Məhkəmə qərarları › İş №2(039)-907/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-907/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-907/2025 21.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2022-ci ilin oktyabr ayında babasından miras qalmış 1967-ci il buraxılışlı “QAZ-21” minik markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Honda” markalı, hibrid mühərrik və avtomat sürət qutusu qoymalı, maşını rəngləməli, elektronika işləri görməli, yeni standartla tam ideal vəziyyətdə ona (iddiaçıya) verməli idi. İşin ümumi qiymətini 12000 (on iki min) manata danışmışlar. Bu işə görə hissə-hissə cavabdehə nəğd 9000 (doqquz min) manat ödəmiş, 2600 (iki min altı yüz) manat dəyərində isə ehtiyyat hissələri alıb cavabdehə vermişdir. Cavabdeh isə onunda razılaşdığı mühərriki avtomobilə qoymamış, avtomobili ortadan iki yerə bölərək tamamilə yararsız hala salmış, hazırda avtomobil istifadəyə yararsız vəziyyətdə qalmışdır.Cavabdehə isə 9000 (doqquz min) manat pul vermiş, 2600 (iki min altı yüz) manat dəyərində ehtiyyat hissələri alıb vermiş, həmçinin 15000 (on beş min) manat dəyərində raritet avtomobil hesab olunan 1967-ci il buraxılışlı “QAZ- 21” minik markalı avtomobil tam yararsız hala düşmüşdür. Lakin bu günədək sifariş verdiyi işin heç biri razılaşdırılmış şəkildə istifadəyə yararlı formada ona (iddaçıya) təhvil verilməmişdir. Ona görə də, ona ödənilmiş pudun və maddi ziyanın ödənilməsini tələb etsə də cvabdeh pulu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin əməlləri barədə Xəzər rayon Polis İdarəsinə şikayət etmiş, Xəzər RPİ-nin müstəntiqinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iş ounnla şərtləşdirilmiş keyfiyyətə uyğun gəlməmiş, cavabdeh avtomobilə razılaşdırılmış mühərrikin əvəzinə başqa mühərrik qoymuş, avtomobili iki yerə bölüb yenidən birləşdirib işin alınmadığını bildirmiş, avtomobili istifadəyə yararsız hala salıb ona (iddiaçıya) vermişdir. İşi qüsurlu icra etmiş, həmçinin ona (iddiaçıya) maddi ziyan vurmuşdur. Cavabdehlə razılaşdıqları işin qüsurlu icrası nəticəsində ona (iddiçıya) 26600 (iyirmi altı min altı yüz) manat məbləğində ziyan dəymişdir. Belə ki, 9000 (doqquz min) mant nəğd pul verilmiş, 2600 (iki min altı yüz) manat dəyərində ehtiyyat hissəsi alınıb ona (cavabdehə) verilmiş, 15000 (on beş min) manat dəyərində avtomobil yararsız hala düşmüşdür. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1, 762,765-ci maddələrinə istinad edərək, Cavabdeh 26600 (iyirmi altı min altı yüz) manat pulun və 169.80 (bir yüz altmış doqquz manat səksən qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2005-ci il tarixli, AA 764256 saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 1967-ci il olan “Qaz-21” minik markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İşdə olan Bakı şəhəri Xəzər RPŞ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh barəsində etdiyi şikayət əsasında araşdırma aparılmış, araşdırma nəticəsində tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olduğu olduğundan cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh verdiyi izahatında göstərmişdir ki, “Okean” astoservisdə qaynaqçı kimi çalışıb ailəsini saxlayır. 2022-ci ilin oktyabr ayında Elşən adlı Türkan qəsəbəsində inşaat malları mağazası işlədən şəxs ona yaxınlaşaraq babasından qədimi “QAZ-21” markalı nəqliyyat vasitəsi qaldığını və yeni standartlarla yığa bilibbilməyəcəyini ondan soruşmuşdur. Bu zaman o (cavabdeh) 12000 manata razılaşmış, bu qiymətə mühərrik hissəsini və texniki işlərini görüb yeni standartlara gətirə biləcəyini bildirmişdir. Elşən buna etiraz etməyib onunla 11000 manata razılaşmışlar. Birinci 6000 manat, daha sonra 2000 manat və 20 gün sonra da 1000 manat məbləğində pul verərək onu işlərini görməyinə razı salmışdır. O (cavabdeh) ümumilikdə 9000 manat alaraq nəqliyyat vasitəsini hibrid avtomat idarə etmə qutusu və hibrid mühərrik yerləşdirmişdir. Hal-hazırda nəqliyyat vasitəsinin xrom, rəng və elektronika işləri qalmışdır. O (cavabdeh) vəd etdiyi işlərini görmüşdür. Elşən adlı şəxs onunla danışdığı 11000 manatına elektronika, rəng və xrom işlərini də aid edərək, hər şeyi onun (cavabdehin) görməyini istəyir. Bunları o (cavabdeh) etməli deyildir. Yığdığı digər işlərdə də qeyd etdiyi işləri müştərilərin özləri etmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 27 may 2025-ci il tarixli, 10 saylı arayışdan görünür ki, İddiaçı məxsus olan 1967-ci il buraxılışlı, “Qaz-21” minik markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş və avtomaşının mühərriki, banı və salon hissəsinin tam yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ƏQ-133/2025 saylı rəydən görünür ki, 1) “QAZ-21” minik markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən müəyyən edilmişdir ki, avtomobil tamamilə yararsız vəziyyətə düşmüşdür. Belə ki, avtomobil ban və gövdə hissəsindən 2 hissəyə bölünmüş, bütöv salon, sükan, difir, hərəkət mexanizmləri, ötürücü mexanizmləri, sürətlər qutusu, mühərrik və mühərrik sistemi, həmçinin ön hissəsi tamamilə sökülərək yararsız vəziyyətə gətirilmişdir. “QAZ-21” minik markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpası və yenidən istifadəyə yararlı olması üçün bütöv salon, sükan, difir, hərəkət mexanizmləri, ötürücü mexanizmləri, sürətlər qutusu, mühərrik və mühərrik sistemi, həmçinin ön hissəsinin bütöv detal və mexanizmləri tamamilə yeni, orta bazar qiyməti ümumilikdə 11000 (on bir min) manat miqdarında ehtiyat hissələri ilə əvəz olunmalıdır. Təmir xərci olaraq da salon ustası, elektrik, dəmirçi, rəngsaz, çilingər, mühərrik və sürətlər qutusu ustası nəzərə alınmaqla usta haqqı olaraq ümumilikdə 6000 (altı min) manat orta bazar qiyməti təşkil edir. “QAZ-21” minik markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən müəyyən edilmişdir ki, avtomobildə sürətlər qutusu olmamış, mühərrik olaraq da “Toyota Prius” markalı avtomobilin (1.3) hibrid mühərriki avtomobilə yerləşdirilmişdir. “QAZ-21” minik markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə yerləşdirilmiş “Toyota Prius” markalı avtomobilin işlək vəziyyətdə olan, istifadəyə yararlı (1.3) hibrid mühərrikinin orta bazar qiyməti 800 (səkkiz yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçıya məxsus 1967-ci il buraxılışlı “Qaz-21” minik markalı, **- XO-*** dövlət qeydiyyat nişanlı avtomobili “Honda” markalı, hibrid mühərrik və avtomat sürət qutusu qoymaqla yeni standartlarla tam ideal vəziyyətə gətirilməsi üçün cavabdehə verilmişdir. Həmin işlərin yerinə yetirilməsi üçün cavabdehə iddiaçı tərəfinfən 9000 (doqquz min) manat pul ödənilmiş və 2600 (iki min altı yüz) manat dəyərində ehtiyyat hissələri alınıb vermişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus 1967-ci il buraxılışlı “Qaz-21” minik markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil tamamilə yararsız vəziyyətə gətirilmiş və cavabdeh tərəfindən razılaşdırılmış işlər görülməmişdir. Hazırda avtomobilin təmir bərpası və yenidən istifadəyə yararlı hala gətirilməsi üçün 11000 (on bir min) manat məbləğində ehtiyat hissələri və təmir xərcinə isə (salon ustası, elektrik, dəmirçi, rəngsaz, çilingər, mühərrik və sürətlər qutusu ustası) 6000 (altı min) manat vəsait tələb olunur. Tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıdan alınmış 9000 (doqquz min) manat vəsait qaytarılmamış və dəymiş ziyanın ödənilməsi təmin edilməmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 752.3-cü maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə iclasında müəyyən edildiyi kimi tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus 1967-ci il buraxılışlı “Qaz-21” minik markalı, **-XO- *** dövlət qeydiyyat nişanlı avtomobili “Honda” markalı, hibrid mühərrik və avtomat sürət qutusu qoymaqla yeni standartlarla tam ideal vəziyyətə gətirməli olduğu halda tərəflər arasında razılışdırılmış işi icra etməmiş, nə də iddiaçı tərəfindən ona ödənilmiş 9000 (doqquz min) manat pulu qaytarmamışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ƏQ-133/2025 saylı rəydən müəyyən edilir ki, “QAZ-21” minik markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil tamamilə yararsız vəziyyətə düşmüşdür. Avtomobil ban və gövdə hissəsindən 2 hissəyə bölünmüş, bütöv salon, sükan, difir, hərəkət mexanizmləri, ötürücü mexanizmləri, sürətlər qutusu, mühərrik və mühərrik sistemi, həmçinin ön hissəsi tamamilə sökülərək yararsız vəziyyətə gətirilmişdir. “QAZ-21” minik markalı, **- XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpası və yenidən istifadəyə yararlı olması üçün bütöv salon, sükan, difir, hərəkət mexanizmləri, ötürücü mexanizmləri, sürətlər qutusu, mühərrik və mühərrik sistemi, həmçinin ön hissəsinin bütöv detal və mexanizmləri tamamilə yeni, orta bazar qiyməti ümumilikdə 11000 (on bir min) manat miqdarında ehtiyat hissələri ilə əvəz olunmalıdır. Təmir xərci olaraq da salon ustası, elektrik, dəmirçi, rəngsaz, çilingər, mühərrik və sürətlər qutusu ustası nəzərə alınmaqla usta haqqı olaraq ümumilikdə 6000 (altı min) manat vəsait tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Məhkəmə iddianın 2600 (iki min altı yüz) manat tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı cavabdehə 2600 (iki min altı yüz) manat dəyərində ehtiyyat hissələri alınıb verildiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən cavabdehə 2600 (iki min altı yüz) manat dəyərində ehtiyyat hissələrinin alınıb verilməsi məhkəmə iclasında öz təsdiqini tapmasa da, məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın (ehtiyyat hissələrinin və ustalar tərəfindən görülməli olan işlərin dəyəri) 17000 (on yeddi min) manat təşkil etdiyi müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehdən iddiaçı tərəfindən öncədən hissə-hissə ödənilmiş 9000 (doqquz min) manatın və avtomobilin təmir-bərpası üçün çəkilməli olan 17000 (on yeddi min) manatın, cəmi 26000 (iyirmi altı min) manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə. qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 26000 (iyirmi altı min) manat pul və 168 (bir yüz altmış səkkiz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar