Məhkəmə qərarları › İş №2(039)-838/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-838/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-838/2024 10.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «10000 manat məbləğində borc pulun və 120 manat dövlət rüsumunun cavabdehdən alınması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «10000 manat məbləğində borc pulun və 120 manat dövlət rüsumunun cavabdehdən alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat məbləğində borc pulun və 120 manat dövlət rüsumunun alnaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh illər öncə tanısa da, teztez görüşməmişdir. Görüşəndə həmişə süfrə arxasında əyləşmişlər. Onun yanında özünü düz danışan, qanun sevən adam kimi apararaq onunla dostluq münasibəti göstərmişdir. 31 may 2023-cü il tarixdə gecə saat 9-da qəflətən onun yaşadığı ünvana gəlmişdir. Həyətdə bir saatdan çox çay süfrəsində əyləşib söhbət edəndən sonra fikrini açıb söyləyərək demişdir ki, çox çıxılmaz vəziyyətdədir və on min manat pul verməlidir. Əgər verməsə polis onu həbs edəcək. Ümidi odur, onu əliboş qaytarmasın və borcun qaytarılması ən geci bir ay çəkəcək. Dəfələrlə bir yerdə çörək kəsdikləri üçün əlacsız qalaraq cavabdehə bəhanə etdi ki, inciməsin öz dəsti xətti ilə borc müqaviləsi yazmalıdır və yazdığını oxuyaraq video çəkilişə düşməlidir. Cavabdeh heç bir bəhanə etmədən razılaşdı. Cavabdeh onunla razılaşaraq geniş məzmunlu borc müqaviləsi yazdı və öz dəsti xətti ilə yazdığı borc müqaviləsini üzünə oxuyaraq video çəkilişə düşdü. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izah etdi ki, ona 1000 manat pul verilib. 10000 manata qol çəkmişdir. Pul faizə verilmişdir. Hazırda məhkəməyə təqdim etdiyi CD diskdə də İddiaçı faizə pul verilməsi barədə səsyazmalar var. Səsyazmada onunla danışıq olmasa da, digər şəxslərlə olan danışıqlar var. Həmin səsyazmanı polis və prokurorluq orqanlarına şikayət ərizəsi ilə birlikdə ünvanlamışlar. Araşdırma aparılır. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən borc müqaviləsindən məlum olur ki, Cavabdeh İddiaçı 10000 manat borc almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı 120 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(039)-838/2024 saylı qərardadından məlum olur ki, İddiaçı Cavabdeh qarşı «10000 manat məbləğində borc pulun və 120 manat dövlət rüsumunun cavabdehdən alınması» tələbinə dair mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» ekspertlərinə həvalə edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» 13 may 2024-cü il tarixli 3-16-16/2- 4/638 saylı rəyindən məlum olur ki, mülki işin 6-cı vərəqində olan 31 may 2023-cü il tarixli müqavilədəki imza Cavabdeh tərəfindən icra olunmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Polis şöbəsinin 10 iyul 2024-cü il tarixli HK-1/667 saylı məktubundan məlum olur ki, ünvan 1 ünvanında yaşayan xx xxxx 1979-cu il təvəllüdlü Cavabdeh Yevlax rayon sakini İddiaçı almış olduğu 1000 manat pul müqabilində İddiaçı ondan 10000 manat pul tələb etməsi ilə bağlı Yevlax RPŞ-nin İB-də HK-1/667 nömrəli materialın araşdırılması aparılmaqdadır. Hazırda material ilə bağlı cinayət işi başlanmamış və Cavabdeh zərərçəkmiş şəxs kimi tanınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 10000 manat borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc pul alsa da, borcunu qaytara bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh borcun məbləğinin 1000 manat olmasını və pulun faizə verilməsini bildirsə də, buna dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10000 manat borc və 120 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Cavabdeh 120 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.3-cü maddəsinə əsasən Məhkəmə iclasında səs və video yazıların aparılmasına bu Məcəllənin 10.9 və 10.10-cu maddəsinin tələblərinə əməl edilməklə yol verilir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 manat borc və 120 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 120 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar