Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-839/2020 05.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı X4 (QSC) nümayəndəsi X3, Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Kreditor İddiaçı QSC borclu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərzə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək borclulardan müştərək qaydada Kreditorun xeyrinə 15A000025295 saylı kredit müqaviləsi üzrə 390.03 manat məbləğində kredit borcu, 151.05 manat məbləğində faiz borcu və 39 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 580 manat 08 qəpik məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. Borclu Cavabdeh1 etirazı əsasında məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, borclu Cavabdeh1 Kreditor ilə xx.xx.2014-cü il tarixdə bağladığı 15A000025295 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.3333 % olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1,501 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx.xx.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1,110.97 manat ödəniş etmiş və onun Kreditora 390.03 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 468 gün üçün hesablanmış faiz borcu 151.05 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 20 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 39 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Kreditor qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçı QSC-nin nümayəndəsi Hümbət İsgəndərov məhkəmə iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, kredit müqaviləsi üzrə götürülmüş borcu tam olaraq ödəmişlər. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10,000 ABŞ dollarınadək, milli valyutada isə 17,000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X2 müraciəti əsasında, banklara 682,000,000.0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215,000,000.0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10,000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10,000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17,000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır ki, bu da həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2. bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 8.10. bəndində deyilir ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Fərmanın qanuni qüvvəsini almasından üç ayadək vaxt keçməsinə baxmayaraq iddiaçı bank tərəfindən qeyd olunan prosessual hərəkətlərlə bağlı məhkəməyə məlumat daxil olmamışdır. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Belə ki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədən kənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait, və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Çünki qəbul edilmiş qərarlardan tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. Məhkəmə, işin yuxarıda qeyd olunan hallarını ümumiləşdirərək belə hesab edir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, Fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tətbiq olunmadan irəli sürülmüş iddialar məhkəmədənkənar həll qaydasına riayət olunmaması əsası ilə icraata qəbul edilməkdən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədən kənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət edilməsini təsdiq edən hər hansı sənəd təqdim edilmədiyindən, bunu etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllə: Maddə 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçıya izah olunur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni, fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-839/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-839/2020
05.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver