxmış fayda 235.05 manat olmaqla, cəmi 2541.03 manat təşkil edir. BOKT İnkişaf üçün Maliyyə MMC-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə təşkilat arasında bağlanmış xx.xx.2021-ci il tarixli L- MN-0054558 saylı müqaviləyə əsasən BOKT İnkişaf üçün Maliyyə MMC-in Mingəçevir filialından 6000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 təşkilata xx.xx.2023-cü il tarixinə 1778.40 manat kredit borcu qalmışdır. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 222570 №-li ölüm haqqında akt qeydindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir; Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə BOKT İnkişaf üçün Maliyyə MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Qəhraman qızına, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.2) Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka olan 1778.40 manat, faiz borcu üzrə 260.73 manat, cərimə borcu üzrə 266.85 manat və əldən çıxmış fayda 235.05 manat olmaqla, cəmi 2541.03 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehdən 1778.40 manat məbləğində əsas borcun, 260.73 manat faiz borcunun və əldən çıxmış fayda 235.05 manatın tutulması hissəsində əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 266.85 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 6.85 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 42.81 manat dövlət rüsumu, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh2 aid hissədə isə sonuncu öldüyündən hazırki mülki iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1dan, Cavabdeh4 Qəhraman qızından, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada xx.xx.2021-ci il tarixli, L-MN-0054558-F saylı kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 1778.40 manat, faiz borcu üzrə 260.73 manat, cərimə borcu üzrə 6.85 manat və əldən çıxmış fayda 235.05 manat olmaqla, cəmi 2281 (iki min iki yüz səksən bir) manat 03 (üç) qəpik məbləğində borcu və 41 (qırx bir) manat 81 (səksən bir) qəpik dövlət rüsumu iddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar