Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-808/2021 19.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus 23 baş qoyunu sataraq ona vurmuş olduğu 4600 manat zərərin, həmçinin qoyunlara baxmaq adı ilə ondan almış olduğu 300 manat məbləğin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona məxsus olan qoyun-quzunu mənimsəmişdir. O, bu barədə Yevlax rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət edərək əldən çıxmış, mənimsənilmiş 23 baş ana qoyunu cavabdehdən tələb etmişdir. Qeyd olunan ana qoyunun hər birinin qiyməti 200 manatdır. O, cavabdehə qoyunu saxlama haqqı olaraq 300 manat əvvəlcədən ödəmə etmiş, şəxs 3 gün ərzində 23 baş qoyunu hər birini 200 manatdan satmaqla, ümumilikdə ona 4600 manat ziyan vurmuşdur. Cavabdehin ona məxsus əmlakını oğurlaması və yaxud mənimsəməsi ilə bağlı Yevlax rayon Polis Şöbəsinə müraciətlər etmiş. Qeyd olunan xüsusatlar araşdırılmış və bu barədə cavabdehin izahatı alınmışdır. Polis şöbəsinə vermiş şikayəti ilə bağlı Cavabdeh bildirmişdir ki, həqiqətən o, həmin qoyunları götürüb və Xəyal adlı tanışına verib. Xəyal isə heyvanları götürüb Zərdab rayonunda yerləşən İbrahimə məxsus fermaya aparıb, təxminən 15 gündən sonra Xəyala zəng edib, Xəyalın telefonlara cavab vermədiyini görüb 09.01.2021-ci ildə Zərdab rayonuna İbrahimə məxsus olan fermaya gedibdir. Həmin vaxt məlum olub ki, Xəyal ona məxsus qoyunları 1500 manata satıb və çıxıb gedib. O, nə Xəyalı, nə də Zərdab rayonunda İbrahim adlı ferma rəhbərini tanımır. Bütün baş verənlərə görə cavabdeh məsuliyyət daşıyır və ona vurulmuş ziyanı ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək bildirmişdir ki, o, başqa şəxslərin mal-qarasını otarmaqla məşğuldur. Özünə məxsus qoyunları saxlamağa yeri olmadığı, həm də qoyunlar ac qaldığı üçün qoyunları başqa şəxsə saxlamaq üçün vermək qərarına gəlmişdir. Bu səbəbdən o, Cavabdeh müraciət etmişdir. Çünki Asimgilin ferması olduğunu bilmişdir. Lakin Asim ona, onun qoyunlarını saxlaya bilməyəcəyini, lakin qohumu olan Xəyalın həmin qoyunları saxlaya biləcəyini demişdir. Bundan sonra o, bir dəfə Xəyalla telefonla danışmış və 3 ay müddətində qoyunlara baxması müqabilində Xəyala 300 manat pul verəcəyini bildirmişdir. Xəyal bu şərtlərlə razılaşmış və 16 dekabr 2020-ci il tarixdə o, Goranboy rayonundan qoyunları Yevlax şəhərinə gətirmişdir. Şəhərə çatanda o, Asimə zəng etmiş və qoyunları təhvil vermək istədiyini bildirmişdir. Asim ona polis əməkdaşlarının onu və Xəyalı tibbi maska taxmadıqları üçün saxladıqlarını və polis şöbəsinə apardıqlarını bildirmişdir. O, tələsdiyi üçün onları gözləməmiş və qoyunları Asimin göndərdiyi “qazel” markalı maşına yığıb getmişdir. Bu zaman o, maşının sürücüsünə Asimə verməsi üçün 100 manat pul vermiş, sonradan Asimlə görüşərək ona 170 manat pul vermişdir. Həmin pulları o, qoyunları saxlamaq üçün vermişdir. Yanvar ayında o, qoyunların vəziyyətini soruşmaq üçün Xəyala zəng etmiş, lakin Xəyal onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, Asimə zəng etmiş və Xəyalın onun zənglərinə cavab vermədiyini bildirmişdir. Asim özü Xəyala zəng edəcəyini bildirmişdir. Bundan sonra Asim ona zəng edərək hər şeyin qaydasında olduğunu bildirmişdir. Xəyal onun sonrakı zənglərinə də cavab verməmiş və o, yenə də Asimə zəng etmiş və bir neçə gün sonra Asim ona zəng edərək, Xəyalın qoyunları Zərdabda işlədiyi fermanın sahibinə 1500 manata satdığını bildirmişdir. İddiaçı eyni zamanda bildirmişdir ki, o, Xəyalı əvvəllər tanımamış və onu Asimin vasitəsilə tanımışdır. Buna görə də, ona vurulmuş ziyanı cavabdehdən tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, İddiaçı çoban kimi tanıyır. Fikrət onlara məxsus fermanın yanında yerləşən fermada çoban kimi işləmişdir. 2020-ci ilin təxminən dekabr ayında Fikrət ona qoyunlarının olduğunu və başqa şəxsə saxlamaq üçün vermək istədiyini bildirmişdir. O, həmin qoyunlara baxa bilməyəcəyini, bunun üçün başqa adam tanıdığını bildirmişdir. Xəyal ona Zərdab rayonunda yerləşən fermada çoban işlədiyini bildirdiyindən o, Xəyalla Fikrəti tanış etmək qərarına gəlmiş və Xəyal Fikrətlə telefonla danışdıqdan sonra qoyunları saxlaması barədə razılığa gəlmişdir. 16 dekabr 2020-ci ildə Fikrət ona zəng etmiş və qoyunları Yevlax şəhərinə gətirdiyini demişdr. Həmin vaxt onu və Xəyalı tibbi maska taxmadıqlarına görə polis şöbəsinə aparmışlar. Bu səbəbdən o, Fikrətlə görüşə bilməmişdir. Fikrət ona qoyunları fermaya aparmaq üçün maşın tapmağını xahiş etmiş və o, tanıdığı maşınlardan birini Fikrətin yanına göndərmişdir. Polis şöbəsindən çıxdıqdan sonra Xəyal qoyunları saxlamaq üçün Zərdab rayonunda çoban işlədiyi fermaya aparmışdır. Bir neçə müddət sonra Fikrət zəng edərək Xəyalın onun zənglərinə cavab vermədiyini bildirmişdir. O, özü də Xəyala zəng etmiş və Xəyal onun da zənglərinə cavab verməmişdir. Bundan sonra o, narahat olaraq Xəyalın işlədiyi fermaya getmişdir və fermanın sahibi olan İbrahim adlı şəxs Xəyalın qoyunları 1500 manat sataraq fermadan getdiyini bildirmişdir. O, Fikrətdən nə qoyun, nə də 300 manat pul almışdır. Bu səbəbdən ona qarşı irəli sürülmüş tələb əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən, yəni cavabdehə 300 manatı və 23 baş qoyunu verməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə iddiaçı məhkəmə iclasında verdiyi izahatında Xəyal adlı şəxsə 300 manat pul vermək müqabilində qoyunları saxlamaq üçün sonuncu ilə razılaşdığını, onunla bir dəfə telefonla danışdığını bildirmişdir. İddiaçı eyni zamanda bildirmişdir ki, qoyunları şəxsən cavabdehə təhvil verməmişdir. Onun cavabdehə qarşı tələb irəli sürməyinin əsası Xəyal adlı şəxsi cavabdehin vasitəsi ilə tanıması olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-808/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-808/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver