Məhkəmə qərarları › İş №2(039)-9/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-9/2020

07.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-9/2020 07.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X5, Cavabdehlər Cavabdeh və X3 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, X4 və X1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i: İddiaçı QSCcavabdehlər Cavabdeh, Əli Müseyibova və Feyzi Musayevə qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15R000005652 saylı kredit razılaşması üzrə 17,223.84 ABŞ dolları məbləğində kredit borcu, 2,794.09 ABŞ dolları məbləğində faiz borcu və 3,643.6ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumi 23,661 ABŞ dolları 53 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15L000002692 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30,000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 15R000005652 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1666666% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20,000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 15R000005652S saylı saziş razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 2,776.16 ABŞ dolları ödəmiş, onun 17,223.84 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 206 gün üçün hesablanmış faiz borcu 2,794.09 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2016-cı il tarixə 206 gün üçün hesablanmış cərimə 3,643.6 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Feyzi Musayevlə bağlanmış xx.xx.2014-cü il tarixli 15S000004850 saylı zaminlik və Əli Müseyibovla bağlanmış xx.xx.2014-cü il tarixli 15S000004853 saylı zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdehlə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün ödəliklərini icra etməlidirlər. İddiaçı ASC-nin nümayəndəsi Emin Əliyev iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətən İddiaçı QSC-dən qeyd edilən məbləğdə kredit götürmüşdür. Lakin, həmin kredit müqaviləsi formal olaraq onunla bağlanmışdır. Belə ki, müqavilə əsasında götürdüyü pulu zamin kimi məsuliyyəti üzərinə götürmüş Əli Müseyibova vermişdir. X6 vəd vermişdir ki, qısa müddətdə yaranmış borcu ödəyəcəkdir. Buna baxmayaraq ödəniş etməmiş, bunun nəticəsində borc yaranmışdır. İddianın qismən, əsas borcun tutulması hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Əli Müseyibov iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətən Cavabdeh İddiaçı QSC-dən qeyd edilən məbləğdə kredit götürdükdən sonra həmin məbləğdə pulu ona vermişdir. İlk dövrlərdə vaxtında ödəniş etsə də, sonradan maddi çətinliklərlə üzləşmiş və bu səbəbdən ödənişləri edə bilməmişdir. Bir neçə dəfə Banka müraciət edərək hər ay 300-400 manat ödənilməsini təklif etsə də, Bank buna razılıq verməmişdir. İddianın qismən, yalnız əsas borcun tutulması hissəsində təmin edilməsini xahiş etmişdir. Cavabdeh Feyzi Musayev öldüyündən ona münasibətdə Yevlax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Təqdim olunan sənədlərlə təsdiq olunur ki, İddiaçı QSC ilə Cavabdeh araslnda bağlanmış xx.xx.2014-cü il tarixli 15L000002692 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30,000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2014-cü il tarixli 15R000005652 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1666666% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20,000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 15R000005652S saylı saziş razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit borcundan 2,776.16 ABŞ dolları ödənilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə Feyzi Musayevlə bağlanmış xx.xx.2014-cü il tarixli 15S000004850 saylı və Əli Müseyibovla bağlanmış eyni tarixli 15S000004853 saylı zaminlik müqavilələrinə əsasən onlar bank qarşısında öz üzərilərinə kredit müqaviləsi üzrə yaranacaq borc üçün birgə məsuliyyət daşımaları barədə öhdəlik götürmüşlər. Təqdim edilmiş maliyyə arayışına görə, xx xxxxxxx 2016-cı il tarixə kredit razılaşması üzrə 17,223.84 ABŞ dolları əsas, 2,794.09 ABŞ dolları məbləğində faiz borcu və 3,643.6 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 23,661.53 ABŞ dolları məbləğində borc yaranmışdır. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlarla Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər yaranmış borca görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Bank tərəfindən iddia ərizəsi xx xxxxxx 2016-cı il tarixdə məhkəməyə təqdim edildiyindən zamin olan cavabdeh Əli Müseyibova münasibətdə Mülki Məcəllənin 477.0.4cü maddənin tələbləri tətbiq edilə bilməz. Əsas və faiz borcu tələbi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən 17,223.84 ABŞ dolları əsas borcun və 2,794.09 ABŞ dolları faiz borcunun düzgün hesablanmadığında dair hər hansı şübhə müəyyən edilməmiş, cavabdehlər həmin məbləği mübahisələndirməmişlər. Bu səbəbdən həmin hissələrdə iddia təmin edilməlidir. Cərimə tələbi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, tələb edilən məbləğ tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 1,000 ABŞ dolları müəyyən edilməlidir. Belə ki, bu zaman cavabdehlər tərəfindən uzun müddət yaranmış borc üzrə ödənişlərin edilmədiyi də nəzərə alınmalıdır. Məhkəmə xərci də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 17,223.84 ABŞ dolları əsas, 2,794.09 ABŞ dolları faiz borcu və 1,000 ABŞ dolları cərimə, ümumi 21,017 (iyirmi bir min on yeddi) ABŞ dolları 93 (doxsan üç) sent ödəniş gününə olan məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı QSC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar