Məhkəmə qərarları › İş №2(039)-780/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-780/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-780/2023 28.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4050 manat məbləğində borcun və 60.50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, iri buyunuzlu mal-qara alveri ilə məşğul olur. Cavabdeh Yevlax rayonu, Kövər kənd sakini Cavabdeh da iri buyunuzlu malqara alveri ilə məşğul olun şəxs kimi tanıyır. 2022-ci ilin may ayında Salyan rayonu ərazisində olan mal-heyvan bazarında olarkən cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsəsən 7 baş erkək dananı 4350 manat pula razılaşaraq nisyə olaraq satmışdır. Həmin vaxt onların yanında onunla birlikdə bazara mal-heyvan aparmış Fariz Nəbiyev və Kamil Nəbiyev var idi. Cavabdehlə ona olan borcunu bir həftəyə verməsi barədə razılaşsa da, cavabdeh öhdəliyi yerinə yetirməyərək həmin puldan ona indiyədək cəmi 300 manat pul ödəmiş və qalan 4050 manat pulu isə hal-hazırki vaxta kimi ona ödəməmişdir. O, dəfələrlə cavabdehin mobil telefonlarına zəng edərək ona borclu olduğu pulu tələb etdə də, heç bir nəticəsi olmamış, hər dəfə müxtəlif bəhanələr gətirərək ona pulu verməkdən yayınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmiş və məhkəməyə ərizə təqdim edərək Cavabdeh ümumilikdə borcundan 500 manat ödəmiş və bu günə 3850 manat borcu qalmasını bildirmiş və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək İddiaçı borclu olduğu 4350 manat puldan 500 manat vermişdir bu günkü günə onun İddiaçı 3850 manat borcu qaldığını bildirmişdir. İddiaçı Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək, məhkəmə prosesində səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxılmasını və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində İddiaçı borclu olduğu 4350 manat puldan 500 manatını qaytardığını bu günkü günə onun İddiaçı 3850 manat borcu qaldığını bildirmişdir; İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində Cavabdeh borcundan ümumilikdə 500 manat ödədiyini və bu günə onun 3850 manat borcu qalmasını bildirmişdir; xx.xx.2023-cü il tarixli teleqramda İddiaçı səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini, iddiasını müdafiə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələblərinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 7 baş erkək dananı 4350 manat məbləğində pul qarşılığında nisyə satmış, Cavabdeh həmin puldan 500 manat məbləğində pulu iddiaçıya qaytardığı halda, borclu olduğu 3850 manat pulu qaytarmayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materialları və cavabdehin etirafı ilə öz təsdiqini tapır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 İddiaçı xeyrinə 3850 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58.50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58 (əlli səkkiz) manat 50 (əlli) qəpik İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar