Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-760/2021 19.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Yevlax rayon Səmədabad Bələdiyyəsinin nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı Yevlax rayon Səmədabad Bələdiyyəsi Cavabdeh qarşı «torpaq icarə müqaviləsinin ləğv edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq icarə müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Səmədabad Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2007-ci il tarixli 1 hektar torpaq sahəsinə dair 30 illik torpaq icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əsil iddiaçı Yevlax rayon Səmədabad Bələdiyyəsi ilə əvəz edilmişdir. İddiaçı Yevlax rayon Səmədabad Bələdiyyəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, Yevlax rayon Səmədabad Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2007-ci il tarixli 1 hektar torpaq sahəsinə dair 30 illik torpaq icarə müqaviləsinin ləğv edilməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Yevlax rayon Səmədabad Bələdiyyəsinin nümayəndəsi İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, Yevlax rayon Səmədabad Bələdiyyəsi ilə Cavabdeh barasında 17 sentyabr 2007-ci il tarixli müqaviləyə əasən 1 hektar torpaq sahəsi cavabdehə 30 illik icarəyə verilmişdir. Həmin torpaq sahəsi örüş üçün nəzərdə tutulsa da, cavabdeh həmin torpağı təyinatı üzrə istifadə etmir. Belə ki, cavabdeh həmin torpaq sahəsində əkinçiliklə məşğul olur. Dəfələrlə cavabdehə torpağın təyinatı üzrə isitifadə olunması tələb olunsa da cavabdeh buna əməl etməmişdir. Bu səbəbdən də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə izzahat ünvanlayaraq bildirimişdir ki, 2007-ci ilin sentyabr ayında həmin torpağı icarəyə götürmüşdür. Hər il 30 manat icarə haqqı ödəyir. Əvvəllər həmin torpaqda pambıq və taxıl əkirdi. Hazırda isə göy-göyərti əkir. Torpaq sahəsi icarəyə verilərkən örüş məqsədi ilə verilmişdir. O bilirdi ki, həmin torpaqda ancaq heyvan otara bilər. Lakin maddi vəziyyəti ilə əlaqədar torpağı təyinatı üzrə istifadə edə bilməmişdir. Bələdiyyə tərəfindən bu barədə xəbərdarlıq edilmişdir. Lakin iddianın rədd olunmasını xahiş edir. Belə ki, onun gəlir yeri torpaqdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 sentyabr 2007-ci il tarixli sahə seçmə aktının surətindən məlum olur ki, icarə müqaviləsi əsasında Cavabdeh Yevlax rayon Səmədabad Bələdiyyəsi ərazisində 1 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Səmədabad Bələdiyyəsinin 17 sentyabr 2007-ci il tarixli 04 saylı qərarının surətindən məlum olur ki, Cavabdeh Yevlax rayon Səmədabad Bələdiyyəsi ərazisində 1 ha torpaq sahəsi örüş məqsədi ilə 30 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 sentyabr 2007-ci il tarixli 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən məlum olur ki, Cavabdeh ilə Yevlax rayon Səmədabad Bələdiyyəsi arasında 30 illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 sentyabr 2007-ci il tarixli 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 2.10-cu bəndindən məlum olur ki, İcarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüqauqdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 sentyabr 2007-ci il tarixli 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 2.13-cü bəndindən məlum olur ki, İcarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icrə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək icarəçinin vəzifəsidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Səmədabad Bələdiyyəsinin 28 aprel 2021-ci il tarixli 10 saylı arayışından məlum olur ki, Bələdiyyə tərəfindən Cavabdeh icarəyə verilmiş bir hektar örüş təyinatlı torpaq sahəsi Bələdiyyənin ehtiyat örüş fonduna aid torpaq sahəsidir. Cavabdeh üç ildir ki, həmin torpaq sahəsində tərəvəz məhsullarının əkib becərməsi ilə məşğul olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Kənd X1 X2 Mərkəzinin 07 may 2021-ci il tarixli 79 saylı arayışından məlum olur ki, Cavabdeh 2007-ci ilin sentyabr ayında şəxsi heyvandarlıq təsərrüfatının inkişafı məqsədi ilə Yevlax rayon Səmədabad Bələdiyyəsinin örüş uqodiyalı torpaq sahəsindən 1 ha torpaq sahəsini 30 il müddətinə icarəyə götürmüşdür. Cavabdeh Yevlax rayon Səmədabad Bələdiyyəsi tərəfindən icarəyə verilmiş 1 ha torpaq sahəsinə Yevlax DAİM mütəxəssisləri tərəfindən yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh icarəyə verilmiş örüş uqodiyalı 1 ha torpaq sahəsi icarəçi tərəfindən təyinatı üzrə istifadə olunmamışdır. Belə ki, həmin torpaq sahəsi hazırda şumlanmış vəziyyətdədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.3-cü maddəsinə əsasən Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4-cü maddəsinə əsasən Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.7-ci maddəsinə əsasən Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.
5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.
7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73.1-ci maddəsinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları aşağıdakılardır: torpaqdan təyinatı üzrə istifadə etmək; qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək; torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək; torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq; torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq; bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək; qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırmamemarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziyaistinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 708.2-ci maddəsinə əsasən İcarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 712.3-cü maddəsinə əsasən İcarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. İcarəyə götürülmüş torpaqdan istifadənin əvvəlki növünü dəyişdirmək üçün icarəyə verənin qabaqcadan razılığını almaq yalnız o halda tələb edilir ki, bu dəyişiklik icarə müddətindən sonra istifadə növünə təsir göstərsin. İcarəçinin binalar ucaltmasına yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla yol verilir. İcarəyə verən icazə verməkdən imtina etdikdə icarəçinin müraciəti ilə bu icazə məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, dəyişiklik müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya icarə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. İcazə məhkəmənin müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qərarı ilə əvəz edilə bilər, məsələn, məhkəmə təminat verilməsi barəsində sərəncam verə bilər, habelə təminatın növünü və həcmini müəyyənləşdirə bilər. Əgər təminatın verilməsi üçün əsas aradan qalxarsa, tərəfin müraciəti ilə məhkəmə təminatın qaytarılması barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 713-cü maddəsinə əsasən Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, Yevlax rayon Səmədabad Bələdiyyəsi ilə Cavabdeh arasında 15 sentaybr 2007-ci il tarixdə Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Müqavilə əsasında Bələdiyyənin mülkiyyətində olan bir hektar örüş təyinatlı topraq sahəsi Cavabdeh 30 il müddətinə icarəyə verilmişdir. Cavabdeh həmin torpaqdan örüş məqsədi ilə istifadə etməli olduğu halda torpaqdan təyinatı üzrə istifadə etməmişdir. Bələdiyyə tərəfindən torpağın təyinatı üzrə istifadə olunması bildirilsə də, Cavabdeh torpağı təyinatı üzrə istifadə etməmişdir. Ona görə də, məhəkəmə hesab edir ki, Yevlax rayon Səmədabad Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2007-ci il tarixli 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilməli və Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10 (on) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
Yevlax rayon Səmədabad Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2007-ci il tarixli 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilsin. Cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10 (on) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Ruslan Əlizadə