Məhkəmə qərarları › İş №2(039)-690/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-690/2024

24.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-690/2024 24.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, iddiaçı qeyd olunan iddia tələbi üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakla bağlı tələbə riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.5-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn (o cümlədən nikahın davam etdirilməsi şərtləri, uşağın yaşayış yerinin müəyyən edilməsi ilə bağlı) mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən, ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 saylı Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında Qərarının 2.1.1-ci bəndində qeyd edilmişdir ki, dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Həmin qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, Dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddia ərizəsi iddia ərizəsi iddiaçıya geri qaytarılsın. 23 yanvar 2024-cü il tarixli 30803 saylı qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar