Məhkəmə qərarları › İş №2(039)-881/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-881/2021

06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-881/2021 06.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh Qadir oğluna qarşı cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən, onun mülkiyyətində olan 06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş taxılın cavabdeh tərəfindən otarılması nəticəsində ona vurulmuş olan 3000 manat məbləğində ziyanın cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdərə rayonundan məcburi köçkündür, hazırda müvəqqəti olaraq Tərtər rayonu Zolgörən kəndində ailəsi ilə birlikdə yaşayır. Onun Yevlax rayonu Qaraməmmədli kəndinin ərazisindən 06 ha torpaq sahəsi almış, həmin torpaq sahəsi hazırda onun istifadəsindədir. O, müxtəlif vaxtlarda həmin torpaq sahəsinə taxıl, arpa, yonca və s. əkmişdir. Lakin çox vaxt ziyana uğramış, gəlir əldə edə bilməmişdir. Belə ki, hazırkı iş üzrə Qaraməmmədli kənd sakini Cavabdeh onun torpaq sahəsindən təxminən 300 metr aralıda ferması vardır. O, həmin fermada iri və xırda buynuzlu mal-qara saxlayır. O, artıq neçə illərdir ki, ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq otarır. Təkcə bu il ərzində o, təxminən onun sahəsini 10 dəfədən çox otarmışdır. Hansı ki, həmin sahədə o, bu il taxıl əkmişdir. Cavabdeh, həmçinin onunla qonşuluqda torpaq sahəsi olan şəxslərə küllü miqdarda ziyan vurmuşdur. Onlar dəfərlərlə ona bu barədə irad bildirsələr də, heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən ona məxsus olan 06 ha taxıl sahəsinin otarılması nəticəsində ona 3000 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, onun ferması iddiaçının torpaq sahəsinə yaxın olduğu üçün iddiaçı torpaq sahəsinin otarılmasında onu təqsirli bilir, halbuki həmin torpaq sahəsinin yaxınlğında digər fermalar da mövcuddur. Onun tərəfindən mal-qara heç vaxt iddiaçının torpaq sahəsində otarılmayıb. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* №li çıxarışdan görünür ki, Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 5,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 79 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçının əmisi oğludur. Tərtər rayonunda yaşasa da, hərdən iddiaçı ilə birlikdə Yevlax rayonu Qaramanlı kəndində yerləşən və İddiaçı məxsus olan torpaq sahəsini yoxlayırlar. Torpaq sahəsində olduqları zaman iddiaçının ailəsinə məxsus hind quşlarının həmin torpaq sahəsində olduqlarını görsələr də, iddiaçının orada mal-qara otardığını görməmişdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə qonşu ərazidə onun da torpaq sahəsi var və cavabdeh özünə məxsus mal-qaranı həm onun həm də iddiaçının torpaq sahəsində otarmaqla onlara ziyan vurur. O, cavabdehin həmin torpaq sahəsində mal-qara otardığını görməsə də, lakin heyvanların ayaq izlərinə görə müəyyən etmişdir ki, mal-qara cavabdehə məxsus fermanın ərazisindən keçərək qeyd etdiyi torpaq sahələrinə gəlmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbin qanuni əsasını Mülki Məcəllənin 1097.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddənin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Maddi zərərin ödənilməsi hissəsində iddiaçın öz tələbinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, yəni cavabdeh özünə məxsus mal-qaranı ona məxsus torpaq sahəsində otarmaqla ona 3000 manat məbləğində maddi ziyan vurmuşdur. Lakin iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilməsi tələbi haqqında iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar