Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-759/2021 25.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Yevlax rayonu Səmədabad Bələdiyyəsinin sədri İddiaçı, Cavabdeh iştirakı ilə, iddiaçı Yevlax rayonu Səmədabad Bələdiyyəsinin Cavabdeh qarşı torpağın icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yevlax rayonu Səmədabad Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış torpaq icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia ərizəsi dəqiqləşdirilmişdir) İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh Yevlax rayonu Bünyadabad kənd sakinidir, Bələdiyyə ilə cavabdeh arasında torpaq icarə müqaviləsi bağlanmışdır. Torpaq icarə müqaviləsi Yevlax rayonu Səmədəbad Bələdiyyəsinin 07 may 2007-ci il tarixli 05 saylı qərarı əsasında bağlanmışdır. İcarə müqaviləsinin predmeti 05 hektar torpaq sahəsinin icarəçinin, yəni cavabdehin istifadəsinə verməkdir. İcarəyə verilmiş torpaq sahəsi Nemətabad bələdiyyəsi ilə həmsərhəd olan ərazidə 1-98 saylı çevrədə yerləşir. Cavabdeh-icarəçi Cavabdeh torpaq icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir və torpaq icarə müqaviləsinin şərtlərini pozur. Bu da özlüyündə torpaq icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi üçün şərtlərdəndir. Belə ki, icarəçi icarəyə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən təyinatı üzrə istifadə etmir, o cümlədən icarə haqlarını vaxtlı-vaxtında ödəmir. İcarəyə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsi torpaq sahəsinin kateqoriyasına da, yəni keyfiyyətinin aşağı düşürməsinə də təsirsiz ötüşmür. Məhkəmə iclasında iştirak edən iddiaçı Yevlax rayon Səmədabad Bələdiyyəsinin sədri İddiaçı izahatında bildirmişdir ki, cavabdehə icarəyə verilən torpaq sahəsi Bələdiyyənin örüş ehtiyat fonduna daxildir. Cavabdeh qeyd olunan torpaq sahəsinin bir hissəsinə yonca, bir hissəsinə pambıq və buğda bitkisi əkməklə torpağın təyinatı üzrə istifadə qaydalarını pozmuşdur. Bu səbəbdən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, Bələdiyyə 2007ci ildə 05 ha torpaq sahəsini 25 il müddətinə onun istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsi örüş təyinatlı torpaq sahəsi kimi olunsa da, ona bu torpaq sahəsi kənd təsərrüfatı məhsullarının əkilməsi üçün verilmiş və o, həmin torpaq sahəsində pambıq və digər kənd təsərrüfatı məhsulları əkib becərmişdir. İddia tələbi tamamilə əsassızdır və məhkəmədən tələbin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yevlax rayonu Səmədabad Bələdiyyəsinin 07 may 2007-ci il tarixli, 05 saylı qərarından görünür ki, Səmədabad Bələdiyyəsinin mülkiyyətində olan 05 hektar örüş sahəsinin 25 il müddətinə Cavabdeh icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan 07 may 2007-ci il tarixli, 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh (icarəçi) ilə Yevlax rayonu Səmədabad Bələdiyyəsi (icarəyəverən) arasında 07 may 2007-ci il tarixli, 05 saylı qərar əsasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin predmeti 05 ha torpaq sahəsinin 25 illik müddətə icarəyə verilməsidir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatlı Nazirliyinin Yevlax X1 Mərkəzi tərəfindən verilmiş 86 №-li, 20.05.2021-ci il tarixli məktubdan görünür ki, Yevlax X1 Mərkəzinin mütəxəssisləri Yevlax rayon Səmədabad Bələdiyyəsi tərəfindən Cavabdeh icarəyə verilmiş 5 ha torpaq sahəsinə yerində baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh icarəyə verilmiş örüş uqodiyalı 05 ha torpaq sahəsi bələdiyyənin ehtiyat örüş sahəsinə aiddir və icarəçi həmin torpaq səhəsinin 3 hektarından pambıq, 1 hektarında yonca, 1 hektarında isə buğda bitkisi əkmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 16.7-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Həmin Məcəlləsinin 73.1-ci maddəsinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. Həmin Məcəllənin 712.3-cü maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. Həmin Məcəllənin 713-cü maddəsinə əsasən əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Yevlax rayonu Səmədabad Bələdiyyəsi ilə Cavabdeh arasında 07 may 2007-ci il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Müqavilə əsasında Bələdiyyənin ehtiyat fonduna daxil olan 05 hektar örüş təyinatlı torpaq sahəsi Cavabdeh 25 il müddətinə icarəyə verilmişdir. Cavabdeh həmin torpaqdan örüş məqsədi ilə istifadə etməli olduğu halda torpaqdan təyinatı üzrə istifadə etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu Səmədabad Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 07 may 2007-ci il tarixli, 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilməli və Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Yevlax rayonu Səmədabad Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 07 may 2007-ci il tarixli, 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilsin. Cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-759/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-759/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver