Məhkəmə qərarları › İş №2(039)-913/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-913/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-913/2025 08.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, onun müdafiəçisi (vəkil) X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat pulun, 105 (bir yüz beş) manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 520 (beş yüz iyirmi) manatın, cəmi 9125 (doqquz min bir yüz iyirmi beş) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıçxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə bir kollektivdə işləmişlər. Cavabdehə qızının xeyir işi ilə əlaqədar müxtəlif vaxtlarda 15000 (on beş min) manat borc pul vermişdir. Bundan başqa, cavabdehə başqa vaxtlarda da borc pul vermişdir. Cavabdeh aldığı 15 000 (on beş min) manat borcdan və əlavə olaraq verdiyi borclardan ona cəmi 8200 (səkkiz min iki yüz) manat qaytarmışdır. Hazırda cavabdehin ona 15000 (on beş min) manat borcdan 8500 (səkkiz min beş yüz) manat borcu qalmışdır. Tələb etməsinə baxmayaraq, cavabdeh qalan borcunu ödəməmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçıdan müxtəlif vaxtlarda 12000 (on iki min) manat borc pul almış, lakin 15000 (on beş min) manat borc aldığına dair qəbz yazmışdır. Həmin borcundan 9100 (doqquz min bir yüz) manatını qaytarmışdır. Lakin hazırda iddiaçıya 6000 (altı min) manat qaytarmağa razıdır. İddiaçıdan 15000 (on beş min) manat borcdan başqa pul almamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmn edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2014-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı 2012-ci ilin may ayının əvvəlində qızının xeyir işi üçün 15000 (on beş min) manat borc pul götürmüş və həmin borcu 2015-ci ilin sentyabr ayınadək hissə-hissə ödəməklə qaytaracağına dair öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 15000 (on beş min) manat borc almış və həmin borcu 2015-ci ilin sentyabr ayınadək hissə-hissə qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh bununla bağlı qəbz yazaraq iddiaçıya vermişdir. Cavabdeh iddiaçıdan aldığı 15000 (on beş min) manat borcunun bir hissəsini qaytarmış və 6800 (altı min səkkiz yüz) manat borcu qalmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh qalan borcunu iddiaçıya qaytarmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında xx.xx.2014-cü il tarixli qəbz cavabdeh tərəfindən mübahisələndirilməmiş və cavabdeh həmin qəbzin onun tərərfindən yazılıdığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında iddiaçı 15000 (on beş min) manat borcdan başqa cavabdehə əlavə pullar da verdiyini, cavabdeh tərəfindən əlavə alınmış pullarla birlikdə ona cəmi 8200 (səkkiz min iki yüz) manat qaytarıldığını göstərsə də iddiaçı həmin halları, yəni cavabdehin ondan əlavə pullar almasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə halda, məhkəmə hesab edir ki, iddiaçının öz izahatı ilə qaytarıldığı təsdiq edilmiş həmin məbləğ, yəni 8200 (səkkiz min iki yüz) manat cavabdehə verilmiş 15000 (on beş min) manat borcdan qaytarılmışdır. Buna görə də, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya 6800 (altı min səkkiz yüz) manat borcu qalmışdır. Bundan başqa, məhkəmə iclasında cavabdeh iddiaçıdan 15000 (on beş min) manat deyil, 12000 (on iki min) manat borc aldığını göstərsə də həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan ödəniş haqqında məlumatdan görünür ki, İddiaçı tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar Yevlax Şəhər Vəkil Bürosunun vəkili X1 hesabına 520 (beş yüz iyirmi) manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hasab edir ki, iddia qismən əsaslı oldağandan qismən təmin edilərək, cavabdehdən 6800 (altı min səkkiz yüz) manat borc pulun, hüquqi yardım göstərilməsi ilə əlaqədar 520 (beş yüz iyirmi) manat vəsaitin və 105 (Bir yüz beş) manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6800 (altı min səkkiz yüz) manat borc pul, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş 520 (beş yüz iyirmi) manat və 105 (bir yüz beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar