Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-96/2020 21.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “xxxxxxxxxxx” QSC) cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2014-cü il tarixli 015R********** №li kredit razılaşması üçün 19.461,60 ABŞ dolları əsas, 11.266,30 ABŞ dolları faiz və 20.897,12 ABŞ dolları cərimə olmaqla, cəmi 51.625,02 ABŞ dolları borcun, 15KK000000095 №li kredit razılaşması üçün 1178,29 manat əsas, 73,10 manat faiz, 2124,68 manat cərimə olmaqla, cəmi 3376,07 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Yevlax rayonu Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsinə və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı 46.20 m2 yaşayış sahəsi, 39,93 m2 yardımçı, 86.13 m2 ümumi sahədən ibarət (Liter B-də 1 mərtəbəli, tikintialtı sahəsi 32.40 m2 olan mətbəx, Liter C-də 1 mərtəbəli, tikintialtı sahəsi 120 m2 olan tövlə, Liter D-də 1 mərtəbəli tikintialtı sahəsi 3.20 m2 olan ayaqyolu, Liter-2-də tikintialtı sahəsi 2.80 m2 olan hasar, Liter 3-də darvaza və Liter 4-də qapı daxil olmaqla fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılaraq, borcun ödənilməsi, həmin vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması; ev satıldıqdan 1 ay sonra cavabdehlərin həmin evdən istifadə hüquqlarının itirilməsi, onların həmin həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh borcunun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakları olmadan baxmışdır. Cavabdehlərdən Cavabdeh2 öldüyündən məhkəmənin eyni tarixli qərardadı ilə ona aid hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, mülki işin materialları (kredit xətti müqaviləsi, kredit razılaşması, əlavə sazişlər, ödəniş cədvəlləri, ipoteka müqaviləsi, zaminlik müqavilələri, çıxarış, ərizələr, arayış, ölüm haqqında şəhadətnamə) ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə 120 ay müddətinə 30 000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanmış, həmin kredit xətti müqaviləsinə əsasən tərəflər arasında xx.xx.2014-cü il tarixində kredit razılaşması bağlanmış, həmin razılaşmaya əsasən iddiaçı cavabdehə 36 ay müddətinə 1,8333 faizlə 20 000 ABŞ dolları kredit vermiş, xx.xx.2015, xx.xx.2015 tarixli sazişlərə əsasən kredit razılaşmasına dəyişikliklər edilmiş, həmçinin tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı cavabdehə 12 ay müddətinə 2,1667 faizə plastik kart vasitəsilə 1180 manat kredit vermiş, kredit xətti müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus yuxarıda qeyd edilən əmlak ipoteka ilə yüklü edilmiş, eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 xx.xx.2013-cü tarixdə iddiaçı ilə zaminlik müqavilələri bağlayaraq öhdəliklərin icrası ilə bağlı məsuliyyəti öz üzərlərinə götürmüş, Cavabdeh1 tərəfindən borcundan müəyyən məbləğlər ödənilsə də, öhdəliyi tam icra olunmamışdır. Məhkəmə tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən alınmış xx.xx.2020ci il tarixli mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olmuş fərdi yaşayış evinin real bazar dəyəri 22 000 manat təşkil edir. Məhkəmə tərəfindən Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli, 9/2118 saylı rəylə müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən 1178,29 manat əsas, 78,99 manat faiz, xx.xx.2014-cü il tarixində kredit razılaşmasına əsasən isə 19.461,60 ABŞ dolları əsas, 12 416,50 ABŞ dolları faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi hazırkı iş üzrə zaminlərdən Cavabdeh2 ölmüşdür. Digər cavabdeh-zamin Cavabdeh4la bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2018-ci il tarixli Qərarında göstərmişdir ki: “Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.” Tərəflər arasında bağlanmış yuxarıda istinad olunan kredit xətti müqaviləsində isə faiz dərəcəsi ümumiyyətlə göstərilməmişdir. Zaminlik müqaviləsində isə əsas öhdəlik kimi faiz dərəcəsi müəyyən edilməyən kredit xətti müqaviləsi göstərilmiş, kredit razılaşmaları isə zamin tərəfindən imzalanmamışdır. Bundan başqa, tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə, borclu kredit xətti müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra edənədək qüvvvədədir. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə öhdəliyin icrası vaxtı xx.xx.2018-ci il tarixdə, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə öhdəliyin icrası vaxtı isə xx.xx.2015ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh4 münasibətdə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən 19.461,60 ABŞ dolları əsas, 11.266,30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 1178,29 manat əsas, 73,10 manat faiz, 224 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən 19.461,60 ABŞ dolları əsas, 11.266,30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33 624,9 (otuz üç min altı yüz iyirmi dörd ABŞ dolları doqquz sent) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə), xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 1178,29 manat əsas, 73,10 manat faiz, 224 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536,39 (bir min beş yüz otuz altı manat, otuz doqquz qəpik) manat iddiaçı “xxxxxxxxxxx” QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-96/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-96/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver