Məhkəmə qərarları › İş №2(039)-974/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-974/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-974/2022 29.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC cavabdeh Bəhrəm Qurbanova qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1,009.25 manat əsas, 0.26 manat faiz borcu və 30.1 manat ödənilmiş dövlət rüsumunun, 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 30.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1 % ödəmək şərti ilə 1,058.20 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bank” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2 bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri ”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Bu müqavilənin 3.5.1 maddəsinə əsasən müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda bank borcun qaytarılmasa “Müştərin” dən tələb edə bilər.Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə borclunun 09 fevral 2022-ci il tarixə kredit müqaviləsi üzrə 1,009.25 AZN əsas, 0.26 AZN faiz borcu yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bəhrəm Qurbanova iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Sübutlar: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 30.07.2021-ci il tarixli 466rstBRD/10 saylı kredit müqaviləsinin surəti ilə müəyyən edilir ki, sonuncuya 60 ay müddətinə, illik 1% ödəmək şərti ilə 1,058.20 AZN məbləğində kredit limiti ayrılmışdır. Maliyyə arayışından müəyyən olunur ki, qeyd edilən müqavilə üzrə 1,009.25 AZN əsas,0,26 AZN faiz borcu yaranmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi nəticəsində iddia tələbində qeyd edilən borcun yaranması təsdiq olunur, bu, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərdən irəli gəlir və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Tələb edilən əsas və faiz borcunun düzgün hesablanmadığına dair sübutlar müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 30.07.2021-ci il tarixli 466rstBRD/10 saylı kredit müqaviləsi üzrə 1,009.25 manat əsas, 0.26 manat faiz borcu, habelə 0.40 manat xidmət haqqının və 30.1 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 1,040 (bir min qırx) manat 01 (bir) qəpik iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar