Məhkəmə qərarları › İş №2(039)-785/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-785/2021

04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-785/2021 04.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 07.10.2018-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 200 manat müəyyən edilməsi və uşağın 3 yaşına çatanadək özünün saxlanılması üçün hər ay 100 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 07.03.2018-ci ildə ailə qurub evlənmişlər, nikahlarından 07.10.2018-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Cavabdeh uşağının saxlanılmasında köməklik etmir. Ailəsini çətin və ağır vəziyyətə salıb. O, aylardır ki, uşağını tək başına saxlayır. Məhkəmə tərəfindən 120 manat uşağının saxlanılması üçün aliment təyin edilmişdir. Ancaq bu məbləğ uşağın saxlanılmasını təmin etmir. Cavabdeh öz uşağının normal saxlanılması üçün heç bir qəti addım atmır. Mövcud aliment uşağın maraq və mənafiələrini təmin etmir, son dərəcə azdır. Cavabdeh hər ay uşaq üçün 200 manat aliment ödəyə bilər. Bundan başqa uşağın 2 yaşı var, xəstədir. Müalicə və müayinəyə ehtiyacı var. Uşağın saxlanılması üçün özünə də alimentin tutulmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh oğlu məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1298/2019 saylı, 30 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, 07 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 aprel 2019-cu il tarixindən başlayaraq Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin artırılması barədə iddia qismən əsaslıdır. Belə ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. İşin faktiki hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1298/2019 saylı, 30 aprel 2019-cu il tarixli qətnaməsi qəbul edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş, yəni uşağın saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 07.10.2018-ci il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər bir valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, Yevlax Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 160 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının özünün saxlanılması üçün alimentin tutulması barədə iddia təmin edilə bilməz. Belə ki, həmin tələbin qanuni əsasını Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Qeyd olunan maddədən görünür ki, bu əsasla alimentin tutulması üçün aliment tutulmalı olan şəxs buna zəruri vəsaitə malik olmalıdır. Lakin hazırkı işdə bu hallar təsdiq edilmir. Çünki cavabdehin maddi vəziyyəti və onun işləməsi və aylıq qazancı barədə sübutlar təqdim olunmadığına görə onun zəruri vəsaitə malik olması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 30.04.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 07.10.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar