Məhkəmə qərarları › İş №2(039)-852/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-852/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-852/2021 28.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh1 iştirakı ilə, İddiaçı «FİNCA Azerbaijan» MMQBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor «FİNCA Azerbaijan» MMQBKT borclular Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair əmr icraatı qaydasında məhkəməyə müraciət etmiş, Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 2132.00 manat, faiz borcu üzrə 294.85 manat, cərimə üzrə 185.55 manat, cəmi 2612.40 manat məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun «FİNCA Azerbaijan» MMQBKT-nın xeyrinə tutulması barədə məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh1 məhkəmə əmrinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, əmrin ləğv olunmasını və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(039)-1853/2015 saylı qərardadı ilə məhkəmənin 07 avqust 2015-ci il tarixli, 2(039)-1853/2015 saylı əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı «FİNCA Azerbaijan» MMQBKT iddia tələbini onunla əsaslandırmışdır ki, 28 noyabr 2014-cü il tarixli **********3960 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 29 faizlə 12 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zamin müqavilənin şərtləri ilə razılaşaraq müqaviləyə imza etmişdir. Lakin cavabdehlər müqavilə şərtlərinə əməl etməmişlər, müqavilənin şərtlərini pozmuşlar. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər borcu ödəməmişlər. Nəticədə, cavabdehlərin «FİNCA Azerbaijan» MMQBKT-yə 2132.00 manat əsas borc, 294.85 manat faiz borcu və 185.55 manat cərimə, cəmi 2612.40 manat borcları qalmışdır. İddiaçı «FİNCA Azerbaijan» MMQBKT məhkəməyə teleqram ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək izah etdi ki, borcu var. Borcun ödənilməsindən yayınmır. Cərimə borcunda ona köməklik edilməsini xahiş edir. Yerdə qalan borcu isə hissə-hissə ödəyəcək. Cavabdeh1 məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, «FİNCA Azerbaijan» MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli, **********3960 saylı kredit müqaviləsinə əsasən ona 2500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 2132.00 manat əsas borc, 294.85 manat faiz borcu və 185.55 manat cərimə, cəmi 2612.40 manat vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 460.1-ci maddəsində göstərilir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 185.55 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, «FİNCA Azerbaijan» MMQBKT pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehlərdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. 10 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas kredit borcu 2132.00 manat, 294.85 manat faiz borcu və 21 manat cərimə, cəmi 2447.85 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, 16 avqust 1974-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri, Vaqif küçəsi ev 12, mənzil 11-də qeydiyyatda olan Cavabdeh1 və xx xxxxxxx 1981-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri, F.Nemanzadə küçəsi mənzil 9-da qeydiyyatda olan Cavabdeh2 alınaraq «FİNCA Azerbaijan» MMQBKT-yə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar