Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-929/2021 03.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı və onun vəkili X1 iştirakı ilə, iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı cavabdeh X7 qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə (mübahisəli mənzilə) azyaşlı övladı-09.12.2013-ci il təvəllüdlü X6 istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin əsası və predmeti dəyişdirilmişdir) İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 iyul 2012-ci il tarixdə el adət-ənənəsi ilə toy edərək ailə həyatı qurmuşdur. Nikahlarını 13.11.2013-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 09.12.2013-cü ildə X9 adlı övladı dünyaya gəlmişdir. O, ailə qurduqdan sonra qaynanası X3 mülkiyyətində olmuş mübahisəli mənzilə gəlin köçmüşdür. Həmin mənzildə mərhum həyat yoldaşı Cavabdeh ilə 2012-ci ildən birgə yaşamışlar. Sözügedən mənzil 2004-cü ildən qaynanası X3 mülkiyyətində olmuş, həmin mənzil 2 yaşayış otağından ibarətdir. O, bu günə kimi həmin mənzildə yaşayır. Mərhum həyat yoldaşı Cavabdeh səhhətində yaranmış problemlərlə əlaqədar 10.07.2016-cı ildə dünyasını dəyişmişdir. Cavabdeh X8 mərhum əri Cavabdeh doğma qardaşıdır. Əri Cavabdeh vəfat etdikdən sonra qaynanası Nədimə Səfərova ona, onu yaşadığı mənzildən zorla küçəyə atdıracağı ilə bağlı hədə-qorxular gəlməyə başlamışdır. Qaynanası onu yaşadığı mənzildən zorla çıxarmaq üçün sözügedən mənzili bağışlama yolu ilə oğlu X4(hazırkı iş üzrə cavabdeh) adına rəsmiləşdirmişdir. Cavabdeh mülkiyyətində olan mənzildən onu çıxarmaq üçün məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsinə əsasən onun həmin mənzildən istifadə hüququ 1 il müddətində saxlanılmış, müəyyən edilmiş müddət bitdikdən sonra onun həmin mənzildən istifadə hüququna xitam verilməklə ona aid olan əşyaları birlikdə həmin mənzildən çıxarılmağı qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı (hazırkı iş üzrə cavabdeh) Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsinə əsasən Yevlax Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuş, onun əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmağı qət edilmişdir. Onun valideynləri illər öncə dünyalarını dəyişmişlər. Sözügedən mənzildən başqa yaşayış yeri yoxdur. Özü heç bir yerdə işləmir. Maddi imkanı son dərəcədə aşağıdır. Azyaşlı övladı Cavid Səlimovun cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınmasını istəyir. Cavabdeh X4 olduğu yer məlum olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Məhəbbət Dəmirçiyeva iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 13.07.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 903692 №li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 13.11.2013-cü ildə nikah bağlanmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı 229102 №li doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 09.12.2013-cü il təvəllüdlü Cavid adlı uşaqları var. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 938573 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 10.07.2016-ci ildə vəfat etmişdir. ƏMDK yanında DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, Yevlax şəhəri Yeni Yevlax küçəsində yerləşən 5 saylı evin, 14 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında X4 adına 21.09.2016-ci ildə dövlət reyestrində qeydə alınmışdır.(RX seriyalı, ******* № li çıxarışa əsasən) Yevlax Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli, 2(039)-1552/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbi barədə iddiası qismən edilmiş, cavabdehin mənzildən istifadə hüququ 1(bir) il müddətinə saxlanılmaqla Yevlax şəhəri Yeni Yevlax küçəsində yerləşən 5 saylı evin 14 saylı mənzilindən istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(107)-190/2021 saylı qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ləğv edilmiş və İddiaçı Yevlax şəhəri, Yeni Yevlax küçəsində yerləşən 5 saylı evin, 14 saylı mənzilindən çıxarılması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının qanuni nümayəndəsi-anası 2013-cü ildə ailə qurduqdan sonra qaynanası(iddiaçının nənəsi) Nədimə Səfərovanın mülkiyyətində olan mübahisəli mənzilə gəlin köçmüşdür. Cavid Səlimov 09 dekabr 2013-cü ildə həmin mənzildə doğulmuşdur. İddiaçının atası Cavabdeh 2016-ci ildə ölmüş, Nədimə Səfərova mülkiyyətində olan mübahisəli mənzili 2016-cı ildə oğlu- hazırkı iş üzrə cavabdeh Rəşad Səlimova bağışlamış və 2021-ci ildə ölmüşdür. İddiaçının qanuni nümayəndəsinin-anasının mübahisəli mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci vя Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra yarandığını, yəni Cavid Səlimovun 2013-cü ildə nənəsinin mülkiyyətində olan mübahisəli mənzildə doğulduğunu və orada yaşadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavid Səlimovun mübahisəli mənzilə istifadə hüququnun yaranıbyaranmadığı məsələsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. (Ailə Məcəlləsinin 15ci fəsli isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri ilə bağlı məsələləri tənzimləyir.) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qeyd olunan normaların tələblərindən göründüyü kimi iddiaçı Cavid Səlimovun mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün o, hüquq münasibəti yaranan zaman, yəni 2013-cü ildə mübahisəli evin mülkiyyətçisi-nənəsi Nədimə Səfərovanın ailə üzvü və ya digər qohumu olmalıdır ki, iddiaçı C.Səlimov mərhum N.Səforavanın ailə üzvü hesab olunmur. “Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi” adlanan Ailə Məcəlləsinin 89-cu maddəsinin tələbinə görə, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Hazırkı işdə qeyd olunan normanın dispozitiv şərtləri mövcud olmadığından, X5 Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərildiyi kimi “digər qohumları” ifadəsinin təsiri altına düşməyən şəxsdir. Məhkəmə, həmçinin onu da qeyd edir ki, iddiaçı C.Səlimov mübahisəli mənzilin hazırkı mülkiyyətçisinın-cavabdehin də ailə üzvü və ya digər qohumu hesab edilmədiyindən onun mübahisəli mənzilə istifadə hüququ tanına bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz həm də ona görə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 04 aprel 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunur ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin- müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İşin yuxarıda qeyd olunana halları ilə müəyyən edilmişdir ki, 09.12.2013-cü il təvəllüdlü C.Səlimovun qanuni nümayəndəsinin mübahisəli mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və iddiaçı anasının-qanuni nümayəndəsinin himayəsindədir və onunla birlikdə yaşayır. İddiaçı Cavid Səlimovun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması faktına dair isə məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat əmlak hüquqlarını yaratmır. Çünki qeydiyyatın məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmış və həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bununla da aydın olur ki, qeyd edilən normalara əsasən iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır, iddiaçının cavabdehə qarşı tələbi əsasızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı cavabdeh X7 qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-929/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-929/2021
03.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver