Məhkəmə qərarları › İş №2(039)-894/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-894/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-894/2020 25.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun ilə borcalan Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 15L000002611 nömrəli “Kredit xətti müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 5.960 manat, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 3.316,13 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 4.113,74 manat olmaqla, cəmi 13.390 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun öhdəliklərinin icrasına zamin durmuş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Kredit xətti müqaviləsinə” əsasən, Bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən, Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit xətti razılaşması ilə müəyyən olunmuşdur. İddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 015R********** nömrəli “Kredit razılaşması” əsasında Bank tərəfindən Cavabdeh1 aylıq 2.1667 faiz dərəcəsi ilə, 48 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixli sazişlərə əsasən “Kredit razılaşmasına” və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. “Kredit xətti müqaviləsi” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onun Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuş və bu barədə onlarla Bank arasında “Zaminlik müqavilələri” bağlanmışdır. Bunlara baxmayaraq, qeyd edilən müqavilələr üzrə Bank qarşısında götürülmüş öhdəliklər lazımi qaydada icra edilməmiş, yalnız 4039,18 manat məbləğində ödəniş həyata keçirilmişdir. Nəticədə cavabdeh tərəfin Banka 5.960,82 manat məbləğində əsas kredit borcu və 3.316,13 manat faiz borcu yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən cavabdeh tərəfə, müqavilənin şərtlərinə əsasən 4.113,74 manat məbləğində cərimə (dəbbə) tətbiq edilmişdir. Bank, tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Bankın nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlərin kredit razılaşmasının sonuna, yəni xx xxxx 2019-cu il tarixə əsas borc üzrə 5.960,82 manat, faiz borcu üzrə 1.873,94 manat, cərimə borcu üzrə isə 3.905,11 manat borcu yaranmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Banka borcu olduğunu, lakin maddi cəhətdən imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini bildirərək, məhkəmədən qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit xətti müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 120 ay müddətinə, 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit xətti razılaşması ilə müəyyən edilmişdir. İddiaçı Bank ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit razılaşmasına” əsasən aylıq 2.166 faiz dərəcəsi ilə, 48 ay müddətinə, “Kredit müqaviləsinin” ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən edilmiş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit iddiaçı Bank tərəfindən Cavabdeh1 verilmişdir. Kreditin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli və Cavabdeh3 ilə xx.xx.2015-ci il tarixli “Zaminlik müqavilələri” bağlanmış və həmin müqavilələrə əsasən onlar Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. İşdə olan sənədlərdən görünür ki, cavabdehlər qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bank tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, “Kredit razılaşması” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə cavabdeh tərəfin 5.960,82 manat məbləğində əsas borc, 1.873,94 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən 3.905,11 manat cərimə (dəbbə) tətbiq edilmişdir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə borcun verilməsi barədə öhdəlik icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəlik icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər Banka olan borcun ödənilməsini sübuta yetirə bilmirlər. Belə olan halda hesab edilməlidir ki, cavabdehlər Bank qarşısında üzərinə götürdükləri öhdəlikləri lazımınca icra etməli, banka olan borcu tam həcmdə ödəməlidirlər. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərinin müzakirə edilən mülki mübahisənin həllinə tətbiq nəticəsində müəyyən edilir ki, borc alan Cavabdeh1 və onun öhdəliklərinin icrasına zamin durmuş Cavabdeh2 kredit razılaşması və zaminlik müqavilələri üzrə Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və cavabdehlər, öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdehlərdən tutulmalı olan əsas borc 5.960,82 manat, faiz borcu isə 1.873,94 manat məbləğində müəyyən edilməlidir. Cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə Bank qarşısında olan öhdəliklərin icra edilməməsi aşkardır. Öhdəliyin icra edilməməsini və “Kredit razılaşmasının” şərtlərini nəzərə alan iddiaçı Bank, ödənişin gecikdirilməsinə görə 3.905,11 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin Bankın xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3). Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, qanun məhkəməyə tənasübsüz surətdə yüksək hesablanmış cərimə borcunu azaltmaq səlahiyyəti verir. Məhkəmə isə hesab edir ki, Bankın tələb etdiyi cərimə borcu kifayət qədər yüksəkdir və həmin məbləğin azaldılması Bankın əmlak mənafelərinə xələl gətirmir. Odur ki, cavabdeh tərəfə hesablanan 3.905,11 manat məbləğində cərimə borcu azaldılmalı və 300 manat məbləğində müəyyən edilməlidir. Digər cavabdeh-zamin Cavabdeh3 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildəşərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2018-ci il tarixli Qərarında göstərmişdir ki: “Zaminlik və ipoteka müqavilələrinin bağlanmasıüçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Tərəflər arasında bağlanmış yuxarıda istinad olunan kredit xətti müqaviləsində isə faiz dərəcəsi ümumiyyətlə göstərilməmişdir. Zaminlik müqaviləsində isə əsas öhdəlik kimi faiz dərəcəsi müəyyən edilməyən kredit xətti müqaviləsi göstərilmiş, kredit razılaşmaları isə zamin Cavabdeh3 tərəfindən imzalanmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı X3 Cavabdeh1 və Cavabdeh2a qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin olunmalı, cavabdehlərdən Bankın xeyrinə tutulmalı olan əsas borc 5.960,82 manat, faiz borcu 1.873,94 manat, cərimə borcu 300 manat məbləğində müəyyən edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiası qismən təmin edilsin. Əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.960,82 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.873,94 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 300 manat, cəmi 8.134,76 manat məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar