Məhkəmə qərarları › İş №2(039)-658/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-658/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-658/2025 13.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Kərimov Həsən Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1987-ci ildə Yevlax rayonunun Ərəş kəndində doğulmuşdur. Hazırda xidmətdə olan hərbi qulluqçudur. Cavabdeh onun (iddiaçının) hərbiçi yoldaşıdır və uzun illər bir yerdə qulluq etmişdirlər. Cavabdeh 2022-ci ilin yay aylarında ondan (iddiaçıdan) borc olaraq 1100 (bir min bir yüz) manat məbləğində pul almışdır. Həmin puldan cavabdeh ona (iddiaçıya) 180 (bir yüz səksən) manat qaytarmış və 920 (doqquz yüz iyirmi) manat borcu qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmn pulu ona qaytarmamışdır. 2022-ci ilin sonlarında Tərtər Hərbi Prokurorluğunda araşdırma aparılan zaman Cavabdeh izahat vermiş və həmin izahatında ona (iddaçıya) borclu olduğunu etiraf etmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh 920 (doqquz yüz iyirmi) manat pulun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Tərtər Hərbi Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı hərbi hissədə xidmətdə olarkən şəxsi heyətə qarşı qanunsuz hərəkətlərə yol verməsi faktı üzrə araşdırma aparılmış və həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən Tərtər Hərbi Prokurorluğunda verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh izahatında İddiaçı 2021-ci ilin iyul ayında borc olaraq 1000 (bir min) manat aldığını, həmn puldan 700 (yeddi yüz) manatını qaytardığını və 300 (üç yüz) manat borcunun qaldığını göstərmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Tərtər Hərbi Prokurorluğunda verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, İddiaçı izahatında Cavabdeh 2021-ci ilin iyul ayında borc olaraq 1000 (bir min) manat verdiyini göstərmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin iyul ayında İddiaçı 1000 (bir min) manat borc almış, həmin borcundan 180 (bir yüz səksən) manatını qaytarmış, lakin qalan borcunu qaytarmaqdan yayınmışdır. Tələb edilməsinə baxmayaraq, cavabdeh qalan borcunu ödəməmiş və buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsində cavabdehə 1100 (bir min bir yüz) manat borc verdiyini göstərsə də, onun tərəfindən borc olaraq verilmiş məbləğin 1000 (bir min) manat olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı Tərtər Hərbi Prokurorluğunda verdiyi izahatında 2021-ci ilin iyul ayında cavabdehə borc olaraq 1000 (bir min) manat verdiyini, cavabdeh isə izahatında iddiaçıdan həmin vaxt 1000 (bir min) manat borc aldığını göstərmişlər. Buna görə də, iddiaçı tərəfindən cavabdehə 2021-ci ilin iyul ayında verilmiş borcun məbləği 1000 (bir min) manat qəbul edilməlidir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh 2021-ci ilin iyul ayında iddiaçıdan aldığı 1000 (bir min) manat borcdan 180 (bir yüz səksən) manatını qaytarmışdır. Belə ki, həmin xüsusatla bağlı iddiaçı da iddia ərizəsində cavabdeh tərəfindən ona 180 (bir yüz səksən) manatın ödənildiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında cavabdehin iddiaçıdan 2021-ci ilin iyul ayında aldığı 1000 (bir min) manat borcu tam şəkildə qaytardığı müəyyən edilməmişdir. Cavabdeh tərəfindən həmin halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək cavabdehdən 820 (səkkiz yüz iyirmi) manat borc pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. İşdə olan vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmn edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 820 (səkkiz yüz iyirmi) manat borc pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmn edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar