Məhkəmə qərarları › İş №2(039)-952/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-952/2024

04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-952/2024 04.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı X2, Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı sabit pul məbləğində alimentin artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Dürdanə Abdullayeva Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən alınan aliment məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 235 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 2559/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarıda olan 04 noyabr 2021-ci il tarixli nikah pozulmuş və birgə nikahdan olan 05 aprel 2022-ci il təvəllüdlü uşaqları X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb verilməsi qət edilmişdir. Himayəsində olan azyaşlı uşağı X4 böyüdükcə tələbatı artır, alimentin məbləği az olduğuna görə onu saxlamaqda çətinlik çəkir. Cavabdeh X6 işləyir, qazancı vardır. Lakin uşağı X1 üçün heç bir köməklik etmir. Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 2024-cü ildə 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşağı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş sabit pul məbləğində alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: İddiaçı Dürdanə Abdullayeva iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, hazırda xəstədir, heç yerdə işləmir, anasının vəsaiti hesabına dolanır. Bundan başqa başqa nikahdan da bir övladı var, onu da maddi cəhətdən təmin edir. Məhkəmə qərarı əsasında təyin edilmiş 140 manat sabit pul məbləğində alimenti belə ödəmək iqtidarında deyil, anası ödəyir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Yevlax Rayon Məhkəməsinin 2(039)-2559/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnamənin surəti ilə təsdiq olunur ki, iddia qismən təmin edilmiş, Cavabdeh 02 noyabr 2022-ci il tarixdən başlayaraq, 05 aprel 2022-ci il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat məbləğində alimentin iddiaçı Əliyeva (Abdullayeva) Dürdanə Oruc qızının xeyrinə tutulması qət edilmişdir. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladlarının diqqətəlayiq mənafeyi, onun yaşı artmaqla saxlanması üçün xərclərinin da artması, cavabdehin qazancının qeyri-müntəzəm, dəyişən olması, habelə 2024-cü il üçün uşaqlarla bağlı yaşayış minimumunun məbləğinin də artması nəzərə alınmaqla cavabdehdən tutulmalı olan alimentin müəyyən olunmuş miqdarı dəyişdirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Dürdanə Abdullayeva Cavabdeh hər ay bir uşağa 235 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olduğunu, sonuncunun başqa gəlirlərinin olduğunu qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, aliment məbləği 170 manat həddində müəyyən edilməlidir. Mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilməli olan dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(039)-2559/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 05 aprel 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Mediasiya üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh iddiaçı X2 xeyrinə tutulsun. Ödənilməli olan dövlət rüsumu 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar